Prezident İlham Əliyev: "Təhsil, müasir texnologiyalar, kosmik sənaye və digər sahələrə qoyulan sərmayə Azərbaycanı gələcəyə aparır" - YENİLƏNİB - FOTO

3 İyun 2014 18:19
12:12

Xəzər neft-qaz sərgisi ölkəmizin müasir həyatında çox önəmli rol oynayır. Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev XXI Azərbaycan Beynəlxalq Xəzər Neft və Qaz-2014 (Caspian Oil&Gas) sərgisinin açılışınbda çıxış edərkən bildirib.

Dövlət başçısı deyib: "Mən sizin hamınızı səmimiyyətlə salamlayıram. Bu gün Xəzər neft-qaz sərgisinin açılışı münasibətilə bütün Azərbaycan xalqını təbrik edirəm, çünki bu sərgi ölkəmizin müasir həyatında çox önəmli rol oynayır. Əslində bu sərgi müstəqil Azərbaycana dünyanın diqqətini cəlb edən birinci, ən önəmli addım olmuşdur. Bu sərgi 21-ci dəfədir ki, keçirilir, sərgiyə maraq azalmır, artır və bu gün 400-dən artıq şirkət təmsil olunur. Onlardan bəziləri ilk dəfə iştirak edirlər, bəziləri isə bizim ənənəvi tərəfdaşlarımızdır. İldən-ilə sərgidə iştirak edən şirkətlərin sayı artmaqdadır və bu, çox gözəl hadisədir, çox önəmli əlamətdir, çünki Azərbaycanın neft-qaz sektoru öz imkanlarını genişləndirir və ildən-ilə öz fəaliyyətimizi biz genişləndiririk".

Dövlət başçısı bildirib ki, qarşıda duran vəzifələr icra edilir, yeni vəzifələr ortaya çıxır: "Biz çalışacağıq ki, eyni qətiyyətlə, eyni səmərə ilə bütün vəzifələri icra edək. Əlbəttə ki, sərginin önəmini artıran amil ondan ibarətdir ki, ənənəvi olaraq Amerika Birləşmiş Ştatları və Böyük Britaniyanın Prezidenti və Baş naziri sərgiyə öz təbriklərini göndərirlər. Bu, sərginin önəmini böyük dərəcədə artırır, çünki dünyanın iki aparıcı dövlətinin dövlət və hökumət başçıları öz diqqətlərini sərgiyə əsirgəmirlər və hesab edirəm ki, dünya miqyasında bizim sərgimiz öz unikal rolunu saxlamaqdadır".

Prezident İlham Əliyev onu da qeyd edib ki, Azərbaycan son illər ərzində əldə edilmiş uğurları tərəfdaşları ilə birgə qazanıb, çünki 1994-cü ildə Azərbaycan haqqında dünyada təsəvvür o qədər də geniş deyildi: "Azərbaycan gənc müstəqil dövlət idi və müstəqilliyimizin ilk illəri ölkəmiz üçün, xalqımız üçün çox ağır keçmişdir. Vətəndaş müharibəsi, daxili qarşıdurmalar, Ermənistanın Azərbaycana qarşı işğalçı siyasəti, iqtisadi tənəzzül, bütün bunlar bizim hamımızın yadındadır. Və 1993-cü il əslində müstəqil və gənc Azərbaycan dövlətinin inkişafında bir dönüş ili kimi yadda qalacaqdır. Çünki o ildən başlayaraq Azərbaycan uğurlu inkişaf yoluna qədər qoymuşdur, ulu öndər Heydər Əliyevin apardığı islahatlar bütün sahələri əhatə etmişdir, o cümlədən Azərbaycanın neft strategiyası məhz o illərdə müəyyən edilmişdir və bu günə qədər uğurla icra edilir".

