Milli.Az 1937.az -a istinadən Sevil Gültənin ingiliscədən tərcüməsində Elis Manronun ən qısa hekayəsini təqdim edir.
ÇINQIL
Həmin vaxt biz əvvəllər karxana olmuş çınqıl çalasının yaxınlığında yaşayırdıq; çala çox da böyük deyildi. Neçə il qabaq pul qazanmaq istəyən hansısa icarədar çalanı iri maşınlarla qazıb azacıq dərinləşdirmişdi. Çala çox dərin olmadığından adam orada ev tikməyi də xəyalına gətirə bilərdi; bu evin bünövrəsinə əziyyət çəkməyə ehtiyac olmazdı. Kim bilir, bəlkə də, nə vaxtsa bu çalanın yerində ev tikən tapılacaq.
Anam adamların fikrini bu çalaya yönəltməyi bacarırdı, o adamlara belə deyərdi:
"Biz dəmiryolunun kənarında indi istifadəsiz qalan çınqıl çalasının böyründə yaşayırıq".
O, bu barədə danışanda gülərdi, çünki o, çox xoşbəxt idi. Anam əvvəllər yaşadığı həyat, evimiz, atamla əlaqəli nə vardısa danışmağı xoşlayırdı.
Mən isə həmin həyatı güclə, çox çətinliklə xatırlayıram. Bəzi hadisələr çox yaxşı yadımdadır, hətta dediklərim əsasında film də çəkmək olar. Evimizlə bağlı ən çox xatirimdə qalan o vaxtkı otağımın divar kağızlarıdır. Bu divar kağızlarının üstündəki ayı şəkilləri də həmişəlik yaddaşıma həkk olub. Əsl vaqon olan indi yaşadığımız bu yeni evdə bacım Caro ilə mənim dar çarpayımız vardı; onlar bir-birinin üstünə qoyulmuşdu. Biz bu evə köçəndə Caro köhnə evimiz barədə mənə uzun-uzadı danışardı, o çox cəhd edirdi ki, mən nələrisə xatırlayım. Adətən, o gecələr, biz yataqda olanda bu barədə danışırdı, əlbəttə, bizim söhbətimiz onun mənə acıqlanması ilə bitərdi, çünki mən heç nəyi yadıma sala bilmirdim. Bəzən mənə elə gəlirdi ki, nəsə yadıma düşür, amma ya tərsliyim ucbatından ya da nəyisə səhv deyəcəyimdən qorxduğuma görə özümü elə göstərirdim ki, guya heç nəyi xatırlaya bilmirəm.
Biz bu vaqona köçəndə yay idi. Blitzee adlı itimizi də özümüzlə gətirmişdik. Anam belə deyərdi:
"Blitzee bu yeri çox xoşlayır".
Bəli, anam haqlı idi, Blitzee bu yeri sevirdi. Özünüz təsəvvür edin, hansı bir it böyük bir şəhərin iri binaları olan küçəsini - lap bu küçələrin kənarında çəmənlik olsa belə - ucsuz-bucaqsız kənd yerindən üstün tutardı? Blitzee yoldan ötüb keçən maşınlara elə hürürdü ki, sanki bu yolların ağası idi, hərdən də öldürdüyü dələni, yaxud da balaca quzunu sürüyüb həyətə gətirirdi. Əvvəllər Caro bunu görəndə çox pis olurdu, sonralar Neal onunla bu barədə danışdı, itin yaşayış tərzi haqda ona nələrisə anlatdı.
Caro onunla mübahisə edib deyirdi:
"Axi biz Blitzeeyə it yemi veririk. Bəs niyə o dələni də öldürür?"
Neal deyərdi:
"Bir anlıq fərz edək, biz ona yem vermirik. Bəs onda nə olar? Tutaq ki, biz ölmüşük, onda Blitzee də özünü dolandırmalıdır".
Caro cavab verirdi:
"Mənim hələ ölmək fikrim yoxdur, həmişə də itimizə qulluq etməyə hazıram".
"Sən belə düşünürsən?" - Neal deyərdi.
Belə vaxtlarda anam bizə yanaşıb söhbətin mövzusunu dəyişərdi. Neal həmişə amerikanlardan, atom bombasından danışardı. Anam isə bizim hələ bu mövzuda olan söhbətlərə hazır olmadığımızı düşünürdü. Neal bu mövzuda danışanda mən heç nə başa düşmürdüm. Anamın belə söhbətlərə müdaxilə etməsi mənə qəribə gəlirdi, ancaq bu barədə ona sual verib özümü pis vəziyyətə salmaq, onların mənə gülməyini istəmirdim.
