İran Azərbaycanla sərhəddə yeni azad ticarət zonasının yaradılmasını planlaşdırır
1 İyun 2014 16:43
İranın Azərbaycanla sərhəd şəhərləri, o cümlədən Səreyn, Meşginşəhr, Sarab, Nir və Hil şəhərlərinin iqtisadi potensialından geniş istifadə olunmaq məqsədi ilə "Savalan" azad ticari-turizm zonasının yaradılmasını planlaşdırırıq. Bunu Meşginşəhr şəhərinin başçısı İbrahim İmami bu gün Azərbaycanlı jurnalistlərlə görüşündə deyib.
Trend-in məlumatına görə, İ.İmami deyib ki, Savalan dağının ətəyində yerləşən Meşginşəhr şəhəri geniş turizm potensialına malikdir. "Savalan dağı və onun ətəyində yerləşən yaylaqlar, qışlaqlar, yer altından çıxan isti sular, sərin bulaqlar, meyvə bağları, tarixi abidələr, qalalar, mağaralar bu bölgənin turizm potensialalrındandır", - deyə İmami bildirib.
O deyib ki, Savalan Azad ticari - turizm zonasının yaradılması məsələsi hazırda araşdırılır və yaxın zamanlarda
bu zonanın yaradılması üçün işlərə başlanılacaq.
İ.İmami azərbaycanlı investorları Meşginşəhər şəhərində sərmayə qoymağa dəvət edib. "Azərbaycanlı investorlar Meşginşəhrin turizm sahəsində sərmayə yatırmaq istəsələr biz onlarla hər cür əməkdaşlıq etməyə hazırıq", - deyə İmami bildirib.
Onun sözlərinə görə, Meşginşəhr şəhəri və onun ətrafında 800 tarixi abidə mövcuddur və bu abidələrin tarixi miladdan öncə, islam dövrü, Sasanilər dövrü və Səfəvilər dövründən qalmış abidələrdir.
İ.İmami Meşginşəhrdə sərmayə yatırmaq üçün kənd təsərrüfatı sahəsində də böyük potensiala malik olduğunu vurğulayıb və deyib ki, Ərdəbil əyalətin ən böyük bağları bu şəhərdədir. "Hər il 14 min hektar meyvə bağlarından 320 min tondan çox meyvə istehsal olunur. Hazırda 127 min hektar ərazidə əkinçilik işləri aparılır", - deyə İmami bildirib.
O, kənd təsərrüfatı ilə yanaşı, maldarlıq və balıqçılıq sahəsində də sərmayə yatırmaq üçün geniş potensialın olduğunu və Azərbaycandan investorlar bu bölgədə sərmayə yatırarsa onlara güzəştlərin olunacağını vurğuladı.
İ.İmami deyib ki, hazırda Meşginşəhrdə polad və mis istehsalı zavodlarının tikilməsinə başlanılıb. "Meşginşəhr mis, polad, dəmir və sement istehsalı üçün mədənlərə sahibdir və bu sahədə də Azərbaycanlı investorlar sərmayə yatıra bilər və biz onlara güzəştlər etməyə hazırıq", - deyə İmami bildirib.
İ.İmami deyib ki, İran və Azərbaycanın iki dost və qardaş ölkədir, müştərək tarixə və mədəniyyətə malikdir. "azərbaycanlı iş adamlarının bu bölgədə sərmayə yatırması və iki ölkə arasında gediş-gəlişin artırılması hər iki ölkədə sərhədyanı rayonların inkişafına təkan verəcək", - İmami qeyd edib.
O deyib ki, hazırda Azərbaycandan bir nəfər Meşginşəhrdə 25 hektar yer alaraq orada istixanalar quraşdırıb. "Həmin investor həmdə Biləsuvar - Təbriz maqistral yolunda Meşginşəhər şəhəri yaxınlığında restoran və qonaq evi tikmək niyyətindədir".
O, əlavə edib ki, Azərbaycanlı investordan başqa, hazırda Rumuniya, Türkiyə və İtaliyadan da bir neçə sərmayəçi Meşginşəhrdə turizm və digər sahələrdə investisiya yatırıblar.
Milli.Az