Prezident İlham Əliyev deyib ki, 1994-cü ildə sərginin 1-ci tədbiri, əlbəttə ki, dünyanın neft-qaz şirkətlərinin Azərbaycanın iqtisadiyyatına diqqətini artırıb və bu diqqət bu günə qədər qüvvədədir. Son 20 il ərzində Azərbaycan neft-qaz sənayesinin inkişafı üçün və dünya enerji təhlükəsizliyinə verdiyi töhfələrə görə, əlbəttə ki, diqqət mərkəzindədir.
Dövlət başçısı xatırladıb ki, 1994-cü ildə ilk sərgi keçirilib və ondan bir neçə ay sonra Azərbaycanın bugünkü uğurlu inkişafını böyük dərəcədə müəyyən edən "Əsrin müqaviləsi" imzalanıb.

İlham Əliyev qeyd edib ki, bu, tarixi hadisə idi, çünki bu gün təsəvvür etmək çətindir ki, əgər "Əsrin müqaviləsi" imzalanmasaydı, Azərbaycanın pulu yox idi, iqtisadiyyat dağılmış vəziyyətdə idi, sənaye inkişafından söhbət gedə bilməzdi və bizim müstəqil dövlət kimi inkişaf yolumuz yalnız xarici sərmayələrin cəlb edilməsindən asılı idi: "Mən bu gün o vaxt bizə inanan, bizimlə işləmək arzularını ifadə edən bütün şirkətlərə, bütün investorlara öz minnətdarlığımı bildirmək istəyirəm ki, onlar bizə inandılar, Azərbaycanın sabit, uğurlu gələcəyinə inandılar, bizim yanımızda oldular və bizimlə bərabər bugünkü reallıqları təmin etmişlər".

Azərbaycan Prezidenti BP şirkətinin fəaliyyətini xüsusilə qeyd edib və bildirib ki, BP Azərbaycanın ən böyük investoru və tərəfdaşıdır: "20 ildir ki, bu tərəfdaşlıq uğurla davam edir və bu gün birlikdə həyata keçirdiyimiz layihələr deməyə əsas verir ki, ən azı 20 il, bəlkə ondan da çox bundan sonra da BP-SOCAR əməkdaşlığı, partnyorluğu Azərbaycanın və bölgənin neft-qaz sektorunun inkişafını müəyyən edəcək. Mən çox şadam ki, bizim BP kimi tərəfdaşımız var və biz birlikdə bütün layihələrdə çiyin-çiyinə iştirak edirik və bütün əsas iqtisadi və texniki riskləri də öz üzərimizə götürürük".

Dövlət başçısı deyib ki, 1994-cü ildə Azərbaycan yeni siyasətə qədəm qoydu və o ildən başlayaraq bu günə qədər ölkə neft-qaz sektorunda böyük uğurlara imza atıb: "Deyə bilərəm ki, dünya tarixində bəlkə də ən qısa müddət ərzində kontrakt imzalanandan sonra ilk neftin çıxarılmasına qədər cəmi 3 il vaxt keçmişdir. Bu da dünya miqyasında rekord göstəricidir. 1997-ci ildə "Çıraq" platformasından ilk neft çıxarılmışdır və mən o günü yaxşı xatırlayıram. O gün doğrudan da, bir bayram günü idi. Bəlkə də çoxları o vaxt anlamırdı ki, bu, nəyə gətirib çıxaracaq. Ancaq bugünkü reallıq, bugünkü Azərbaycanın uğurlu inkişafı məhz o ildən, o gündən başlamışdır. Ondan sonra ardıcıl olaraq Azərbaycan öz neft və sonra qaz potensialını dünya bazarına təqdim etməyə başlamışdır".

