Milli.Az ICTnews-a istinadən bildirir ki, Hindistanda istifadəçi bazasının artması dayanmasa, 2017-ci ilədək bu ölkə Facebook istifadəçilərinin sayına görə ABŞ-ı geridə qoyacaq. Həmçinin bildirilir ki, Hindistanda istifadəçi sayının artması gözlənildiyindən daha sürətli olub. Belə ki, 2010-cu ildə şirkət sosial şəbəkənin lokal versiyasını istifadəyə verib və ilk ildə şəbəkəyə 8 milyon nəfər qoşulub.
Facebook Asia Pacificin vitse-prezidenti Den Niri deyib ki, hazırda Hindistan bazarında əsas aparıcı qüvvə mobil texnologiyalardır. Bundan başqa, gənc nəsil rəqəmli texnologiyalara böyük maraq göstərir. O vurğulayıb ki, növbəti ildə ABŞ-da smartfonların sayı televizorların sayını üstələyəcəyi halda Hindistanda bu göstərici artıq keçilmiş hesab edilir. Bunun səbəblərindən biri isə tarixən burada televizorların sayının az olmasındadır.
D.Niri onu da vurğulayıb ki, Facebookda Hindistan reklamçılarından mobil reklam üçün sifarişlərin çoxalması müşahidə olunur. Şirkət Facebookla yanaşı, Instagram istifadəçilərinin sayında artımın olmasını qeyd edir.
Hesablamalara görə, hazırda hindistanlı Facebook istifadəçilərinin 84 faizi sosial şəbəkəyə mobil telefonlar vasitəsilə daxil olur.
Qeyd edək ki, bu yaxınlarda Twitter mikrobloqlar servisi də Hindistanda trafikin sürətlə artmasını bildirib.
Facebook nümayəndələri vurğulayırlar ki, hazırda ABŞ-da sosial şəbəkənin istifadəçi bazasının rüblük artımı 1 milyon nəfər təşkil edir ki, bu da Asiya-Sakit okean regionunun inkişaf dinamikasından xeyli aşağıdır. Həmçinin qeyd olunur ki, Facebookun ABŞ-da istifadəçi bazasının artım dinamikası 2012-ci ildən durmadan azalır.
Milli.Az