2018-ci ilədək Azərbaycanda elektrik enerjisi və qaz tariflərinin dəyişəcəyi gözlənilirmi?

6 İyun 2014 21:05
2014-2017-ci illərdə Azərbaycanda elektrik enerjisi və qaz tarifləri dəyişməz qalacaq. Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə cümə günü "Fitch Ratings" reytinq agentliyinin "Azərenerji" ASC-nin reytinq fəaliyyəti ilə bağlı məlumatında deyilir.

Bu proqnozlar enerji operatorunun özünün gözləntilərinə əsaslanır. Bundan başqa, "Fitch" "Azərenerji"nin dövlətlə hüquqi əlaqələrini güclü qiymətləndirir. Belə ki, dövlət şirkətin borcunun böyük hissəsi (2013-cü ilin sonuna toplanmış faizləri nəzərə almamaqla bütün borcun təqribən 89 faizi) üzrə zəmanət verməyə davam edir. "Fitch" hesab edir ki, bu göstərici 2014-2017-ci illərdə sabit qalacaq.

Məlumatda deyilir ki, ölkədə elektrik enerjisi tarifləri tez-tez dəyişmir və sonuncu belə dəyişiklik 2007-ci ildə olub. Yanacaq xərcləri şirkətin əməliyyat xərclərinin təqribən yarısını təşkil edir. 2013-cü ilin dekabrında qazın qiyməti 48 faiz artaraq 1 milyon kubmetrə görə 80 min manata çatıb. Halbuki elektrik enerjisi tarifləri dəyişməz qalıb".

"Fitch" "Azərenerji" üçün təbii qaz tariflərini dövlətin daha bir dəstəyi kimi qiymətləndirir.
Agentliyin analitiklərinin fikrincə, tariflərin "xərclər üstəgəl" prinsipi üzrə müəyyənləşdirilməsi mexanizmi enerji şirkətləri üçün ümumilikdə əlverişlidir, lakin bu modelin Azərbaycanda tətbiqi sosial siyasət düşüncəsi ilə əlaqədar xeyli dərəcədə məhdudlaşıb.

Milli.Az