Prezident İlham Əliyev qeyd edib ki, Bakı-Novorossiysk neft kəməri təmir edildi, Bakı-Supsa neft kəməri tikildi ki, ilk dəfə olaraq Xəzər dənizi Qara dəniz ilə neft kəməri vasitəsilə birləşdi: "Ondan sonra Bakı-Tbilisi-Ceyhan neft kəməri tikilmişdir. Bu da tarixi hadisə idi, çünki bu gün əgər o kəmər olmasaydı, Azərbaycan öz neft və ondan sonra qaz potensialını dünya bazarlarına çatdıra bilməzdi. Və dəhliz yaradıldı. Beləliklə, Xəzər dənizi-Qara dəniz-Aralıq dənizi əməkdaşlıq formatı formalaşmışdır və Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən Bakı-Tbilisi-Ceyhan bu gün uğurla fəaliyyət göstərir və başqa ölkələrə də xidmət göstərir. Dəhliz formalaşandan sonra, əlbəttə ki, Azərbaycan öz tranzit rolunu oynamağa başlamışdır və bu gün biz qeyd edə bilərik ki, artıq Azərbaycan öz coğrafi vəziyyətindən və logistika imkanlarından tam şəkildə istifadə edir. Azərbaycan Xəzər sahilinin şərq hissəsində yerləşən istehsalçılara da öz xidmətlərini göstərir və Azərbaycan üzərindən keçən neft və neft məhsullarının həcmi ildən-ilə artmaqdadır".

Dövlət başçısının sözlərinə görə, Azərbaycan etibarlı tranzit ölkəsidir: "Hesab edirəm ki, son 20 il ərzində neft-qaz sənayesində qazandığımız ən böyük uğurlardan biri də ondan ibarətdir ki, biz etibarlı tərəfdaşıq, bizim sözümüz imzamız qədər dəyərlidir və biz verdiyimiz sözə həmişə sadiq qalmışıq. Beləliklə, Azərbaycan neft-qaz sənayesinə qoyulan sərmayə, yaradılmış gözəl investisiya iqlimi, xarici investorların sərmayələrinin qorunması, güclü siyasi iradə və qurulan gözəl beynəlxalq əməkdaşlıq bugünkü reallıqları mümkün etmişdir".

Azərbaycan Prezidenti vurğulayıb ki, bu gün imkanlarımız nəinki ölkə daxilində məsələlərin həlli üçün, eyni zamanda, regionda və geniş mənada bölgədə neft-qaz siyasətinin müəyyən edilməsində də öz rolunu oynayır: "Azərbaycan getdikcə öz imkanlarını, əlbəttə ki, genişləndirəcəkdir. Hesab edirəm ki, bizim neft siyasətimizin önəmli əlaməti ondan ibarətdir ki, biz həmişə çalışırıq ki, istehsalçıların, tranzit ölkələrin və istehlakçıların maraqlarını bir-biri ilə bağlayaq ki, burada heç bir ziddiyyət olmasın, burada hər tərəf ancaq fayda götürsün və hesab edirəm ki, buna biz nail ola bilmişik. Digər əlamət ondan ibarətdir ki, biz öz neft və qaz imkanlarımızdan hansısa başqa məqsədlər üçün heç vaxt istifadə etməmişik və sadəcə olaraq öz resurslarımızı dünya bazarlarına və regional bazarlara çıxarmaqla əməkdaşlığı dərinləşdirmişik və bu gün gözəl bir əməkdaşlıq mühiti var və getdikcə bu əməkdaşlıq mühitinin coğrafiyası da genişlənir. Çünki növbəti illərdə biz yeni tərəfdaşlarla uzunmüddətli əməkdaşlığa başlayacağıq".

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan dünyada neft ölkəsi kimi tanınır: "Bildiyiniz kimi, dünyada ilk neft Azərbaycanda hasil edilmişdir və dəniz yataqlarından da ilk neft məhz Azərbaycanda "Neft Daşları"nda çıxarılmışdır. Bu gün Azərbaycanın neft ölkəsi kimi şöhrəti tam şəkildə bərpa edilib və əvvəlki illərdən daha da çox özünü biruzə verir".

--------
12:00


Azərbaycanın iqtisadi vəziyyətinin əsas təməli 1994-cü ildə qoyulub. Bunu unutmamalı və yadda saxlamalıyıq. Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev XXI Azərbaycan Beynəlxalq Xəzər Neft və Qaz-2014 (Caspian Oil&Gas) sərgisinin açılışında çıxış edərkən bildirib.

