Bakıda ərəb şeyxinə dönmüş yoxsulun cinayəti - "Qaqaş" macərası
3 İyun 2014 13:08
Bakı yaxınlığında məşhur şirkətdə törədilən 1 milyonluq cinayətin şok təfərrüatları məlum olub. Aprelin 11-də Abşeron rayonu, Xırdalan şəhərində "Karat" MMC-nin ofisindən edilən oğurluqla bağlı Daxili İşlər Nazirliyi daha bir məlumat yayıb. Amma ilk olaraq cinayətin necə baş verməsindən başlayaq.
1500 manatlıq otel otağı, "qaqaş" nömrəsi...
Quba sakini olan 28 yaşlı Ramil İmaməliyev aprelin 11-də "Karat" şirkətini talan edib. Abşeron Rayon Polis Şöbəsindən Milli.Az öyrəndi ki, cəmi 11 ay əvvəl həbsdən çıxan Ramil ciddi mühafizə olunan şirkətə daxil olmaq üçün xeyli "əziyyət" çəkib. Şirkət binasının arxa tərəfindən sürünərək hasarına yaxınlaşıb və onu aşaraq həyətə keçib. Oradan şirkətin binasının damına dırmaşıb. Bıçaqla damın şiferinin birini çıxarıb və içəri düşüb. Seyfdə olan 1 milyon manat pulu çantaya yığıb. Otaqdakı solun üzərinə stulu qoyaraq elə içəri necə girmişdisə, elə də çıxaraq ərazini tərk edib. Taksiyə minərək üzərindəki pullarla Zaqatalaya gedib. Orada 10 günə yaxın dincəldikdən sonra Bakıya qayıdıb və 30 min manata "İnfiniti" markalı avtomobil, 10 - 200 dövlət nömrə nişanı alıb. Sonra pullarla sutkası 1500 manat olan bahalı otellərdə qızlarla əylənib.
Yarım milyonu "polislər" alıb
Lakin mayın 1-də isə bütün əyləncələri burnundan gəlib. Bir neçə nəfər ona yaxınlaşaraq özünü polis kimi təqdim edib və "KİA" markalı avtomobilə əyləşdirərək qaranlıq yerə aparıb, çantasında qalan 450 min manat pulu alaraq qaçıblar. İki dəfə məhkumluq həyatı yaşayan R.İmaməliyev tutulandan sonra bu haqda polisə məlumat verib. Polis isə saxta polislər - Kürdəmir rayon sakini Aqil Şəmiyev, Zamiq Xasıyev, Aqşin Məmmədov, Ruslan Əliyev və Beyləqan rayon sakini Röyal Qədirovu müəyyən edib. A.Şəmiyev, R.Qədirov və Z.Xasıyev tutulsalar da, onlardan biri Ukraynaya qaçaraq gizlənib. Polis tərəfindən tutulan Ramildən pulların 200-300 min manata qədəri toplanıb. Hazırda cinayətin gizlənən digər iştirakçıları axtarılır.
Anar Məmmədov
Milli.Az