Bakıda nazirin maşınının qarşısını kəsdilər

26 May 2014 13:24

Bu gün səhər saat 08.07-də paytaxtda qəribə yol hərəkəti pozuntusu baş verib

Milli.Az avtosfer.az-a istinadən xəbər verir ki, Teleteatr binasının yaxınlığında daxili işlər naziri Ramil Usubovun olduğu avtomobilin qarşısını 10 AS 999 dövlət nömrə nişanlı avtomobil kəsib. Daxili işlər naziri Ramil Usubovun olduğu 10 AA 010 dövlət nömrə nişanlı avtomobil və onu müşayiət edən "Lexus" markalı maşın karvanının qarşısında DYP maşını da olub. DYP maşını səs siqnalından istifadə edərək yolun əks istiqaməti ilə nazirin kortejini müşayiət edərkən gözlənilməz olay baş verib.

Şəhidlər xiyabanı istiqamətində hərəkət edən 10 AS 999 dövlət nömrə nişanlı, "Hyundai Sonata" markalı avtomobil qəflətən sola dönərək Teymur Elçin küçəsi istiqamətində, yəni üzü Gülüstan sarayına tərəf hərəkət etməyə çalışıb. Çox maraqlıdır ki, bu zaman Teleteatrın qarşısında başqa bir DYP maşını və iki nəfər yol polisi əməkdaşı olub. Yol polislərini saya salmadan, üstəlik, sağ tərəfdən, yəni, Şəhidlər xiyabanı tərəfdən sayrışan işıqlarla və xüsusi səs siqnalları ilə hərəkət edən kortejin yaxınlaşmasına heç bir əhəmiyyət verməyən "Hyundai"ın sürücüsü qəza şəraiti yaradaraq nazirin kortejinin qarşısına çıxıb. Yol polisi əməkdaşları həmin avtomobilin qarşısını kəsdikdən sonra kortej hərəkəti davam etdirib. Yol polisləri isə 10 AS 999 dövlət nömrə nişanlı avtomobilin sürücüsünü dərhal saxlayaraq inzibati protokol tərtib ediblər.

Avtosfer.az saytının apardığı araşdırmalar zamanı məlum olub ki, daxili işlər nazirinin yolunu kəsən 10 AS 999 dövlət nömrə nişanlı "Hyundai" Milli Təhlükəsizlik Nazirliyinə məxsusdur.

Milli.Az