Neal aktyor idi. Yaşadığımız şəhərdə peşəkarların çalışdığı teatr yerləşirdi. Həmin vaxtlarda bu yenilik sayılırdı. Bəziləri bu teatrı maraqla qarşılasalar da, bəziləri teatrın cəmiyyətə lazımsız tör-töküntülər gətirəcəyini fikirləşirdilər. Atamla anam teatrın tərəfdarlarıydı. Anamın teatra olan marağı atamın marağından çoxuydu. Atam siğorta agentiydi, tez-tez səfərə gedirdi. Anamın isə vaxtı çox idi, o teatrın bəzi işlərində aktyorlara kömək edir, könüllü olaraq, yəni heç bir maaş almadan biletyoxlayan işləyirdi. Anam cavan, həm də qəşəngdi, onu aktrisalarla dəyişik salmaq olardı. O, teatra gedəndən sonra aktrisalar kimi geyinməyə başlamışdı; uzun yubka geyir, şala bürünür, boynundan sallanan muncuqlar taxardı. Saçlarını açıb kürəyinə tökərdi. Mən anamdakı bu dəyişiklikləri o vaxt başa düşmürdüm, bəlkə də, qismən hiss edirdim. Anam mənimçün ana idi. Şübhəsiz ki, anam həm də Caronun anası idi. Hə, anam həm də atamın arvadıydı. Atamın xasiyyətini bilirdim, anamı necə sevdiyindən xəbərim vardı, ona görə də düşünürdüm ki, atam anamın teatr artistlərinə uyğunlaşmasına, onların stilində geyinməsinə ancaq sevinə bilərdi. Sonralar atam bu barədə danışanda sənətə həmişə hörmət etdiyini deyirdi. İndi təsəvvür edirəm ki, anam o vaxt atamın bu sözlərini, teatrdakı dostları barədə dediyi bu bəyannaməni necə utancaqlıqla qarşılayıb.
Bir müddətdən sonra anamın hamiləliyi açıq-aydın hiss edildi. Bəli, anam hamilə idi, amma atamdan yox. Heç bilmirəm, teatrda anam kimi könüllü işləyən o biri qadınlar da hamilə idilərmi? Düzdür, xatırlamasam da, eşitmişdim ki, atam bunu biləndə ağlayıb, bundan sonra bütün günü anamı qarabaqara izləyib, daha ona inanmayıb. Anam isə xoş sözlər deyib atamın halını yüngülləşdirmək əvəzinə daha kəskin sözlərlə atamın vəziyyətini daha da pisləşdirib.
Anam atama uşağın Nealdan olduğunu deyib.
Anam buna əmin imiş.
Əlbəttə, o, tam əmin idi.
Sonra nə baş verdi?
Atam daha ağlamayıb, işinə getməli olub. Anam isə pal-paltarımızı bağlamaya yığıb, bizi kəndin kənarında Nealın tapdığı vaqona aparıb.
Sonralar anam deyirdi ki, evimizi tərk edərkən o da ağlayıb. Amma o həm də onda özünü daha xoşbəxt hiss etdiyini deyirdi. Bəlkə də, həyatında ilk dəfə olaraq o, əsl xoşbəxtliyin nə olduğunu hiss edirdi, ona bir şans verildiyini düşünürmüş. Anam öz həyatına təzədən başlayırdı; gümüş və çini qablardan, gül bağından, hətta kitab rəfindəki kitablarından canını qurtarıb daha sərbəst həyata başlayırdı, daha oxumayacaqdı, yaşayacaqdı. Anam paltarlarını yataq otağındakı paltar dolabına qoyub bağladı, dikdaban ayaqqabıları elə yerindcə geyilməmiş qaldı. Anam brilyant üzüyünü, nişan üzüyünü siyirmədən götürmədi. Onun ipək gecəköynəyi paltar dolabının siyirmələrində anamsız gecələdi. Hətta anam vaqonun ətrafında heç kim yaşamadığına görə hava isti olanda lap çılpaq halda vaqonun ətrafında gəzməyi planlaşdırırdı.
Amma onun bu ideyası həyata keçmədi. Bir dəfə o, belə etmək istəyəndə Caro çarpayısına yıxılıb üzünü tutub ağladı, Neal da dedi ki, o, dəli deyil, anamın bu ideyasını həyata keçirməyə razılıq versin.
O bütün bunlar barədə nə düşünürdü? Onu deyirəm, Nealı. Onun həyat fəlsəfəsinə görə həyatda nə baş verirsə, ona "xoş gəldin" demək lazımdır. Hər şeyin hədiyyə olduğunu deyirdi - biz bu hədiyyəni ya veririk, ya da qəbul edirik.
Belə düşünən adamların ağlına şübhə ilə yanaşıram. Onun haqlı olub-olmadığını bilmirəm.
Neal əsl aktyor deyildi. O deyirdi ki, onu aktyorluğa eksperiment kimi qəbul ediblər, hər hansı rolu ifa etmək bacarığını yoxlamaq istəyiblər. Oxuyub başa çatdırmadığı kollecdə o xorda oxuyub. Xorda oxumağı xoşlayırmış - özünü unudub başqalarına qarışmaq ürəyincə imiş. Bir gün, Toronto şəhərinin küçəsində o, təsadüfən dostuna rast gəlir, dostu yayda işləmək üçün bir teatr truppasında iş axtarmağa gedirmiş. Neal da heç bir işi olmadığından dostuna qoşulur, nəticədə Neal teatrda iş tapır, amma dostu yox. Neal Banquo rolunu oynamalı olub. Əvvəllər teatrda Banquonun xəyalını hərdən görünən, hərdən də görünməz edirlərmiş. Neal teatra gələndə onlar Banquonun xəyalını görünən etmək istəyirlərmiş, sanki Neal bu rol üçün yaranıbmış. O, xalis xəyal idi.
Hələ anam hamiləliyi barədə sürprizini Neala deməmişdən əvvəl o, qışı şəhərdə keçirməyi planlaşdırırmış, hətta kənd kənarında sonralar bizim də yaşadığımız vaqonu da tapıbmış. Az-çox dülgərliyi də bacarırmış, teatrda hələ yaza qədər onunçün iş olacaqdı. Ən yaxşı halda yaza qədər işi olacağını düşünə bilərdi.
