Azərbaycanın xalq şairi: "Camaatın anası-bacısı var!"

4 İyun 2014 19:31

Milli.Az xalq şairi Fikrət Qocanın 1937.az-a müsahibəsini təqdim edir 

Diktofonu yandıran kimi Fikrət müəllim soruşur:
 

- Bu nədir?
 

- Diktofondur, şair. Səsinizi yazıram.
 

- Səsim var ki, yazasan? (acı təbəssüm)
 

- Ötən həftə sizə zəng etdim, xaricə səfərə hazırlaşdığınızı dediniz...
 

- Hə, Fransaya getmişdim. Prezident İlham Əliyev İlyas Əfəndiyevin 100 illik yubileyi ilə bağlı sərəncam vermişdi. Bu sərəncamın nəticəsi kimi də YUNESKO-nun təşkilatçılığı ilə Parisdə İlyas Əfəndiyevin 100 illik yubileyi qeyd olunurdu.
 

- Paris sağ idi?
 

- Paris dimdik ayaq üstə idi. Ancaq mən belə fikirləşirəm ki, insan yalnız öz vətənində şaddır, azaddır.
 

- Bəs Moskva?
 

- Moskvada da ömrümün bir hissəsi keçib. Ora da doğma şəhərdir. Universiteti orada oxumuşam.
 

- Nə üçün məhz Maksim Qorki adına İnstitutu seçdiniz?
 

- Bu çox qəribə, bir az da maraqlı bir hadisədir. O vaxt mən Ağdaşda Nizami adına orta məktəbdə oxuyurdum. Orta məktəbi orada bitirdim. Bura - Azərbaycan Dövlət Universitetinin ədəbiyyat fakültəsinə gələndə attestatı verdilər mənə ki, get oxu. Vaxt az olduğu üçün attestatımdakı qiymətlərə belə, baxa bilmədim, ancaq qiymətləri təqribən bilirdim. Gəlib attestatımı universitetə təqdim etdim. Bir də xəbər gəldi ki, mənim sənədlərim qaydasında deyil. Sənədlərimi qaytardılar özümə. Soruşdum ki, niyə qaytarırsınız? Dedilər ki, sənin attestatın saxtadır. Əvvəlcə, heç nə başa düşmədim. Sonra hər şey mənə aydın oldu. Demə, attestatıma qiymət yazanda mürəkkəb tapmayıblar, məcbur qalıb hər hansı bir məhlulla yazıblar. Sonra da yazı uçub gedib. Attestatda qara-qara ləkələr qalıb bircə. Nə imza görünür, nə də qiymətlər. Yenidən geriyə qayıdıb müəllimləri tapınca gecikdim. Buna görə də sənədlərimi aparıb verdim Dəmiryolu Texnikumuna. Yenidən evə qayıtmağa utanırdım. Yol tikintisi fakültəsinə qəbul oldum. Bundan sonra ədəbi fəaliyyətə başladım. Dərnəyə getdim. Sonradan şeirlərim "Kirpi" jurnalında çap olunmağa başladı. İl ərzində çap olunan şeirlərimə görə məni tanıdılar. Növbəti il də gəlib dedilər ki, Moskvada - Qorki adına Ədəbiyyat İnstitutunda oxumaq üçün tələbə seçirlər. Buna da ilk növbədə Yazıçılar Birliyinin göndərişi lazım idi. Burada da artıq mən tanınırdım. Mən də öz sənədlərimi verdim və qəbul oldum.

- Sizinlə birlikdə başqa hansı yazarlar orada təhsil alırdılar?
 

