Mətbəx sirləri: Yalançı tənək dolması - VİDEO

25 May 2014 07:00
Milli.Az Gunay təxəllüslü oxucusunun istəyilə yalançı tənək dolmasının hazırlanma qaydasını təqdim edir



Tərkibi:

təzə tənək yarpağı
200 q yumru düyü
100 q quyruq
1-2 baş soğan
1 dəstə təzə nanə
1 dəstə şüyüd
1 dəstə keşniş
1 dəstə göy soğan
kəvər (istəyə görə)
1 diş sarımsaq (istəyə görə)
duz
istiot
sarıkök (istəyə görə)
2 x.q. kərə yağı
0,5 st. qaynar su

Bir iri, yaxud iki ortaboy baş soğanı xırda doğrayın. Göyərtiləri yuyub xırda doğrayın. Quyruğu ət maşınından keçirin. Sarımsağı əzin.
 
Düyüyə yarım stəkan qaynar su, quyruq, kərə yağı (bitki yağı da olar), doğranmış soğan və göyərti, duz, istiot, sarıkök əlavə edib qarışdırın.

Təzə yarpağı qaynar suda yuyun, rəngi dəyişəndə aşsüzənə düzün. Sonra yumru, yaxud uzunsov formalı dolmalar bükün. Qazana sırayla düzün. Üzərinə çıxanadək soyuq su tökün. Suyunu çəkənədək bişirin.

Türk üsulu yalançı yarpaq dolması

Türklər yalançı yarpaq dolmasını bir neçə cür bişirirlər.

Cəfərili dolma



Tərkibi:

50 q yarpaq
2 su st. düyü
2 orta boy soğan
0,5 dəstə cəfəri
0,5 dəstə şüyüd
0,5 dəstə nanə
5 x.q. zeytun yağı
duz
istiot

Düyünün üstünə qaynar su tökün. 1 saat sonra süzüb yuyun. Soğanı xırdalayın. Tavaya tökün, üzərinə çıxanadək su tökün, taxta qaşıqla qarışdırıb suyunu çəkənədək vam odda bişirin.
Cəfəri, şüyüd, nanənı xırdlalayın. Düyü, soğan, göyərti, 2 qaşıq zeytun yağı, duz, qara istiotu qarışdırın. Uzunsov dolma bükün. Dolmaların yarısına qədər qaynar su və 3 qaşıq zeytun yağı əlavə edin. Üzərinə boşqab qoyub vam odda 30-40 dəqiqə bişirin.

Fıstıqlı yalançı dolma



Tərkibi: 

250 q yarpaq
1 st. düyü
6 baş soğan
1 x.q. ovulmuş quru nanə
1 x.q. şəkər tozu
2 st. su
1 limon
duz
qara istiot
0,5 st. quşüzümü
0,5 st. sidr qozası (şam fıstığı, dolmalıq fıstıq)

Düyünü təmizləyib yuyun. Xırda doğranmış soğanı yağda qızarınca qovurun. Düyünün suyunu süzüb soğana əlavə edin, taxta qaşıqla qarışdıraraq qovurun. Duz, istiot, quru nanə, quşüzümü, sidr qozası (dolmalıq şam fıstığı) əlavə edib qarışdırın. Şəkər tozu və isti su əlavə edib düyü diri qalacaq şəkildə, suyunu çəkənədək bişirin.

Qazanın dibinə yarpaq döşəyin. Uzun dolmalar büküb qazanda yaxın-yaxın düzün, üzərinə bir limonun şirəsini sıxın, üstünə boşqab qoyub su əlavə edin, orta itilikli ocaqda 1 saat bişirin.

Pomidorlu yarpaq dolması



Bu dolmanı pomidor və tomat pastası ilə də hazırlayırlar. Qaydası - videoda:

Videonu izləmək üçün aşağıdakı şəklə klikləyin.


 

Nuş olsun!

Milli.Az