Caro məktəbini dəyişməli olmadı. Məktəbin avtobusu onu çınqıl çalasının yanından keçən yoldan gəlib götürər, məktəbdən sonra da həmin yerdə düşürərdi. Sözsüz ki, o məktəbdə dostluq etdiyi uşaqlara niyə bura köçməyimiz barədə bəzi şeyləri demişdi. Onun məktəbdə başqa çətinliyi olmuşdumu, bax, mən bunu bilmirəm.
Blitzee həmişə yol qırağında dayanıb Caronun məktəbdən qayıtmasını gözləyərdi.
Mən bağçaya getmirdim. Çünki artıq anamın maşını yox idi. Bağçaya getmək heç yadıma da düşmürdü. Caro evdə olanda mənə bəs idi. Anam da hərdən mənimlə oynayırdı. Həmin qış qar yağanda anamla birlikdə qar adamı düzəltdik, anam mənə belə dedi:
- "Qar adamının adını Neal qoyaqmı?"
- "Əlbəttə!" - mən razılaşdım.
Biz qar adamın üzünə müxtəlif şeylər yapışdırıb onu gülməli hala saldıq. Sonra anamla belə qərara gəldik ki, Neal işdən evə dönəndə mən onun qabağına qaçım, qar adamını ona göstərib belə deyim:
"Neal buradadır...Neal buradadır..."
Belə də etdim, ancaq mənim sözümü eşidən Neal maşından düşüb dəli kimi üstümə qışqırdı, maşınla qar adamını tapdalayacağını dedi.
Bir yerdə olduğumuz müddətdə mən onun yalnız bir neçə dəfə ata kimi hərəkət etməsini gördüm.
Burada gödək qış günləri mənə bir az qəribə gəlirdi. Şəhərdə olanda qaranlıq düşən kimi küçə kənarındakı işıqlar yanardı. Düz deyirlər ki, uşaqlar dəyişiklikərə çox tez öyrəşirlər. O vaxtlar mən hərdənbir köhnə evimizlə maraqlanırdım, dəqiq bilmirəm, mən evimizdən ötrü darıxırdım, yoxsa bu vaqona haradan gəlməyimizi aydınlaşdırmaq istəyirdim.
Gecələr anam Nealla daha yaxşı vaxt keçirirdi. Bəzən mən oyanıb tualetə getmək istəyəndə onu çağırırdım, o da xoşbəxtcəsinə gələrdi, tələsmədən. Əynində nazik alt paltarı olardı, iri bir şala bürünüb məni tualetə aparardı. Ondan xoş bir qoxu gəlirdi. Mən bu qoxunu şam işığı, musiqi və sevgiylə əlaqələndirirdim.
O vaxt bəzi şeylər baş verirdi, bunlar da mənə inandırıcı görünmürdü. Blitzee - itimiz çox da böyük deyildi; Caronun paltosunun altına sığacağını təsəvvür etmirəm. Heç bilmirəm Caro bunu necə bacarıb. Hətta bir dəfə yox, düz iki dəfə. Deməli, Caro itimizi paltosunun altında gizlədib məktəb avtobusuna minmişdi, məktəbə çatanda birbaşa məktəbə getmək əvəzinə Blitzeeni şəhərdəki evimizə aparmışdı; evimiz məktəbdən bir məhəllə o tərəfdə idi. İşdən evə gəlib, tək-tənha nahar edən atam iti qapımızın ağzında görmüşdü. Ən təəccüblüsü o idi ki, Blitzee hekayələrdə olduğu kimi şəhərdən gəlib vaqonumuzu tapmışdı. Bunu görən Caro dilxor olmuşdu, həmin səhər iti yerli-dibli heç görmədiyini demişdi. Sonralar o, ikinci dəfə iti paltosunun altında şəhərdəki evimizə apardı. Nə məktəb avtobusunda olanlar, nə də məktəbdəkilər bundan xəbər tutdular, ancaq anam iti ora Caronun apardığından şübhələndi.
Dəqiq xatırlamıram, it özü gəldi, yoxsa onu vaqona atam, yaxud başqa birisi gətirdi. Mən atamı heç cür vaqonda ya da vaqonun qapısı ağzında təsəvvür etmirəm, hətta evimizin kənarındakı yolda da atamı gözümün önünə gətirə bilmirəm. Bəlkə, Neal şəhərdəki evimizə gedib iti geri gətirmişdi - bundan asanı ağlıma gəlmir.
Əgər desəm ki, Caro vaqonda özünü bədbəxt hiss edirdi, bütün günü çıxış yolu axtarırdı, bu düz olmaz. Yuxarıda dediyim kimi, hər gecə biz yataqda olanda Caro mənə bəzi şeyləri xatırlatmağa çalışırdı, amma o, bu barədə hamıya car çəkmirdi. Caro qaşqabaqlı olmazdı, başqalarında yaxşı təəssürat oyatmağı xoşlayırdı, həmişə ailədə xoş əhval yaratmağa çalışırdı.
İndi fikirləşirəm ki, Caro bəzi xasiyyətinə görə anama daha çox oxşayırdı.
İti şəhərdəki evimizə aparmaqla o nəyisə sınaqdan keçirirmiş. Onun bu barədə bəzi cümlələrini yadıma salıram. O deyirdi:
"Zarafat etmək istəyirdim".
