03.06.2014
20:41
Milli.Az AzərTAc-a istinadən bildirir ki, İtaliyada səfərdə olan Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva iyunun 3-də Roma şəhərinin meri İqnatsio Marino ilə görüşmüşdür.
Azərbaycan ilə İtaliya arasında əlaqələrin yüksək səviyyədə olduğunu deyən Roma şəhərinin meri bu əməkdaşlıqdan məmnunluğunu dilə gətirmişdir. İqnatsio Marino dövlətlərimiz arasında humanitar, iqtisadi, siyasi, energetika və digər sahələrdə geniş əlaqələrin olduğunu bildirmiş, münasibətlərimizin bundan sonra da genişlənəcəyinə əminliyini ifadə etmişdir.
Roma şəhərinin meri Azərbaycanın qədim və zəngin mədəniyyətə malik bir ölkə olduğunu vurğulamış, mədəniyyətimizin təbliği istiqamətində Heydər Əliyev Fondu tərəfindən görülən işləri yüksək qiymətləndirmişdir. O, Romanın Kapitolini Muzeyinin "Filosoflar zalı"nda Heydər Əliyev Fondunun dəstəyi ilə təmir işlərinin aparılmasına görə Azərbaycanın birinci xanımına minnətdarlığını bildirmişdir.
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva keçirilən görüşün əhəmiyyətini vurğulayaraq, Fond tərəfindən Vatikanda görülən işlərdən danışmışdır. Romada Nizami Gəncəvinin abidəsinin ucaldılmasına görə bir daha bu şəhərin merinə minnətdarlığını bildirən Azərbaycanın birinci xanımı Mehriban Əliyeva İqnatsio Marinonu ölkəmizə səfərə dəvət etmişdir. Roma şəhərinin meri dəvəti məmnunluqla qəbul etmişdir.
Görüşdə gələcəkdə də ölkələrimiz arasında əlaqələrin genişlənməsinə dair fikir mübadiləsi aparılmışdır.
Sonra Mehriban Əliyevaya Romanın mərkəzi küçələrindən biri olan Alezandrina küçəsində başlanılan arxeoloji qazıntılar barədə məlumat verilmişdir. Roma şəhərinin meri bu layihəni ölkəmiz ilə birgə həyata keçirmək arzusunda olduğunu söyləmişdir. Mehriban Əliyeva Heydər Əliyev Fondunun İtaliya ilə elm, mədəniyyət və digər sahələrdə birgə layihələr həyata keçirməkdə hər zaman maraqlı olduğunu bildirmişdir.
Sonda qarşılıqlı hədiyyələr təqdim olunmuşdur.
Milli.Az AzərTAc-a istinadən bildirir ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Vatikana səfəri çərçivəsində iyunun 3-də Piyo-Klementino muzeyi ilə tanış olmuşdur.
Birinci xanım Mehriban Əliyevaya məlumat verildi ki, burada antik və intibah dövrünə aid dəyərli heykəltəraşlıq nümunələri qorunur. Belveder sarayında yerləşən bu muzey Vatikan muzeylər kompleksinə daxildir və eksponatlarının sayına, tarixi əhəmiyyətinə görə ümumbəşəri zənginliyi ilə seçilir. Əsas məqsədi qədim yunan və Roma incəsənət əsərlərinin qorunması olan muzeyin yaradılmasında Roma papaları XIV Kliment və VI Piya mühüm rol oynamışlar.
Diqqətə çatdırıldı ki, muzey daxili həyət, heyvanlar zalı, heykəllər qalereyası, Rotonda zalı, yunan xaçı zalı, büstlər qalereyası və digər bölmələrdən ibarətdir. Muzeyin daxili həyətində Papa II Yulinin dövrünə aid antik heykəllər sərgilənir. 1775-ci ildə Roma papası VI Piyanın göstərişi ilə həyətdə bərpa işləri aparılmışdır. Muzeydəki qiymətli eksponatlar arasında eradan əvvəl I əsrə aid edilən "Lakun və oğulları", "Belveder Apollonu", "Hermes" və digər abidələr dünya əhəmiyyətli tarixi əsərlər hesab edilir. Bərpasında məşhur heykəltəraş və rəssamların iştirak etdikləri bir çox əsərlərin qorunduğu muzeydəki heyvanlar zalında 150-yə yaxın müxtəlif heyvanın antik abidəsi vardır. Zənginliyinə görə dünyada analoqu olmayan zalın eksponatlarının bir hissəsi Yunanıstan və Romadakı qədim əsərlərin surətidir. Heykəllər qalereyası da zənginliyi ilə diqqət çəkir. Burada əvvəllər Roma Papası VIII İnnokentinin yay pavilyonu yerləşmişdir. Qalereyada qədim Roma heykəlləri, həmçinin antik yunan heykəllərinin surətləri sərgilənir. Muzeyin büstlər qalereyasında orta əsrlər intibah dövrünə aid 100-dən artıq qədim əsər toplanmışdır.