- Alla Axundova var idi. İndi çox məşhur şairədir. Rusca yazır, amma azərbaycanlıdır. Çox istedadlı xanımdır. Vasili Belov var idi. Rusiyanın dövlət mükafatı laureatıdır. Çox populyar yazıçıdır. O da bizimlə eyni qrupda oxuyurdu, sonradan keçdi nəsrə. Böyük yazıçı Oljas Süleymanov da bizimlə oxuyurdu. Ancaq o bizdən iki-üç kurs yuxarı idi. Ora ədəbiyyat məbədi idi. Nazim Hikmət, Çingiz Aytmatov kimi nəhəng şairlər, yazıçılar bizim qonağımız olurdu.
 

- Maksim Qorki adına Ədəbiyyat İnstitutu deyəndə ilk olaraq yadınıza hansı hadisə düşür?
 

- İlk olaraq hər hansı bir hadisə deyil, məhz cavanlıq düşür. Cavanlıq elə bir şeydir ki, siz hələ bunun qədrini bilmirsiniz. Çünki cavansınız, elə bilirsiniz ki, uşaqlıq və ya qocalıq daha yaxşıdır. Ancaq vaxt gələcək, biləcəksiniz ki, insan həyatının ən gözəl anı cavanlıqdır. Bir də saçın qaralmayacaq, bir də hisslərin, düşüncələrin vulkan kimi çıxmayacaq canından. Bir də bir qızı görəndə vurulub dəli kimi ora-bura qaçmayacaqsan, gecələr yuxusuz qalmayacaqsan sevgin üçün. O qızın pəncərəsindəki işığa baxmayacaqsan. Bunların qədrini bilin. Cavanlığı yaşamaq lazımdır.
 

- Elə kədərli danışırsınız ki, sanki orada yarım qalmış sevginiz olub...
 

- Olub... Onları danışmağa vaxt çatmaz, ömür yetməz. Gərək hamısını durna qatarı kimi bir-birinin ardınca sıralayasan. Ümumiyyətlə, sevgisiz insan miskin varlıqdır. Ataya, anaya, qardaşa, bacıya, dosta, qadına sevgi... Mən Moskvada olanda ailəm üçün, burada da olanda oradakı dostlarım üçün darıxırdım. Qorki universiteti qəribə, rəngarəng bir məbəd idi. Orada təhsil alanların hərəsi bir ölkənin övladı idi, hərəsindən bir ölkənin ətri gəlirdi. Hamı da bir-biri ilə mehriban dolanırdı. O qəribə bir həyat idi ki, biz sözün əsl mənasında onu yaşayırdıq. Hərə öz ölkəsi haqqında biraz danışırdı. Beləcə, biz sanki dünyanın bir çox ölkələrini gəzib gəlirdik. İraqlı bir tələbə yoldaşımız var idi, o, həmişə İraqdan söz açırdı. Sonralar bir dəfə İraqa səfər edəndə mənə elə gəldi ki, bu yerlərə nə vaxtsa gəlmişəm...
 

- Əkrəm Əylisli də sizinlə bir yerdə oxuyub...
 

- Hə, Əkrəmlə yaxın dost olmuşuq...
 

- Bəs onunla aranızda yaşanmış hər hansı bir xatirə varmı?
 

- Biz çox yaxın idik Əkrəmlə... Bilirsən, insanlar müxtəlif olurlar. Mənim üçün dostluqdan müqəddəs şey yoxdur. Bizim aramızdakı dostluğun pozulması məndən asılı olan səbəbdən deyil. Bunu onun özü də çox yaxşı bilir. İnstituta bir yerdə getmişik, bir yerdə bitirmişik. Ac olduğumuz vaxtlar da olub, tox olduğumuz vaxtlar da. İndi yadıma dumanlı şəkildə gəlir, amma çox maraqlı günlər yaşamışıq. Amma o biri köhnə dostlarım mənə hələ də əzizdir.