"Sən gedib atayla bir yerdə yaşamaq istəyirsən?"
Bilirəm ki, mən ona bu sualı vermişdim, o isə "yox" söyləmişdi.
Daha heç nə soruşmadım. Onun etdiyi hərəkət mənə qəribə görünməmişdi. Balaca uşaqların etdiyi hərəkət böyük uşaqlara qeyri-adi, böyük uşaqların hərəkəti isə balaca uşaqlara adi görünür.
Bizə gələn qəzet və məktublar yolun aşağısındakı binada bir qutuya qoyulurdu. Qar, tufan olmayanda bizə gələn məktub və qəzetləri götürmək üçün anamla ora gedərdik. Adətən, bu mən günorta yuxusundan durandan sonra olurdu. Bəzən elə olurdu ki, gün ərzində yalnız poçta gedəndə evdən çölə çıxardıq. Səhərlər televizora baxırdıq, ya da mən televizora baxanda anam kitab oxuyurdu ( o, kitab oxumağını heç də tamam tərgitməmişdi). Günorta yeməyi üçün konservləşdirilmiş şorbanı qızdırıb yeyər, sonra mən gedib yatardım. Anam isə kitab oxumaqda davam edirdi. Onda anamın qarnı bir az da böyümüşdü, mən başımı onun qarnına qoyanda uşağın tərpənməsini də hiss edə bilirdim. Qız, yaxud oğlan olmasından asılı olmayaraq bu uşağın adını Brent qoyacaqdılar.
Bir gün anamla poçtu götürməyə gedəndə, poçt qutusu olan binaya çathaçatda anam ayaq saxlayıb sakitcə dayandı.
"Sakit!" - o, mənə dedi. Heç bilmirəm o niyə belə dedi, mən heç səs salmırdım, heç ayaqqabımın ucu ilə qarı da təpikləmirdim.
"Mən tam sakitəm" - dedim.
- "Danışma, geri dön!"
- "Axı biz poçtu götürmədik".
- "Eybi yoxdur. Heç nə demə, sakitcə gəl".
Sonra gördüm ki, biz poçta gedib-gələndə bizi müşayiət edən Blitzee yanımızda yoxdur. Amma yolun o biri tərəfində, poçtun yaxınlığında başqa bir it var idi.
Vaqon evimizə gəlib çatanda Blitzee qapının ağzında bizi gözləyirdi, anam iti içəri salıb teatra zəng elədi. Heç kim cavab vermədi. Sonra isə o, məktəbə zəng edib dedi ki, bu gün məktəb avtobusu Caronu vaqonun qapısınadək gətirsin. Ancaq məktəb avtobusunun sürücüsü çınqıl çalasının yan-yörəsinin qarla örtülü olduğunu, avtobusu vaqona qədər sürə bilməyəcəyini deyib, Caro avtobusdan düşəndən vaqona çatanadək ona baxacağına söz verib.
Həmin vaxta qədər o tərəflərdə canavar görməmişdik.
Neal bu tərəflərdə heç vaxt canavar olmadığını iddia edirdi. Deyirdi ki, əgər ətrafda canavar olsa belə, heç bir təhlükə yoxdur, çünki canavarlar qış yuxusuna gedib.
Caro canavarların qış yuxusuna getmədiyini dedi - məktəbdə öyrənmişdi.
Anam Nealın tüfəng tapıb gətirməyini istəyirdi.
Neal ona sakitcə belə dedi:
"Sən istəyirsən ki, mən gedib tüfəng tapıb gətirim, kolluqda bir sürü bala qoyub gələn bu lənətə gəlmiş ana canavarı vurub öldürüm? Sən öz balanı necə istəyirsənsə, canavar da balasını elə istəyir".
Caro Neala dedi:
"Canavarın yalnız iki balası olur. Canavarların balasının sayı ikidən çox olmur".
"Anladım... Anladım..." - Neal hirslənib dedi:
"Mən səninlə yox, ananla söhbət edirəm".
"Sən heç hələ bu canavarın balasının olub-olmadığını bilmirsən", - bunu da anam dedi.
Anamın Nealla hələ bu tonda danışdığını görməmişdim.
Neal dedi:
"Bir fikirləş, tüfəng qorxunc bir şeydir, gedib tüfəng alanda nə deyəcəm? Bura Vyetnamdır? Bəlkə, mən Vyetnamda yaşayıram?"
"Sən Amerikalı deyilsən", - anam dedi.
"Tüfəng barədə danışıb daha məni hirsləndirmə". - Neal mübahisəyə son qoydu.
Onların bu barədə azmı, çoxmu danışdığını bilmirəm, amma Neal tüfəng almadı. Biz bir daha heç vaxt ətrafda canavar görmədik ( poçta gedəndə mənim itə bənzətdiyim canavar imiş). Anam daha poçta getmədi. Bəlkə də, qarnı daha da böyüdüyünə görə getmirdi.
Qar sirli şəkildə əriyib yox olurdu. Ağacların yarpaqları indi tam çılpaq idi, səhərlər anam Carayo palto geyindirirdi, günorta o qayıdanda paltonu sürüyə-sürüyə gətirirdi.
Anam qarnındakı uşağın əkiz olduğunu, ancaq həkimlər isə əkiz olmadığını deyirdilər.
Neal uşağın əkiz olması barədə anamın sözünü eşidib belə deyirdi:
"Guya həkimlər nəsə bilirlər?"