Vatikan muzeylər kompleksinin əsası XVI əsrin sonunda Papa II Yuli tərəfindən qoyulmuşdur. Burada qədim dövrlərin izlərini yaşadan önəmli sənət əsərləri nümayiş olunur. Kompleksdə 54 qalereya mövcuddur. 2006-cı ildə muzeylərin 500 illik yubileyi böyük təntənə ilə qeyd olunmuşdur. "Pinakoteka Vatikana" incəsənət qalereyasında məşhur rəssamların əsərləri saxlanılır. Müasir dini incəsənət kolleksiyasının yerləşdiyi bölmədə də mühüm rəsm əsərləri və heykəllər nümayiş olunur. "Kiyaramonte" muzeyi müxtəlif daş kitabələrin, heykəllərin nümayiş olunduğu və bu növ heykəltəraşlıq nümunələrinin sayına görə ən böyük kolleksiyaya malik muzeydir. "Qreqoriano Etrusko" muzeyi səkkiz qalereyadan ibarətdir. Burada müxtəlif vazalar, bürünc əşyalar nümayiş olunur. Vatikan tarix muzeyində isə XVI əsrdən bu günədək Roma papası olmuş şəxslərin nadir portretləri, onlara aid müxtəlif əşyalar nümayiş etdirilir. Burada müxtəlif topoqrafik xəritələrin saxlandığı qalereya da yerləşir.
Sonra Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın və Vatikan şəhərinin qubernatorluğunun baş katibi, arxiyepiskop Fernando Verqes Alzaqanın görüşü olmuşdur.
Görüşdə Vatikan muzeyinə göstərdiyi marağa görə Mehriban Əliyevaya təşəkkür edən Fernando Verqes Alzaqa Heydər Əliyev Fondu ilə Vatikan muzeyi arasındakı əməkdaşlığın uğurlu olacağına əminliyini ifadə etmişdir.
Vatikan muzeyində qorunan sənət əsərlərinin hər birinin ümumbəşəri dəyərə malik olduğunu bildirən Azərbaycanın birinci xanımı demişdir ki, rəhbərlik etdiyi Fond Azərbaycan ilə yanaşı, dünyanın bir çox ölkələrində bəşəri əhəmiyyət daşıyan sənət nümunələrinin qorunmasında yaxından iştirak edir.
Daha sonra Heydər Əliyev Fondu tərəfindən Vatikan Muzeyində Zevsin heykəlinin bərpasına, o cümlədən "Sistina" zalında yenidənqurma işlərinin aparılmasına dair iki saziş imzalanmışdır.
Sonda xatirə şəkli çəkdirildi.
Azərbaycanın birinci xanımına məlumat verildi ki, mavzoleyi imperator Konstantin anası imperatriçə Yelenanın şərəfinə inşa etdirmişdir. Burada çoxlu maraqlı eksponatlar sərgilənir. Mavzoleydəki katakombalarda aparılan qazıntılar zamanı o dövrə, eləcə də müqəddəs Yelenaya aid qədim əşyalar tapılmışdır və onlar indi də qorunub saxlanır. Buradakı əsərlər tarixi baxımdan mühüm əhəmiyyət kəsb edir.
Sonra Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa edilən Roma katakombaları ilə tanış olan Mehriban Əliyevaya bildirildi ki, qədim xristian abidələri sırasında tarixi və memarlıq baxımından xüsusi yer tutan Müqəddəs Marçellinio və Pietro katakombaları hələ ki, tam tədqiq edilməmişdir. Roma şəhərinin ətrafında yerləşən 60-a yaxın katakomba arasında məhz bu katakombalar xristian aləmi üçün ən mühüm abidələrdən hesab edilir. Aparılan bərpa işləri Roma bədii irsinin ən gözəl nümunələri olan katakombaların əhəmiyyətini daha da artırır. Bu layihənin icrası xristian aləminin müqəddəs abidələrinə müsəlman dünyasının töhfəsi kimi də qiymətləndirilir. Belə ki, müsəlman ölkəsində fəaliyyət göstərən Heydər Əliyev Fondunun xristian aləminin incəsənəti və mənəvi dəyərlərinə verdiyi bu töhfə Roma tarixində ilk hadisədir və bu da ölkəmizin dinlər və mədəniyyətlər arasında oynadığı tarixi roldan qaynaqlanır.