Dünyada ən müqəddəs şey varsa, bu, ailə sevgisidir, bəlkə, bundan da üstün olan dostluqdur. Mənim atam həkim idi. O, həmişə mənə deyirdi ki, oğul, biri ilə dostluq eləmək istəsən, ondan soruş gör, heç olmasa, onun uzun müddət dostluq etdiyi biri varmı? Əgər bir adam dostluq eləyə bilmirsə, demək, onun psixoloji cəhətdən bir əmması var. İnsan dostluqda daimi və qətiyyətli olmalıdır. Qətiyyətsiz adamı gec deyilkən tərk et ki, sonra itirəndə ağlamayasan. Hər şeyin yaxşısı da var, pisi də. Elə ədəbiyyatın da.

- Bəs "Daş yuxular" necə əsərdir?
 

- Çox pis! Mən hətta deyərdim ki, bu "Daş yuxular" deyil, "oğraş yuxular"dır. Əkrəm Əylisli nadanlıq etdi. Heydər Əliyev ona "İstiqlal" ordeninə kimi hər şey vermişdi. 60 yaşında "Şöhrət" ordeni verdi. O, bütün Azərbaycan xalqına qarşı nadanlıq etdi. Bu əsər kişi fikirləşən şeylər deyil, kişiliyə sığmır bunlar. Əkrəm ona çörək verən bir hakimiyyətə, xalqa xəyanət etdi. Ömrünün bu çağında, bu ağsaqqal vaxtında gərək belə bir addım atmayaydı. Qocalıq, onsuz da, məğlubiyyətdir.
 

- Yorulmusunuz, deyəsən... Qocalığın yaşadığı mehmanxana "Mədain xərabələri"dir?
 

- Təkcə qocalıq deyil, insanı çox şey sıxır. Elə bu qocalıq bir tərəfdən, yayın istisi bir tərəfdən, iş-güc bir tərəfdən... Yayda camaat istirahət etməyə yer axtarır, ancaq bizim üçün qızğın günlər başlayır. Ayın beşi Vaqif Səmədoğlunun 75 yaşı tamam olur, buna hazırlaşırıq. Elə həmin gün "Şairlər Günü"dür. Orada da iştirak edəcəyəm. Ayın 17-i Azərbaycan Yazıçılar Birliyinin qurultayıdır. 25 ölkədən 50-dən çox qonaq qatılacaq bu qurultaya. Bundan əlavə, 14 filialımız var, oradan da adamlar seçiləcək. Belə seçimlərdə də kimi seçsən, razıdır, seçilməyənlər də narazılıq edir.
 

- Sizin fikrinizcə, Sovet dönəmində ədəbiyyat daha uğurlu idi, yoxsa indi?
 

- Bilirsən, insanlar öz taleyi ilə doğulur. Mən Sovet dövründə yazdığım heç bir şeyin üstündən xətt çəkməmişəm. Bəzi əsərlərim olub ki, o vaxt senzuraya ilişib. Təklif ediblər ki, müəyyən yerlərini dəyişim, amma mən dəyişməmişəm. Müstəqillik dönəmində çox rahat şəkildə, məmnuniyyətlə çap elətdirmişəm. Mənim yazım heç vaxt itməyib, heç vaxt dəyişikliyə yol verməmişəm. Elə şeylərdən yazmışam ki, aktuallığını itirməsin. Məsələn, kərpic zavodundan yazsan, nə vaxtsa kərpic zavodu tikiləcək və sənin yazın öz aktuallığını itirəcək. Ona görə də elə mövzularda yazmaq lazımdır ki, aktuallığı gələcəkdə də davam etsin. Həmişə elə şeylərdən yazmışam ki, bu məsələlər azı üç-dörd əsr davam etsin. Elə şeylər var ki, bunlar insan təbiətində əbədidir.
 

- Əbədiyyət deyilən bir anlayış mövcuddurmu?
 