Çınqıl çalasının içi əriməkdə olan qarla ağzınacan dolmuşdu. Caro məktəbə gedəndə çınqıl çalasının lap qırağı ilə gedib yola çıxırdı. Çala balaca gölə oxşayırdı, qar günəş altında par-par yanırdı. Caro bir dəfə anamdan soruşdu ki, çalanın üstündəki əriməkdə olan buzun üstündə oynaya bilərikmi? Səsinin tonundan hiss olunurdu ki, orada oynamağın mümkün olmadığını yaxşı bilir.
Anam Caroya dedi ki, dəli olmasın, ora ən azı beş-altı metr dərinliyindədir.
Neal dedi:
- "Bəlkə, 3 metr olar".
Caro çalanın qırağında dərinliyin təxminən 3 metr olduğunu dedi.
Anam çalanın qırağının ovulub içəri tökülməyini yada saldı.
"Bu çala çimərlik deyil. Allah xatirinə, ordan uzaq durun!" - anam bizə tapşırdı.
Anam belə deyəndə Caro ondan soruşdu:
"Biz iti də çaladan uzaq saxlamalıyıq?"
Neal dedi ki, itlər üzməyi bacarırlar.
Bir şənbə günü idi. Caro ilə birlikdə "Mehriban nəhəng" filminə baxırdıq, o tez-tez filmi şərh edirdi, bu da məni filmdən ləzzət almağa qoymurdu. Neal taxtın üstündə uzanıb siqaret çəkirdi. İşdə olarkən o, siqaret çəkə bilmirdi, ona görə də həftə sonlarında çəkmədiklərinin əvəzini çıxırdı. Hərdənbir Caro Nealı narahat edib ondan siqaret istəyirdi. Bir dəfə Neal ona siqaret verib tapşırmışdı ki, anama deməsin.
Mən oradaydım, anama mən dedim.
Anam eşidib səs-küy saldı, hirsləndi:
"Sən bilmirsən ki, uşaqların atası bunu eşitsə, gəlib onları mənim əlimdən alar? Bir də belə şeylər olmasın!"
"Bir də olmaz", - Neal onunla razılaşdı.
"Bəs o köhnə çipslərlə onları zəhərləsə necə?"- Neal söhbətə yekun vurdu.
Vaqona təzə köçdüyümüz vaxtlarda atamızı tez-tez görmürdük. Milad bayramından sonra şənbə günləri onun gəlib bizi aparmağını planlaşdırdılar. Hər dəfə biz atamla gedib geri qayıdanda anam vaxtımızı necə keçirməyimizi soruşurdu. Cavab verirdim ki, bəli, yaxşı keçirtdik. Məncə, düz deyirdim. Mənə görə kinoteatra gedib filmə baxmaq, yeməyi restoranda yemək vaxtı yaxşı keçirməkdir. Caro da deyirdi ki, bəli, vaxtını yaxşı keçirib. Səsinin tonu qəribə olardı. Sanki demək istəyirdi ki, anam belə şeyləri bilməz. Bir qış günündə atam işiylə əlaqədar Kubaya getdi (anam buna sevinirdi) və oradan uzunçəkən qriplə geri qayıtdı, atamla görüşlərimizə son qoyuldu. Onun yazda yenə gəlib bizi gəzməyə aparacağı nəzərdə tutulmuşdu.
...Televizoru söndürəndən sonra anam və Neal bizi oynamaq üçün həyətə çıxartdılar. Anamın dediyi kimi, bizi təmiz hava almağa göndərdilər. Biz iti də özümüzlə götürdük.
Həyətə çıxan kimi şərflərimizi açıb sürüməyə başladıq. (Anamın qarnındakı uşaq böyüdükcə sanki onun analıq hissləri də sürüşüb aradan çıxırdı. Bizim şərfə, ya da vaxtında verilən yeməyə ehtiyacımız yox idi - ehtiyacımız onun bizə olan qayğısına idi.)
Caro məndən nə etmək istədiyimi soruşdu, mən də dedim ki, bilmirəm. O, bu sualı rəsmiyyət xatirinə vermişdi, ancaq mənim cavabım həqiqət idi. Doğrudan da, mən nə ilə məşğul olacağımı bilmirdim. Biz iti özümüzdən qabağa buraxdıq, it də qabağımıza düşdü, biz də onun ardınca. Blitzee çınqıl çalasının yanına gedib çıxdı. Külək çaladakı suyu qamçılayıb şappıltıyla yuxarı qaldırırdı, su ləpələnirdi. Üşüdük, ona görə də şərflərimizi boynumuza doladıq.
Çalanın qırağında nə qədər vaxt keçirdiyimiz yadımda deyil. Vaqondan baxanda bizi görmədiklərini bilirdik. Bir az keçəndən sonra bacımın mənə tapşırıq verdiyi aydın oldu.
Mən vaqona gedib anama və Neala nəsə deməliydim.
İtimizin çalaya düşdüyünü onlara xəbər verməliydim.
Deməliydim, itimiz çalaya düşüb, Caro da itin boğula biləcəyindən qorxur.
Blitzee boğula bilərdi.
Ancaq mən suyun içində Blitzeeni görmürdüm.
Bəlkə, Caro iti suyun içində görürmüş. Caro suya tullanıb onu xilas edə bilərdi.
İnanıram ki, mən onunla razılaşmayıb itin suya düşmədiyini demişəm. Ya da demişəm ki, o suya tullanmalı deyil. Yaxud ona Nealın sözünü xatırlatmışam - itlər üzməyi bacarır.