Dövlət başçısı deyib ki, bizim bütün uğurlarımızın başlanğıcı məhz 1994-cü ildə "Əsrin müqaviləsi"nin imzalanmasından sonra və bu sərginin təşkil edilməsindən sonra başlayıb: "Biz isə bu vəziyyətdən çox böyük səmərə ilə istifadə etdik. Biz neft kapitalını insan kapitalına çevirdik. Azərbaycan tərəfindən qoyulan investisiyalar ölkəmizin ümumi inkişafını təmin edir. Təhsilə, müasir texnologiyalara, kosmik sənayeyə, digər sahələrə qoyulan sərmayə ölkəmizi gələcəyə aparır. Bizim maliyyə vəziyyətimiz çox sabitdir".

Prezident İlham Əliyev qeyd edib ki, iqtisadi islahatlar baxımından Azərbaycan son illər ərzində uğurlu yol keçib: "Bizim xarici borcumuz ümumi daxili məhsulun 8%-ni təşkil edir. İşsizlik 5% səviyyəsindədir. Valyuta ehtiyatlarımız ümumi daxili məhsulun 70%-ni təşkil edir. Ölkəmizin rəqabətqabiliyyətliliyi artır. Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına görə, rəqabətqabiliyyətliliyinə görə Azərbaycan iqtisadiyyatı dünyada 39-cu yerdədir. Bütün bunlara biz islahatların aparılması ilə nail ola bilmişik. Ancaq əgər neft faktoru olmasaydı, bizim zəngin yataqlarımız, resurslarımız olmasaydı və onlardan səmərəli şəkildə istifadə etməsəydik, buna nail olmaq üçün çox vaxt lazım olacaqdı".

Dövlət başçısının sözlərinə görə, ona görə də biz keçmişə böyük hörmətlə yanaşırıq, dostlarımızın, tərəfdaşlarımızın, həm xarici neft şirkətlərinin, həm bu sərgini təşkil edənlərin fəaliyyətini yüksək qiymətləndiririk: "Bu, bizim ümumi uğurumuza gətirib çıxardı və bunun nəticəsidir ki, bu gün sərgidə 400-dən artıq şirkət iştirak edir. Mən əminəm ki, növbəti sərgidə biz yeni uğurlardan danışacağıq, çünki keçən il biz sərgidə görüşəndə hələ "Şahdəniz 2" üzrə son investisiya qərarı qəbul edilməmişdi. Yəni bu, son 7-8 ay ərzində baş vermişdir. Əminəm ki, gələn ilin iyun ayında biz yeni uğurlar haqqında danışacağıq. Sərgiyə böyük uğurlar arzulayıram, bütün qonaqlara bordə xoşgəlmisiniz deyirəm".

---------
11:57


Milli.Az AzərTAc-a istinadən bildirir ki, iyunun 3-də Bakı Sərgi Mərkəzində XXI Beynəlxalq Xəzər neft və qaz sərgisinin açılışı olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.

Sərgini Böyük Britaniyanın "İTE Group Plc" şirkətinin baş məsləhətçisi Endryu Vud açdı.
Dövlətimizin başçısı açılış mərasimində nitq söylədi.

ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar Prezident Barak Obamanın, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı Xarici İşlər Nazirliyinin Azərbaycandakı ticarət nümayəndəsi Çarlz Hendri Baş nazir Devid Kemeronun, Norveç Krallığının neft və enerji nazirinin müavini Kare Fostervold Baş nazir xanım Erna Solberqin, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Malena Mard qurumun enerji məsələləri üzrə komissarı Günter Ottingerin təbrik məktublarını oxudular.

Sonra bp şirkətinin baş icraçı direktoru Robert Dadli çıxış etdi.

Daha sonra Prezident İlham Əliyev sərginin pavilyonları ilə tanış oldu.

Məlumat verildi ki, bu il sərgidə dünyanın 29 ölkəsindən 402 şirkət iştirak edir. Sərgi meydançasının 70 faizdən çoxu dünyaca məşhur şirkətlər tərəfindən tutulmuşdur və onların arasında "Əsrin müqaviləsi"nin bilavasitə iştirakçıları vardır.

Qeyd edildi ki, dördgünlük sərginin işgüzar proqramı da zəngin olacaqdır. Sərgi çərçivəsində neft-qaz sənayesi nümayəndələrinin geniş auditoriyası üçün aktual seminarlar, şirkətlərin təqdimatları təşkil olunacaqdır.

