Araz çayında çirklənmə səviyyəsi yüksəkdir
23 Noyabr 2010 20:31
Milli.Az xəbər portalı ETSN-in internet saytına istinadən xəbər verir ki noyabrın II ongünlüyündə Kür çayında suyun sərfi noyabr ayının I ongünlüyünə nisbətən 75 m3/san azalaraq 113 m3/san təşkil edib. Monitorinqin nəticələrinə əsasən, Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa Kür çayı və onun qollarına axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olub. Suyun tərkibində olan spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini (YVQH) bir neçə dəfə keçib. Şıxlı-2 məntəqəsində suyun əsas çirkləndiricilərindən fenol və mis birləşmələri 4, Ağstafaçay məntəqəsində fenollar 4, mis birləşmələri 3, Ağstafaçay su anbarında isə fenollar 4, mis birləşmələri 2 dəfə YVQH-ni keçib.
Araz çayında aparılan monitorinqlərin nəticələri isə suda yüksək çirklənmənin olduğunu göstərib. Belə ki, Ermənistan ərazisindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət, sənaye və dağ mədən müəssisələrinin çirkab sularının təsiri nəticəsində noyabr ayının II ongünlüyünün əvvəllərində mis birləşmələrinin konsentrasiyası normadan 3-4 dəfə çox olduğu halda, 16 noyabr tarixindən başlayaraq bu miqdarın 11-13 dəfəyə qədər yüksəldiyi müşahidə olunub. Bu müddət ərzində Araz çayında suyun sərfi orta illik sərfdən fərqli olaraq 17,2 m3/san təşkil edib.
Horadiz və Bəhramtəpə məntəqələrində suyun əsas çirkləndiricilərindən olan fenollar 2, mis birləşmələri 13, I Şahsevən məntəqəsində fenollar 2, mis birləşmələri 11 dəfə YVQH-ni keçib. Əvvəlki monitorinqlərin nəticələrindən fərqli olaraq noyabr ayının II ongünlüyündə Araz çayında mis birləşmələrinin yüksək konsentrasiyası qeydə alınıb.
Vəziyyətlə bağlı Nazirliyin Beyləqan Analitik Tədqiqatlar Laboratoriyası noyabrın 16-dan başlayaraq bu müşahidələrin sayını gündə 3 dəfəyə qədər artıraraq çirklənmənin vəziyyətini izləyib.
Əslində erməni tərəfi bütün çaylarda olduğu kimi, Araz çayında, onun Ermənistandan və işğal altında olan ərazilərdən axan qollarında heç bir ekoloji normalara riayət etməyib, əksinə, şüurlu surətdə onları fövqəladə dərəcədə çirklənməyə məruz qoymuşdur ki, bütün bunlarda da məqsəd Azərbaycana, onun təbiətinə və əhalisinə mümkün qədər çox ziyan vurmaq olub. Lakin bu, hər gün müşahidə etdiyimiz ifrat çirklənmədən də dəfələrlə çox olan çirklənməni görünür, Qacaran mis mədənlərinin zəhərli tullantılarının Oxçuçaya bütövlükdə boşaldılması ilə izah etmək olar. Ermənilər öz mətbuatlarında noyabr ayının ortalarında Qacaran mis kombinatında baş vermiş qəza barədə yazırlar. Lakin belə hadisələrin mütəmadi baş verməsi məqsədli fəaliyyət barədə düşünməyə əsas verir.
Noyabrın 18-22-də aparılmış monitorinqlərin nəticələri isə çirklənmənin əvvəlki günlərə nisbətən bir qədər azaldığını göstərib. Əvvəlki aylarda və illərdə qeydə alınmış analoji hadisələr barədə ictimaiyyətə məlumat verilib.
Hazırda Kür və Araz çaylarında çirklənmə vəziyyətinə nəzarət davam etdirilir.
Milli.Az