Xatırladaq ki, Müqəddəs Roma katakombalarının bərpası Heydər Əliyev Fondu ilə Müqəddəs Taxt-Tac arasında 2012-ci ildə imzalanmış ikitərəfli sazişə əsasən həyata keçirilir. İtaliya mətbuatı və ictimaiyyəti tərəfindən Fondun bu addımı dinlər və mədəniyyətlərarası dialoqun inkişafına verilən ən önəmli töhfələrdən biri kimi qiymətləndirilir.
Azərbaycan ilə Vatikan arasında ikitərəfli əlaqələrin yüksələn xətlə inkişaf etdiyini məmnunluqla qeyd edən Mehriban Əliyeva bu əməkdaşlığın mədəni irsin qorunması sahəsində daha da genişləndiyini vurğulamışdır. Heydər Əliyev Fondu tərəfindən Azərbaycan ilə yanaşı, dünyanın bir sıra ölkələrində həyata keçirilən mühüm layihələr barədə Roma Papasına məlumat verən Azərbaycanın birinci xanımı qurumun bir çox istiqamətlərdə, o cümlədən sosial və humanitar sahələrdə mühüm işlər gördüyünü diqqətə çatdırmışdır.
Azərbaycanın birinci xanımı Ermənistanın ölkəmizə hərbi təcavüzü nəticəsində qaçqın və məcburi köçkün düşmüş soydaşlarımızın sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən də danışmışdır.
2002-ci ildə Roma Papası II İohann Pavelin Azərbaycana tarixi səfərini xatırladan Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva bu səfərin iki dövlət arasında mövcud əməkdaşlığa töhfə verdiyini bildirmiş və Roma Papası Fransiski də Azərbaycana səfərə dəvət etmişdir.
Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın dəvətini məmnunluqla qəbul edən Roma Papası Fransisk Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti ilə bağlı məlumatlı olduğunu qeyd etmişdir. O, Fond tərəfindən həyata keçirilən layihələrdə qurumun rəhbəri Mehriban Əliyevanın şəxsi təşəbbüsü və rolunu xüsusi vurğulayaraq, bu münasibətlə Azərbaycanın birinci xanımını təbrik etmişdir.
Vatikanın Azərbaycan ilə ikitərəfli əlaqələri inkişaf etdirməkdə maraqlı olduğunu bildirən Roma Papası Fransisk bu istiqamətdə Mehriban Əliyevanın fəaliyyətini xüsusi vurğulamışdır. Görüşdə Heydər Əliyev Fondunun dəstəyi ilə Müqəddəs Roma katakombalarının bərpası yüksək qiymətləndirilmişdir.
Azərbaycanın birinci xanımı bu cür layihələrin bundan sonra da davam etdiriləcəyini diqqətə çatdırmış, müvafiq istiqamətdə həyata keçirilən tədbirlərin digər sahələrə də şamil edilməsinə çalışacağını vurğulamışdır.
Sonda qarşılıqlı hədiyyələr təqdim edilmişdir.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin
----------------
03.06.2014
20:41
Azərbaycanın birinci xanımı Vatikana səfəri çərçivəsində Piyo-Klementino muzeyi ilə tanış olmuşdur
Heydər Əliyev Fondu tərəfindən Vatikan Muzeyində Zevsin heykəlinin bərpasına, o cümlədən "Sistina" zalında yenidənqurma işlərinin aparılmasına dair iki saziş imzalanmışdır
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Roma şəhərinin meri İqnatsio Marino ilə görüşmüşdür
---------
01:10
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa edilən Roma katakombaları ilə tanış olmuşdur
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Roma Papasının Müqəddəs Arxeologiya üzrə Şurasının sədri ilə görüşmüşdür
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Vatikan Apostol Kitabxanası ilə tanış olmuşdur
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Roma Papası Fransisk ilə görüşmüşdür
Foto: AzərTAc