- Əlbəttə, mövcuddur... Acgözlük, nadanlıq, mənəm-mənəmlik, eqoistlik... Mən çalışmışam ki, insana güzgü tutum ki, o, özünü görə bilsin. Amma elə yazar var ki, Sovet vaxtı başqa bir şey yazırdı, indi müstəqillik dönəmində tamam başqa şey yazır. Yəni o, öz yazısının üstündən xətt çəkir. Əslində, o, yazısının üstündən xətt çəkmir, öz əqidəsinin üstündən xətt çəkir. Deməli, bu adamın keçmişi yoxdur, silinib. Azad olmaq vacib məsələdir. Hər insan azad olmayan ölkədə də azad ola bilər. Səni həbsxanaya salsalar da, orada özünü azad hiss etmək sənin öz əllərindədir. Dünyanın böyüklüyünü düşünsən, okeanlar üzərində gəmi ilə səyahətini xəyal etsən, azad ruhda olarsan. Onda sənə həbsxana da azadlıq kimi şirin olar. İnsanı azadlıqdan məhrum etmək mümkün deyil.
 

- Amma bəzən rejimə görə yazarlarda daxili senzura yaranır...
 

- Bunlar hamısı acizliyin bəhanəsidir. Deyirlər ki, məni qoymadılar yazmağa. Adama deyərlər, sən yazaydın, qoyardın bir kənara, lazım olan vaxt ortaya çıxarardın. Heç Nizami evdə oturub yazanda fikirləşmirdi ki, onun əsərləri müstəqillik dönəminə gəlib çatacaq. Hamısı bəhanədir. Kapitalizmin, sosializmin şairə təsiri və təzyiqi ola bilməz. Şair həmişə şairdir. Şair olmayan isə nə etsən də, şair ola bilməyəcək. İstəyirsən, lap qızıl teştin içinə qoy, yenə xeyri yoxdur.
 

- Qızıl ömür də gedir.. .79 necə rəqəmdir?
 

- Qocalıqdır... 79 yaş qocalmağın getdikcə rəsmiləşməsidir.
 

- Bəs bu 79 il ərzində nəyi həyata keçirmədiyinizə görə təəssüflənirsiniz?
 

- Mən düşündüyüm hər şeyi pis və ya yaxşı həyata keçirmişəm. Əgər həyata keçirə bilməmişəmsə, deməli, belə məsləhət imiş...
 

- Yenidən dünyaya gəlsəydiniz, yeni heç nə etməzdiniz?
 

- Bu məndən asılı olan bir şey deyil axı. Yenidən doğulsaydım da, yenə eyni taleyi yaşayardım, həmin yolları keçib, həmin şeirləri yazacaqdım. Mənə elə gəlir ki, 79 yaşa gözüyumulu gəlib çıxmışam. Bu mənada ki, mənim taleyim gətirib. Mən özüm qarşıma məqsəd qoymamışdım ki, bir gün gəlib oturacam burda, səninlə söhbət edəcəm. Heç təsəvvürümə də gətirməmişəm ki, gəlib Azərbaycan Yazıçılar Birliyində işləyə bilərəm.
 

- Heç xəyal qurmağı da xəyal etməmisiniz?
 

- Məni təkcə yazılarım, şeirlərim maraqlandırıb. Çalışmışam daim ortaya uğurlu mətn qoyum. Bəzən bacarmışam, bəzən bacarmamışam. Elə şeirlər var ki, 40 il bundan qabaq yazmışam, hələ də dillərdədir.
 

- Şeir demişkən, siz hansı şeirinizi şah əsəriniz hesab edirsiniz?
 

- Bilirsən, bu nəyə bənzəyir? Təsəvvür elə ki, sən evlisən, mən sənə sual verirəm ki, hansı uşağını daha çox sevirsən? Şairə bütün şeirləri öz övladı kimi eyni dərəcədə doğmadır.
 

- Şeirlərinizə yazılan mahnılar dillər əzbəridir. Musiqi böyük qüvvədir...
 