Caro məndən onun tapşırığını yerinə yetirməyimi tələb edirdi.
"Nə üçün?" - bilirəm, ona belə sual vermişəm. Ya da onun sözünə əməl etməyib mübahisə üçün başqa səbəb tapmışam.
Həmin anları xatırlayanda gah Caronun Blitzeeni dartıb sudan çıxarması, gah da Blitzeeni suya itələməsi gözüm önündə canlanır. Bəzən Blitzeeni Caronun paltosundan dartdığı halda təsəvvür edirəm. Sonra isə Caro çalanın ətrafında qaçır. Qaçır, qaçır, qəflətən suya atılır. Ancaq bunu xatırlayanda mən suyun şappıltısını, bir-birinin üstünə qalxan dalğaları xatırlaya bilmirəm; nə balaca, nə də böyük dalğa, heç biri yadıma gəlmir. Yəqin, o suya tullananda mən vaqon tərəfə dönüb qaçmaq istəmişəm. Sözsüz, bu belə olub. Mən belə etməliydim.
Bu barədə düşünəndə özümü yalnız qaçan halda təsəvvür edirəm. Elə hey qaçıram. Mən vaqon tərəfə yox, əksinə, çınqıl çalası tərəfə qaçıram. Suyun içində çabalayan Blitzeeni görürəm, Caro da Blitzee tərəfə üzür. Ona tərəf sürətlə üzür. Onun açıq qəhvəyi rəngli dama-dama paltosunu, şərfinin saçaqlarını, uğur qazanmış insan sifətinə bənzər sifətini, suyun içindəki buruq saçlarını görürəm. Sanki məndən heç nə tələb olunmurdu - yalnız sakitcə durub onu izləmək.
Vəssalam!
Hərdənbir isə vaqona tərəf dönüb getmək istəyirdim. Vaqona çatanda da qapının ağzında otururam. Yox, vaqonun qapısı ağzında balkon, yaxud skamya yox idi, mən elə torpağın üstündə oturub sonra nə baş verəcəyini gözləyirdim.
Bilirəm ki, bu belə olub. Bu, faktdır. Hər halda bilmirdim nə etməyi planlaşdırmışam, ya da nə fikirləşmişəm. Caronun ya da itin tamaşasında növbəti pərdəni gözləyirdim.
Bilmirəm, mən vaqonun qapısı ağzında nə qədər oturmuşam, beş dəqiqə ya çox? Bəlkə, beş dəqiqədən az? Bilmirəm. Hava çox soyuq deyildi.
Sonralar bu hadisə barədə psixoloqa danışanda o məni inandırmışdı ki, mən mütləq gəlib vaqonun qapısını itələmişəm, qapının içəridən bağlanıb-bağlanmadığını bilmək istəmişəm. Qapı bağlı ola bilərdi, çünki anam və Neal bizi bayıra çıxarandan sonra içəridə sevişirdilər, onlara mane olmayaq deyə qapını içəridən bağlayırdılar. Əgər mən qapını döysəydim, onlar mənə acıqlanardı. Məsləhət elədiyim həmin adam məni inandırmışdı ki, hər şey məhz bu cür olub. Ancaq mən bunun belə olduğunu düşünmək istəmirəm. Qapının bağlı olduğunu fikirləşmirəm, çünki bir dəfə qapı bağlanmamışdı, Caro içəri girəndə onu görüb gülmüşdülər.
Bəlkə, mən Nealın "itlər üzməyi bacarır" sözünü yadıma salıb düşünmüşəm ki, Caronun Blitzeeni xilas etməsi heç də vacib deyil.
Görəsən, Caronun üzməyi bacarıb-bacarmadığı barədə nəsə fikirləşmişəm?
Doqquz yaşında uşaqlar üzməyi bacarır. Sonra aydın oldu ki, ondan əvvəlki yay o bir dəfə üzgüçülük dərsinə gedib. Biz vaqona köçəndən sonra o bir daha üzgüçülük dərsinə getməyib. Yəqin, Caro üzə biləcəyinə əmin olub. Şübhəsiz, mən də inanmışam ki, o istədiyi bir şeyi edəcək.
Psixoloq demişdi ki, mən Caronun göstərişlərini yerinə yetirməkdən bezə bilərdim. Amma belə bir fikir heç mənim ağlıma da gələ bilməzdi. Bəlkə də, mən Carodan böyük olsaydım, bu hal baş verə bilərdi. Həmin vaxtlarda mənim uşaq dünyamı öz varlığı ilə dolduran yeganə adam Caro idi.
Qapının ağzında nə qədər oturmuşam? Sözsüz, çox oturmamışam. Qapını döyməyim də mümkündür - bir-iki dəqiqədən sonra. Hər halda, anam qapını açıb. Heç bir səbəb olmadan - ürəyədamma da ola bilərdi.
Növbəti mərhələ-mən vaqonun içindəyəm. Anam Nealın üstünə qışqırır ki, nə baş verdiyini ona anlatsın. O ayağa durur, anamı tutub saxlayır, mülayim tərzdə təsəlli verir. Ancaq anamın ondan istədiyi təsəlli deyil, anam onun əlindən canını qurtarıb qapıdan çıxır. Neal isə başını yırğalayıb çılpaq ayaqlarına baxır - köməksiz görünən baş barmaqlarına gözünü zilləyir.