Dövlətimizin başçısı sərginin Fəxri qonaqlar kitabını imzaladı.

---------
11:34
 
"Bu gün Azərbaycan dünyada daha çox qaz hasil edən ölkə kimi tanınır və bu gün təbii qaz ölkələrin enerji təhlükəsizliyini təmin edən əsas amildir. Hər bir ölkənin enerji təhlükəsizliyi bu gün bilavasitə ölkələrin milli təhlükəsizliyi ilə bağlıdır. Bu iki faktoru bir-birindən ayırmaq mümkün deyil".

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev XXI Azərbaycan Beynəlxalq Xəzər Neft və Qaz-2014 (Caspian Oil&Gas) sərgisinin açılışında çıxış edərkən bildirib.

Dövlət başçısı deyib ki, 1996-cı ildə "Əsrin müqaviləsi"nin imzalanmasından cəmi 2 il sonra "Şahdəniz" qaz yatağının işlənməsi ilə bağlı imzalanan kontrakt bu gün xüsusi məna daşıyır: "O illərdə də biz bilirdik ki, Azərbaycanın zəngin qaz yataqları vardır və məhz "Şahdəniz" qaz yatağının işlənməsi bunu təsdiq etdi. "Şahdəniz" qaz yatağı dünyanın ən böyük qaz yataqlarından biridir və bizim qaz potensialımızın ən azı 50%-ni təşkil edir. O, özlüyündə böyük yataqdır, ancaq bizim digər böyük qaz yataqlarımız da var".

Azərbaycan Prezidenti xatırladıb ki, son illərdə uğurlu kəşfiyyat işləri nəticəsində "Ümid" və "Abşeron" qaz yataqları aşkarlanıb. "Şahdəniz", "Ümid", "Abşeron" və qaz yataqlarında olan ehtiyatlarımız ən azı 2,5 trilyon kubmetrə bərabərdir. Bu da həm Azərbaycanın, həm də Avropanın uzun müddət ərzində enerji təhlükəsizliyinin təmin edilməsi üçün öz rolunu oynayacaq: "Şadam ki, bu istiqamətdə də çox vacib addımlar atılmışdır. 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəməri istifadəyə verilmişdir. Artıq 7 ildir ki, Azərbaycan öz qazını dünya bazarlarına, daha doğrusu, regional bazarlara çıxarır. Bizim neft-qaz kəmərlərimizin çoxşaxəli vəziyyətdə fəaliyyət göstərməsi bu sahədə diversifikasiyanı tam təmin edir. Çünki bizim 7 neft-qaz kəmərimiz var ki, bu da bütün istiqamətlər üzrə bizim resurslarımızı nəql edir".

Dövlət başçısı vurğulayıb ki, əlbəttə, Azərbaycan yeni bazarlara çıxmalıdır, çünki ölkədə olan böyük qaz potensialı ancaq regional bazarla məhdudlaşa bilməz: "Bizim üçün böyük bazarlar lazımdır və o bazarlarda da Azərbaycan qazına tələbat var. Biz son illər ərzində bu məsələlər üzərində çox ciddi işləmişik. Cənub qaz dəhlizinin bu gün reallaşması böyük dərəcədə "Şahdəniz" yatağının işlənməsindən asılıdır".

