Turistlər üçün Wi-Fi pulsuz olacaq

25 May 2014 18:58
Yaponiya hökuməti, Nippon Telegraph and Telephone (NTT) korporasiyası və bir sıra digər yerli bazar iştirakçıları ölkə ərazisində xarici turistləri pulsuz Wi-Fi çıxışı ilə təmin edəcək.

Milli.Az ICTnews-a istinadən bildirir ki, Yaponiya Milli Turizm Agentliyi tərəfindən 2011-ci ildə aparılan tədqiqatdan məlum olub ki, xaricdən gələn vətəndaşların təxminən dörddə bir hissəsi gündoğar ölkədə Wi-Fi şəbəkəsi ilə internetə çıxış üçün çətinliklərlə üzləşir. Bu, dil və nəqliyyat çətinlikləri ilə yanaşı, başlıca problemlərdən biri hesab edilir. 

Problemin həlli üçün bu yay Yaponiya Daxili İşlər və Rabitə Nazirliyi, Milli Turizm Agentliyi və telekommunikasiya nəhəngləri NTT və KDDI şirkətlərinin iştirakı ilə xüsusi komitə yaradılacaq.

Nəzərdə tutulur ki, ölkəyə gələn xarici turistlər pasport təqdim etməklə aeroport və ya identifikatorların verilmə məntəqələrində xüsusi identifikator ala biləcəklər. Bundan başqa, belə İT kodları xüsusi mobil əlavə vasitəsilə yükləmək mümkün olacaq. Nəticədə identifikator müxtəlif ictimai yerlərdə Wi-Fi şəbəkələrinə pulsuz qoşulmağa imkan verəcək.

Təşəbbüs təşkilatçıları identifikatorların emalı üçün sistem hazırlayaraq tətbiq etməlidirlər. Proqramın hotel, nəqliyyat infrastrukturu iştirakçıları tərəfindən dəstəklənəcəyi güman edilir. Sistemin 2016-cı ildə istifadəyə verilməsi planlaşdırılır.

Milli.Az