Məncə, o, monoton səslə mənə nəsə dedi - adətən, eşitmədiyim bir səslə. Bundan sonra heç nə xatırlamıram.
Anam özünü suya atmadı. Bu sarsıntıdan sonra anamın uşağı düşmədi. Qardaşım Brent bacımın dəfn mərasimindən bir həftə ya da on gün sonra doğuldu - vaxtında doğuldu. Bilmirəm, doğmaq üçün anam hansı xəstəxanaya getdi. Güman ki, doğuşdan əvvəl o hansısa xəstəxanada saxlanılıb, müalicə alıb.
Dəfn gününü çox yaxşı xatırlayıram. Tanımadığım çox gözəl, xoşsifət bir qadın - onun adı Josie idi - məni gəzməyə apardı. O, məni cürbəcür karusellərə mindirdi, oyuncaq dükanlarına girdik, birlikdə ləzzətli yeməklər yedik. Yox, ürəyim bulanana qədər yemədim. Josieni sonralar çox yaxından tanıdım. Atam Kubaya gedəndə tanış olduğu qadın idi, anamla atam boşanandan sonra o atamın ikinci arvadı - mənim ögey anam oldu.
Anam sağaldı - mütləq sağalmalıydı. Axı balaca Brent vardı, mən vardım. Balaca Brentə məndən də çox qulluq lazım idi. Tam xatırlamasam da, inanıram ki, mən anam qalan ömrünü yaşamağı planlaşdırdığı bir ev tapana qədər atamla və Josie ilə bir yerdə qalmışam. Brent stulda oturduğu vaxtdan əvvəl onunla bir yerdə olmağımızı xatırlamıram.
Anam teatrdakı köhnə işinə qayıtdı. Əvvəlcə keçmişdə olduğu kimi könüllü, pulsuz işlədi. Amma mən məktəbə getdyim vaxtlarda artıq onun işi - illik vəzifəsi vardı. O, nəzarətçi idi. Düzdür, teatrın bəzi çətinlikləri oldu, amma teatr bağlanmadı, bu gün də işləyir.
Neal dəfn mərasimi və bu kimi şeylərə inanmırdı, o heç Caronun da dəfnində iştirak etmədi. Heç vaxt Brenti görmədi. Məktub yazmışdı, o məktubu çox sonralar gördüm. Məktubda hələ qabaqcadan uşağa atalıq etmək fikri olmadığını yazmışdı. Ona görə də heç əvvəldən uşağı görməməyin daha yaxşı olduğunu düşünüb. Brentə heç vaxt Neal haqda danışmadım. Anamı dixor etmək istəmirdim. Brentə Neal barədə danışmamağımın bir səbəbi də vardı - Brent Neala çox oxşamırdı, o ən çox atama bənzəyirdi. Anam hamilə olarkən nələr baş verdiyini dərk etməyə çalışırdım. Atam isə bu barədə heç vaxt danışmadı, yəqin, heç zaman da danışmayacaq. Atam mənimlə necə rəftar edirdisə, Brentlə də elə rəftar edirdi. Atam yaxşı insandır, əgər Brentin, həqiqətən də, Nealın uşağı olduğunu dəqiq bilsəydi belə yenə onunla indiki kimi rəftar edərdi.
Josienin atamdan uşağı olmadı, uşaqlarının olmaması onları narahat etmirdi. Josie Caro haqqında danışan yeganə adamdır; tez -tez danışmasa belə. Josie tez-tez təkrar edirdi ki, atam bu işdə yalnız anamı günahkar bilməməlidir. Deyirdi, anam həyatının təlatümlü dövründə olanda atam onu tək buraxmamalı idi. Həyat atamı silkələməliymiş ki, Josieyə rast gəlsin. Əgər bu hadisələr olmasaydı, onlar ikisi bir yerdə xoşbəxt ola bilməzdilər.
Atamın qolundan tutub soruşardım:
- "O, "ikisi " deyəndə kimi nəzərdə tutur?"
- "Əlbəttə, özünü və məni. Bu hadisələr olmasaydı, o mənim qismətimə çıxmazdı".
Həmin vaxtlarda nələr baş verdiyini anamın yadına salmıram. Bununla onu narahat etmək istəmirəm. Bilirəm, həyat onu yaşadığımız "çəmənlik"dən sürüşdürüb çınqıl çalasının yanına tullayıb o vaxtlar. İndi həmin yerlərdə hündür binalar tikilib. Hətta bir dəfə anam ordakı evlərin onda az da olsa nifrət oyatdığını bildirdi. Bir dəfə heç kimə demədən həmin yerə getdim. Adamların həmin yerdə ev tikməsini səhv hesab edirəm.
Hətta həmin çınqıl çalasının yerində də ev tikmişdilər.
Mənim Ruthann adlı həyat yoldaşım var. O, məndən balacadır, amma məndən ağıllıdır. Bəlkə də, o, məndən daha nikbindir, həmin hadisəylə bağlı məni narahat edən fikirləri yaxşı yerə yozmağa çalışır. Əgər Ruthann məni inandırmasaydı, mən heç vaxt Nealla əlaqə yaratmazdım. Əlbəttə, neçə illər heç onunla görüşmək barədə fikrim də olmayıb. Bir dəfə Neal özü mənə məktub yazmışdı. Qısaca təbrik məktubu. Mənim Alumni Gazette-də (rəsmi mətbuat orqanı) şəklim verilmişdi. Heç bilmirəm, o, bu qəzetin səhifələrində nə axtarırmış? Hansısa işlə əlaqədar rəsmi dövlət adamlarının əhatəsində olmuşdum, şəkil də o vaxt çəkilmişdi.