İlham Əliyevin sözlərinə görə, sevindirici hal ondan ibarətdir ki, "Şahdəniz" qaz yatağının işlənməsi ilə bağlı bütün məsələlər öz həllini tapıb. "Şahdəniz 2" layihəsinə start verilib. O vaxta qədər TANAP layihəsi imzalanıb: "Beləliklə bizim qarşımızda heç bir maneə yoxdur. Ancaq biz yaxşı xatırlayırıq ki, uzun illər ərzində Azərbaycan qazını Avropaya nəql etmək üçün danışıqlar gedirdi, söhbətlər aparılırdı, müxtəlif konfranslar, simpoziumlar təşkil edilirdi. Ancaq əfsuslar olsun ki, onların real nəticələri olmamışdır və sadəcə ildən-ilə müşahidə olunan müzakirələr, bəyanatlar vardı, amma ortalıqda bir şey yox idi. Biz isə istəyirdik ki, bu layihə reallaşsın. Çünki bizim bütün həyata keçirdiyimiz layihələr vaxtlı-vaxtında və hətta vaxtından tez reallaşıb. Ona görə də biz heç vaxt imkan verə bilməzdik ki, Cənub Qaz layihəsi gözəl bir layihə kimi, ideya kimi qalsın. Ona görə də həlledici anlarda bütün məsuliyyəti öz üzərimizə götürmüşdük və yeni layihənın icrası ilə bağlı təkliflərimizi də vermişik. Bu layihəyə özümüz ad da vermişik: TANAP - Trans Anadolu Qaz kəməri və bu layihənin reallaşması üçün biz çox böyük səylər göstərmişik".

Azərbaycan Prezidenti qeyd edib ki, nəticə etibarilə 2012-ci ildə Azərbaycan və Türkiyə arasında müqavilə bağlandı və bu gün TANAP layihəsi artıq reallıqdır: "TANAP layihəsinin həyata keçirilməsi üçün artıq praktiki işlər başlanmışdır. Bu layihəyə diqqət artmaqdadır. Mən çox şadam ki, bizim tərəfdaşımız BP şirkəti də TANAP-ın səhmlərinə sahib olubdur. Beləliklə, bu böyük beynəlxalq layihə "Cənub Qaz Dəhlizi"nin reallaşmasına öz həlledici təsirini göstərəcəkdir. Əlbəttə ki, biz fikirləşə bilərdik ki, TANAP layihəsinin icrası ilə bağlı biz bütün məsələləri həll eləmişik, neft hasilatı sabitdir, ixrac imkanları genişdir, qaz bazarına da çıxmışıq. Ancaq biz çalışırıq ki, maksimum dərəcədə beynəlxalq əməkdaşlığı genişləndirək və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi üçün öz dəstəyimizi verək. Bu məqsədlə keçən il Trans Adriatik qaz kəmərinin reallaşması üçün bütün məsələlər öz həllini tapdı. Beləliklə Bakıdan Avropaya, İtaliyaya qədər yeni böyük qaz kəməri tikiləcəkdir".

Dövlət başçısı bildirib ki, TAP layihəsi də əməkdaşlığın yeni formatına gətirib çıxarır: "Burada, əlbəttə ki, bütün ölkələr arasında çox ciddi koordinasiya işləri aparılmalıdır. Çünki bu günə qədər biz bütün layihələri əsasən 3 ölkə arasında həll eləmişik: Azərbaycan, Gürcüstan, Türkiyə. Bu gün isə bir neçə Avropa ölkəsi bizim layihələrimizə qoşulub və əlbəttə ki, bu ölkələr arasındakı qarşılıqlı inam, koordinasiya və birgə fəaliyyət bu layihələrin uğurlu reallaşmasına gətirib çıxaracaqdır. Əminəm ki, belə də olacaq. Çünki bizim böyük təcrübəmiz var. Artıq bir neçə kəmər tikilibdir və ümid edirəm ki, beynəlxalq əməkdaşlıq nəticəsində vaxtlı-vaxtında bu layihə də öz həllini tapacaq və beləliklə, Avropa üçün yeni qaz mənbəyi təmin ediləcəkdir".

İlham Əliyev onu da qeyd edib ki, TANAP və TAP layihələri Avropaya yeni mənbədən qazı gətirəcək. Bu, sadəcə olaraq yeni marşrut deyil. Bu, həm yeni marşrutdur və yeni mənbədir: "Bu layihənin xüsusiyyəti məhz ondan ibarətdir. Əlbəttə ki, layihənin həcmi də çox böyükdür. İlkin hesablamalara görə, 45 milyard dollar vəsait nəzərdə tutulub. Azərbaycan da öz maliyyə imkanlarını ortaya qoyub. Hər halda TANAP layihəsində səhmlərin böyük hissəsi Azərbaycana məxsusdur, yəni biz ən böyük investoruq. TAP layihəsində, "Şahdəniz"də biz iştirak edirik".