- Elədir. "Payız gəldi", "Gecə yaman uzundur", "Anacan, dostum evlənir", "Qaytar mənim eşqimi" kimi mahnıları hər gün eşidirəm, bunlar mənə ruh yüksəkliyi, yaşam həvəsi verir. Mənim şeirlərimə Rəşid Behbudov, Şövkət Ələkbərova, Flora Kərimova kimi sənətkarlar mahnı oxuyub.
 

- Gənc şou-biznes nümayəndələrimiz də oxuyurlar. Onlara münasibətiniz necədir?
 

- Hamısına hörmət edirəm. Hamısı bizim öz balalarımızdır. Səsləri də var, ancaq biraz təcrübə toplamalıdırlar, rəndələnməlidirlər.
 

- Qurultayda yeniliklər olacaqmı? Anar müəllimin yerinə kimi namizəd görürsünüz?
 

- Vallah, mən yalnız öz adımdan danışa bilərəm. Başqasının yeri ilə bağlı bir şey deyə bilmərəm. Söymək lazım olanda da özümü söyürəm, danlamaq lazım olanda özümü danlayıram. Dünyada ən çətin şey başqasına axıra qədər qulaq asmaqdır. Çünki hərə bir şey danışır. İnsanlar da müxtəlifdir. Bunun dəlixanası da var, akademiyası da var. Alimi də var, əyyaşı da. Bunların hamısı gəlir eyni adamın üstünə. Təsəvvür elə bir nəlbəkinin içinə ağır bir kərpici qoyursan, tab gətirmir. Burda oturmaq hamıya asan gəlir.
 

- Sizcə, bizim ədəbiyyatımızda nəzm irəlidədir, ya nəsr?
 

- Məncə, şeir həmişə irəlidə olub. Çünki şeir təkcə istedad tələb edir, nəsr isə həm istedad, həm müşahidə, həm də iradə tələb edir. Təbii ki, buna təcrübə də lazımdır.
 

- Siz şeirlərinizi rəy üçün kimə verirdiniz?
 

- Yazdığım şeirləri ilk olaraq rəhmətlik Bəxtiyar Vahabzadəyə təqdim edirdim. Rəsul Rza da oxuyurdu. Rəsul müəllimlə çox yaxın idik, söhbətlərimiz də maraqlı alınırdı həmişə. Onlar tarixdirlər, nəhəngdirlər. İndi görürsən ki, cavanlar Səməd Vurğunu inkar edir. Atasına, babasına pis deyən adam özü yaxşı ola bilməz. Çünki hamısı eyni kökdən gəlir. Bax, məsələn, sən şairsən, deməli, Nizami sənin ulu babandır. Çünki sən də, o da mənbəni bu torpaqdan götürüb.
 

- Bəs Nizami, ümumiyyətlə, ədəbiyyat öz nəvələrini tərbiyələndirə bilər? Yəni ədəbiyyatın tərbiyəvi xüsusiyyəti var?
 

- Özünü əxlaqi cəhətdən kamilləşdirmək istəyən adama heç bir qanun, heç bir maddə lazım deyil. O, bunlarsız da özünü tərbiyələndirə bilər. Məsələn, bir qurd yarpağı yeyir, bundan barama düzəldir, baramadan yenidən bir kəpənək çıxır. Sonra o həşəratın toxuduğu ipək sənin sevdiyin qadının yaylığına çevrilir. Beləcə, davam edir. Onda baxıb düşünürsən ki, deməli, o dünya var.
 

- Bəs açıq-saçıq ədəbiyyata münasibətiniz necədir? Məsələn, Əli Əkbərin romanları...
 

- Hər kəs öz əxlaqına görə hərəkət edir, yazır. Yazıçı düşünməlidir ki, camaatın anası-bacısı var. Bu əsəri evlərdə oxuyacaqlar. Adını çəkdiyin yazar öz əxlaqına uyğun adamları yetişdirir, biz də öz əxlaqımıza.
 

- Artıq 80-ə çatırsınız. Nədir yaşamaq?
 

- Yaşamaq ömrü toxumaqdır.

Milli.Az