Səxavət Məmmədovun oğlu Bəxtiyar evləndi - VİDEO-FOTOSESSİYA
24 Noyabr 2010 00:28
Azərbaycan musiqisinin əsrarəngiz səsi, "Qarabağın bülbülü" mərhum Səxavət Məmmədovun ruhu şad olmuşdu bu axşam... Oğlu Bəxtiyar dünya evinə girdi. Ağ gəlinlikdə gözəl bir xanımı evinə, Səxavət ocağına gəlin gətirdi. Ailə quran bu gənci isə Azərbaycanda hamı yaxşı tanıyır - kiçik yaşlarından Azərbaycan Televiziyasında efirindən öz istedadı, qabiliyyəti ilə hamını heyran qoymuşdu. Azyaşlı bir oğlan - balaca Bəxtiyar öz səlis danışığı, aydın diksiyası, sərbəstliyi, hazırcavablığı ilə özündən xeyli böyük aparıcılara, diktorlara sanki nümunə olurdu...
Bu, həmin Bəxtiyardı. Səxavətin evindəki beşikdən özünün təməlini qoyduğu ailəsinə qədər, AzTV-dəki uşaq verilişindən Azərbaycanın Argentinadakı nümayəndəliyinə qədər... çox maraqlı bir həyat yolu keçir bu gənc. Məmmədov qardaşları fitri istedada, əsrarəngiz səsə sahib sənətkarlar olsalar da, Bəxtiyar Məmmədov bu sənəti seçməyib. O, ölkə hüdudlarından uzaqda - okeanın o tayında, Argentinadakı səfirliyimizdə çalışır. Gənc diplomatın ailə qurduğu Səkinə xanım da Bakı Dövlət Universitetində təhsil alarkən tələbə yoldaşı olub.
Bəxtiyarın gerçəkləşən toyu özündə milliliyi əks etdirən yüksək səviyyəli mərasim idi. Belə ki, bəylə gəlin "Vağzalı" sədaları altında məkana vaxtında buyuraraq, ilk öncə "Nikah haqqında Şəhadətnamə"ni qəbul etdilər və evlilik sənədlərini imzaladılar. Ardınca şərbət masasına yaxınlaşaraq, şərbətdən daddılar. Daha sonra milli geyimlərdə olan rəqqasələrin əhatəsində rəqs etdilər. Toy mərasimi dahi bəstəkar Üzeyir Hacıbəyovun "Üvertüra"sının səslənməsi ilə açıldı.
Firuz Səxavət: "Hamı Bəxtiyarı aparıcı kimi tanıyırdı, amma..."
Azərbaycanın xalq artisti, bədii qiraət ustası İlham Əsgərovun aparıcılığı ilə toy qonaqlara xoş əhval-ruhiyyə bəxş edirdi. Üstəlik ustad xanəndə Arif Babayevin ilk çıxışı hər kəsin zövqüncə idi.
Toy zamanı bəyin əmisi, Azərbaycanın xalq artisti Firuz Səxavət qardaşı oğlunu təbrik edərək, insan ruhuna xoş təsir edən "Segah" muğamını ifa etdi. Bundan əlavə, Bəxtiyarın uşaqlıq illərindən başlamış bugünkü yaşına qədər, həyat yoluna həsr olunmuş 5 dəqiqəlik videoçarx nümayiş olundu. Videoçarxda Bəxtiyarın uşaqlıq illəri, televiziyada aparıcısı olduğu verilişlər və "Yuxu" filmindəki Bədəl rolu da yer almışdı.
Xanəndə Firuz Səxavət qardaşı oğlu haqqında Milli.Az xəbər portalına danışaraq bildirdi ki, hamı Bəxtiyarı aparıcı kimi tanıydı. Amma Bəxtiyar ali məktəbi bitirdikdən sonra Azərbaycanda Xarici İşlər Nazirliyində çalışmağa başladı və bundan sonra da rəsmi dövlət işçisi olduğundan efirlərdə az-az göründü. Həmçinin, F.Səxavət Bəxtiyarın ailə qurmasına da toxunaraq, fikirlərini bizimlə bölüşdü: "Hər zaman Bəxtiyarın toyunu arzulamışıq və bu gündə hamımız onun ətrafına toplaşaraq, bəxtəvər gününü bir yerdə qeyd edirik. Bəxtiyar nişanlısının seçimini özü edib. Onlar universitetdə təhsil dönəmlərində tanış olublar. Ona görə də, bizə "Allah xeyirin versin! Allah xoşbəxt eləsin" demək düşür."
Toya gələn məşhurlar çoxdu
Qeyd edək ki, toy mərasimində bəyin hazırda çalışdığı Xarici İşlər Nazirliyindən iş yoldaşları, Fövqaladə Hallar Nazirliyindən olan dostları, tanınmış simalar və sənətkarlar - Arif Babayev, Cabir Abdullayev, meyxanaçı Vüqar, Ramiz Əzizbəyli, Allahverdi Yolçuyev, Xəyalə Manaflı və başqa sənətçilər iştirak edirdilər.