Dövlət başçısı deyib ki, bununla Azərbaycan həm siyasi iradəni ortaya qoyur, öz düşünülmüş neft strategiyasını həyata keçirir, eyni zamanda, öz maliyyə resurslarını da təmin edir: "Maliyyə resurslarının mənbəyi də yenə də neft sənayesi olmuşdur. Burada cənab Rud qeyd etdiyi kimi, bizim ən böyük uğurlarımızdan biri ondan ibarətdir ki, əldə edilmiş gəlirlər xalqın rifah halının yaxşılaşmasına, infrastruktur layihələrinin icrasına və ölkəmizin inkişafına yönəldilmişdir. Bizim vəsaitimiz ildən-ilə artır və şəffaflıq bizim üçün ən böyük prioritetdir. Əgər şəffaflıq təmin edilməsə idi, biz bu qədər vəsaiti yığa bilməzdik. Bu neft-qaz sektorunda şəffaflıq və hasilat sənayesində şəffaflıq layihələrində Azərbaycanın iştirakı bizə imkan verir ki, biz böyük maliyyə resurslarına sahib olmuşuq və onlardan səmərəli şəkildə istifadə edirik. Həm ölkə daxilində həllini gözləyən layihələrə, insanların sosial rifahının yaxşılaşmasına və qlobal layihələrə, "Şahdəniz 2", TANAP, TAP kimi layihələrə öz vəsaitimizi təmin edirik".

Prezident İlham Əliyev bildirib ki, bu layihələr Azərbaycanın gücünü daha da artıracaq. Çünki bu gün Azərbaycan, əlbəttə ki, sürətlə inkişaf edən ölkədir: "Ancaq "Şahdəniz 2" layihəsi bundan sonra uzunmüddətli, dayanıqlı inkişafımızı təmin edəcəkdir. Milyardlarla dollar investisiya qoyulacaqdır. Yüzlərlə, bəlkə də minlərlə yeni Azərbaycan şirkəti kontrakt alacaq, podratçı kimi çalışacaq. Bu, öz növbəsində on minlərlə yeni iş yerlərinin açılmasına gətirib çıxaracaq və ölkəmizin qeyri-neft sektoru inkişaf edəcək. Çünki tikinti, quraşdırma, infrastruktur layihələrində qeyri-neft sektorunun inkişafı təmin ediləcəkdir. Bizim də əsas məqsədimiz bundan ibarətdir ki, biz qeyri-neft sektorumuzu inkişaf etdirək və son illərin nəticələri bunu göstərir. Hər il Azərbaycanın qeyri-neft sektoru 9-10% artır və beləliklə ölkə iqtisadiyyatının şaxələndirilməsi təmin edilir".

---------
11:06

Milli.Az AzərTAc-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev XXI Beynəlxalq "Xəzər neft, qaz, neftayırma və neft kimyası" sərgisi və konfransının iştirakçılarına təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

"Hörmətli sərgi və konfrans iştirakçıları!

Sizi XXI Beynəlxalq "Xəzər neft, qaz, neftayırma və neft kimyası" sərgisi və konfransının açılışı münasibətilə səmimi qəlbdən salamlayıram.

Artıq geniş miqyasda nüfuz qazanan ənənəvi tədbiriniz təşkil olunduğu ilk vaxtlardan etibarən Azərbaycanın neft-qaz sənayesinin başlıca istiqamətlərinin və strateji prinsiplərinin çatdırılması üçün gözəl şərait yaratmışdır. Builki sərgi və konfransın əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən hazırlanıb müvəffəqiyyətlə həyata keçirilən yeni neft strategiyasının təməl daşı "Əsrin müqaviləsi"nin 20-ci ildönümünə təsadüf etməsi əlamətdar hadisə kimi onun əhəmiyyətini daha da artırır.

