Elmi dərəcəsi olan azərbaycanlı nazirlər kimlərdir? - SİYAHI

4 İyun 2014 15:44

Milli.Az modern.az saytına istinadən Azərbaycanda elmi dərəcəsi olan nazirlərin siyahısını təqdim edir

Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov akademikdir. 1996-cı ildə informatika sahəsində professor adını almış Ə.Abbasov bir neçə ildən sonra akademik pilləsinə də çata bilib. Qeyd edək ki, o, 1981-ci ildə elmlər namizədi, 1993-cü ildə isə elmlər doktoru dərəcələrinə sahiblənib.

Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov 1978-ci ildə Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib. 1983-1985-ci illərdə Moskva şəhərində elmi fəaliyyətlə məşğul olub. Müstəqillik illərində İndiana Universitetinin Dil Mərkəzində təhsil almaqla yanaşı, orada tədqiqatçı-professor vəzifəsində çalışıb. 1990-cı ildə keçmiş SSRİ Təhsil Nazirliyinin Kollegiyasının qərarı ilə professor elmi adını alıb.

Səhiyyə naziri Oqtay Şirəliyev isə namizədlik və doktorluq dissertasiyalarını Moskvada müdafiə edib.

Xarici işlər naziri Elmar Məmmədyarov 1977-1982-ci illərdə Kiyev Dövlət Universiteti, Beynəlxalq Münasibətlər və Beynəlxalq Hüquq bölməsində təhsil alıb. Xarici işlər naziri Elmar Məmmədyarov Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının tarix elmləri namizədidir.

Energetika naziri Natiq Əliyev hələ professor olmasa da, elmi fəaliyyətinə görə sayılıb-seçilənlərdəndir. Onun 100-dən artıq elmi işi, məqaləsi, kitabı dərc olunub. Beynəlxalq Şərq Neft Akademiyasının akademikidir. Nazir 2008-ci ildən iqtisad elmlər doktorudur. N.Əliyev həm də Beynəlxalq Mühəndislik Akademiyasının müxbir üzvidir.

İxtisasca iqtisadçı olan kənd təsərrüfatı naziri Heydər Əsədovun da elmi dərəcəsi var. H.Əsədov İqtisadiyyat İnstitutunu bitirib. Elə həmin təhsil ocağında da elmi fəaliyyətlə məşğul olub. 1983-1992-ci illərdə müəllim, baş müəllim vəzifələrində işləyib. 1987-ci ildə M.Lomonosov adına Moskva Dövlət Universitetində namizədlik dissertasiyasını müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsini alıb.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev 1992-ci ilin yanvar ayında "1918-1930-cu illərdə Azərbaycan mühacirətinin mədəniyyətşünaslıq aspektləri" mövzusunda dissertasiya müdafiə edərək fəlsəfə elmləri namizədi elmi dərəcəsi alıb.

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov da elmi dərəcəsi olan nazirlər cərgəsindədir. Azərbaycan Xalq Təsərrüfatı institutunun Uçot-iqtisad fakultəsini fərqlənmə diplomu ilə bitirib.

1983-1987-ci illərdə Moskva Dövlət Universitetinin məqsədli aspiranturasında təhsilini davam etdirib və 1987-ci ilin noyabrında namizədlik dissertasiyası müdafiə edərək İqtisad elmləri namizədi alimlik dərəcəsi alıb.

1988-ci ilin yanvarından 1995-ci ilin iyulunadək Azərbaycan Dövlət İqtisad İnstitutunda müəllim, baş müəllim, dekan müavini vəzifələrində çalışıb.

1992-ci ilin yanvarından 1995-ci ilin iyununadək Türkiyə Cumhuriyyətinin Mərmərə Universitetində elmi ezamiyyətdə və doktoranturada olub.

1995-ci ilin iyulundan 2000-ci ilin martınadək Azərbaycan Respublikası Maliyyə Nazirliyində idarə rəisi vəzifəsində çalışıb.

2000-ci ilin martında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Sədr müavini təyin edilib.

2002-ci ilin 17 dekabr tarixində Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Sədri vəzifəsinə təyin edilib.

2006-cı ilin fevral ayında doktorluq dissertasiyası müdafiə edərək iqtisad elmləri doktoru alimlik dərəcəsi alıb.

İqtisadi sahədə bir neçə qanunvericilik aktının hazırlanmasında yaxından iştirak edib. 4 kitabın və 50-dən artıq elmi məqalənin müəllifidir.

22 oktyabr 2013-cü ildə Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsinə təyin edilib.
İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev 2003-2005-ci illərdə Dövlət Neft Şirkətində mərkəzi mühasibatlığın baş mühasibi, İqtisadiyyat və Uçot İdarəsinin rəisi işləyib. Sonra Vergilər Nazirliyində çalışıb. Hazırda iqtisadiyyat elmləri namizədidir.

Baş nazirinin birinci müavini vəzifəsində çalışan Yaqub Eyyubov ixtisasca inşaat mühəndisidir. 1994-cü ildə Beynəlxalq Mühəndis Akademiyasının akademiki, texnika elmləri doktoru, professordur.

1997-ci ildən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov da elmi məhsuldarlığına görə seçilən məmurlardandır. Alimin kitabları indi də əlaqəli ixtisaslar üçün tədris vəsaitidir. Biologiya elmləri doktoru olan Q.Məmmədov 1978-ci ildə namizədlik dissertasiyası müdafiə edərək torpaqşünaslıq ixtisası üzrə kənd təsərrüfatı elmləri namizədi elmi dərəcəsi alıb. Sonra 1991-ci ildə Dnepropetrovsk Dövlət Universitetində doktorluq dissertasiyası müdafiə edərək ekologiya ixtisası üzrə biologiya elmləri doktoru elmi dərəcəsinə layiq görülüb. Q. Məmmədov həmin ixtisas üzrə professordur.

Milli.Az