O, mənim dərs dediyim yerdən təxminən 50 mil o tərəfdə yaşayırmış. Bir vaxt oxuduğum kollec də orada yerləşirdi. Bilmirəm, mən kollecdə oxuyanda o orada olub, ya yox. Bəlkə, o indi alim olub?
Əvvəlcə onun məktubuna cavab vermək fikrim yox idi. Mən Ruthann ilə məsləhətləşdim, o dedi ki, mən Neala cavab yazmaq barədə düşünməliyəm. Belə qərara gəldik, mən Nealın elektron poçtuna məktub yazdım, görüş təyin etdik. Onunla universitetin yeməkxanasında görüşdüm. Özümə söz vermişdim, əgər onun görünüşü pis olsaydı - heç bilmirdim belə düşünərkən nəyi nəzərdə tutmuşam - sakitcə onun yanından keçib görüşməyəcəkdim.
Onun boyu əvvəlkindən lap balaca idi. Lap uşaq vaxtı gördüyümüz qoca kişilər kimi. Seyrək, başına yapışmış nazık saçı vardı. Çay içirdi, mənim də qarşıma bir fincan çay qoydu.
O özünü necə dolandırırdı? Gündəlik pulunu necə qazanırdı?
Tələbələri imtahanlara hazırlaşdırdığını, onlara esse yazmaqda kömək etdiyini dedi. Düşünmək olar, tələbələrin əvəzində özü esseleri yazırmış.
"Bu yolla milyoner olmaq olmaz", - dedi.
Zibillikdə, ya da yumşaq desək, yarım-zibillikdə yaşayırmış. Oranın ürəyincə olduğunu dedi. Amma paltarlarını Sally Ann firmasından aldığını bildirdi.
"Bunlar mənim həyat prinsiplərimə uyğun gəlir"- Neal dedi.
Bunların heç birinə görə onu təbrik etmədim. Doğrusunu desək, mən elə güman etdim, onun ürəyindən keçirdi ki, mən onu bu "uğurlarına" görə təbrik edim.
"Hər halda, düşünmürəm həyat tərzim maraqlıdır. Məncə, sən hadisənin necə baş verdiyini bilmək istəyirsən".
Ona nə cavab verəcəyimi bilmədim. Neal danışmağa başladı:
"Daşa dönmüşdüm. Bundan başqa, mən üzməyi bacarmıram. Mən böyüdüyüm yerlərdə üzgüçülük hovuzları olmayıb, mən də boğulardım. Sən bunları öyrənmək istəyirdin?"
Bu işdə heç də onu günahkar hesab etmədiyimi dedim.
"Necə bilirsiniz, suya tullananda Caronun nə niyyəti olub?" - sual verdim.
Bu sualı Nealdan başqa yalnız iki nəfərə vermişdim - psixoloqa və həyat yoldaşıma.
Psixoloq belə demişdi:
"Bəlkə də, heç Caro nə istədiyini bilmirmiş, bəlkə də, o diqqəti özünə cəlb etmək, ananızın diqqətini özünə yönəltmək istəyib. Məncə, o özünü suda boğmaq istəməyib. Suda batanda ona qarşı diqqətin necə olacağını bilmək istəyirmiş".
Ruthann isə belə deyirdi:
"Bəlkə də, o ananınızı "qaydaya salmaq" istəyib, atanızın yanına qayıtmağını bu yolla tələb edib?"
Neal dedi:
"Onun hansı niyyəti olmağının indi heç bir əhəmiyyəti yoxdur. Bəlkə, o yaxşı üzə biləcəyini fikirləşib. Bəlkə, əynindəki ağır palto ilə, şərflə üzməyin çətin olduğunu başa düşməyib? Bəlkə, ona kömək edən olmayacağını ağlına gətirməyib??"
Sonda o belə dedi mənə:
"Vaxtını boş yerə sərf edib özünü yorma. Yəqin, sən niyə vaqona tərəf qaçıb bizə vaxtında xəbər vermədiyini düşünüb özünü günahkar hesab etmirsən, eləmi?"
Dedim ki, onun dediklərini düşünmüşəm. Amma özümü tam günahkar bilmirəm.
"Əsas odur ki, xoşbəxt olasan. Hər şeyə fikir vermə. Sən buna cəhd elə. Onda yaşamaq asanlaşır. Çətin vəziyyətdən çıxmaq çox asandır. Olanları qəbul et, onda faciə özü yoxa çıxır. Ya da faciə yüngülləşir, sən bu dünyada rahatlıqla yaşayırsan. İndi isə hələlik!" - bunu deyib Neal getdi.
Mən onun nə demək istədiyini başa düşdüm. Həqiqətən də, elə onun dediyi kimi etmək lazımdır. Ancaq mənim yaddaşımda Caro çınqıl çalasının qırağında o baş-bu başa qaçır, üzgüçülük yarışlarında qalib olan üzgüçü kimi özünü suya tullayır. Mən isə suyun kənarında dayanıb dururam; gözləyirəm ki, o suya niyə tullanmağının səbəbini mənə izah etsin, suyun şappıltısını eşitmək istəyirəm.
Milli.Az