Dünyanın ən iri şirkətləri ilə 1994-cü ildə imzalanmış sazişlərlə başlayan inkişaf yolu bu gün Azərbaycanı Avrasiyanın enerji təhlükəsizliyi üzrə etibarlı tərəfdaşına çevirmişdir. Ötən müddət ərzində ölkəmiz neft siyasətində davamlı və yüksələn xətt üzrə inkişaf nümayiş etdirərək, qlobal transmilli layihələrin istər təşəbbüskarı, istərsə də icraçısı rolunu layiqincə gerçəkləşdirmişdir. "Şahdəniz" layihəsinin işlənməsinin ikinci mərhələsi, Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi, TANAP və TAP layihələri respublikamızın mövqeyini və qlobal tərəfdaşlığını möhkəmləndirən uğurlu addımlardır.

Azərbaycan son illər müxtəlif ölkələrdə neft-qaz sənayesinə irihəcmli investisiyalar yatıraraq dünya enerji bazarındakı nüfuzunu gücləndirməkdədir. Bakıda yeni neft-qaz və neftayırma kompleksinin yaradılması layihəsi də region üçün böyük məna kəsb edir.

Bu ilin ölkəmizdə "Sənaye İli" elan edilməsi ənənəvi neft sənayesi ilə yanaşı, sənayenin qeyri-neft sahələrinin də inkişafına yeni təkan verəcəkdir. İndi Azərbaycanda neft gəlirləri ilə qeyri-neft sektorunun canlandırılması siyasəti ardıcıl icra olunmaqdadır.

İnanıram ki, sərgi və konfransınız həm qlobal, həm regional səviyyələrdə əməkdaşlığın bundan sonra da dərinləşdirilməsinə zəmin yaradacaq, dünyada neft-qaz sahəsindəki proseslərə töhfəsini verməklə mühüm görüş yeri olduğunu bir daha sübuta yetirəcəkdir. Hamınıza gələcək fəaliyyətinizdə nailiyyətlər, ölkələrinizə sülh və əmin-amanlıq arzulayıram".

----------
10:07
 

Xəzər neft-qaz sərgisi ölkəmizin müasir həyatında çox önəmli rol oynayır. Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev XXI Azərbaycan Beynəlxalq Xəzər Neft və Qaz-2014 (Caspian Oil&Gas) sərgisinin açılışınbda çıxış edərkən bildirib.

---------
09:24

Bakı Sərgi Mərkəzində Xəzəryanı regionun energetika sektorunun ən böyük tədbiri sayılan XXI Azərbaycan Beynəlxalq Xəzər Neft və Qaz- 2014 (Caspian Oil&Gas) sərgi və konfransı öz işinə başlayıb.

Trend-in məlumatına görə, Prezident İlham Əliyev sərginin açılış mərasimində iştirak edir.

Bu il sərgidə dünyanın 29 ölkəsindən 400-dən artıq şirkət iştirak edir. Sərgi neft və qazın hasilatı və emalı, eləcə də nəqletmə və logistika da daxil olmaqla, servis xidmətləri sahəsində qabaqcıl texnologiyaları nümayiş etdirmək üçün neft sənayesinin aparıcı mütəxəssislərini və liderlərini bir araya gətirir. Sərgi sahəsinin 70 faizindən çoxu dünyanın məşhur şirkətləri tərəfindən tutulub. Onların arasında "Əsrin müqaviləsi"ndə yer alan şirkətlərlə yanaşı, sərgi və konfransın daimi iştirakçıları da var.

Ümumilikdə isə iştirakçıların 21 faizini təşkil edən və əvvəllər heç vaxt Azərbaycan bazarına çıxmayan yeni şirkətlərin də sərgidə iştirakı ona marağın artdığını bir daha təsdiqləyir.
İşgüzar proqramın mühüm tərkib hissələrindən biri də Beynəlxalq Xəzər Neft və Qaz-2014 konfransıdır. Konfrans iyunun 4-5-də təşkil olunacaqdır. Hər il keçirilən bu konfransda dünyanın 30-dan çox ölkəsindən 500-dək nümayəndə iştirak edəcəkdir.

Milli.Az

----------
18:19

Böyütmək üçün şəkillərə klikləyin.