Yüksəlmək Haqqa əyilməklə başlayır

25 May 2014 12:57

Merac "uruc" sözündən əmələ gəlmişdir, mənası yüksəlmə, yüksəliş, nərdivan anlamına gəlir. Qurani-Kərimdə bu haqda bəhs edilməkdədir:

- Bəzi ayələrimizi (qüdrətimizə dəlalət edən qəribəlikləri və əcaiblikləri) göstərmək üçün bəndəsini (Peyğəmbər əleyhissəlamı) bir gecə (Məkkədəki) Məscid ül-Həramdan ətrafını mübarək etdiyimiz (bərəkət verdiyimiz) Məscid ül-Əqsaya (Beytülmüqəddəsə) aparan Allah pakdır, müqəddəsdir. O, doğrudan da, (hər şeyi) eşidəndir, görəndir! (İsra surəsi/1)

- Sonra (Cəbrail Muhəmməd əleyhissəlama) yaxınlaşdı və aşağı endi.

(Onların arasındakı məsafə) iki yay uzunluğunda, bəlkə, ondan da yaxın oldu. Sonra (Cəbrail Allahın) Öz bəndəsinə (Muhəmmədə) vəhy buyurduğunu vəhy etdi. Qəlb (Peyğəmbərin qəlbi) gördüyünü yalan saymadı. (Muhəmməd əleyhissəlam gözü ilə gördüyünün Cəbrail olduğuna qəlbən inandı) (Nəcm surəsi/8-11). 

Möcüzə aciz qoymaqdır

Təəssüf ki, son dövrlərdə yanlış olaraq bəziləri hər adi hadisəni möcüzə adlandırırlar. Halbuki möcüzə Allah-Təalanın iradəsi ilə və birbaşa peyğəmbərlə bağlı hadisədir. Yəni möcüzə peyğəmbərlərin istəyi ilə Allah-Təalanın yaratdığı qeyri-adi, insan ağlını, düşüncəsini aciz qoyan hadisələrdir. Möcüzə sözünün kökündə də elə əcz, yəni insanın acizliyi dayanır. İnsan baş verənlər qarşısında aciz olub Allah-Təalanın peyğəmbərin istəyi ilə əmələ gətirdiyi hadisə qarşısında təslim olmasıdır. Amma təəssüflər olsun ki, bəzən möcüzə görənlər belə təslim olmamaq üçün müxtəlif bəhanələr gətirərək öz kafirliklərinə, bədbəxtliklərinə davam etmişlər. Yeri gəlmişkən onu da vurğulayaq ki, bəşər tarixinin ən böyük möcüzəsi qiyamətə qədər öz ehtişamını və gücünü qoruyacaq olan Qurani-əzimmüşşandır ki, bəşər övladı Onun nuru ilə Aydınlıq və Qurtuluş yollarını görür və görəcək. 

Onun üçün çətin nə var ki?

Merac hadisəsi bir qədər fərqli parametrlərdə baş vermişdir. Ayələrdə də bildirildiyi kimi, Rəsulullah gecə ilə Məkkədən Qüdsə aparılmış, oradan da Allah-Təalanın yüksək məqamına yüksəldilmişdir. Rəsulullaha bu səfər zamanı cənnət də, cəhənnəm də göstərilmişdir. Onun göy qatlarını keçərkən digər peyğəmbərlərlə görüşdüyü, imam olaraq öndə durub birlikdə namaz qıldıqları da söylənməkdədir.

Merac mövzusunda bir həqiqət var ki, İslama inanmamış, təslim olmamış insana bu barədə bəhs etmək doğru hesab edilmir. Allahın birliyini, Həzrəti Məhəmmədin də Onun Rəsulu və elçisi qəbul etməyən birisinin bu cür möhtəşəm hadisəyə inanması inandırıcı deyil. Ona görə də inanmayanlara bu mövzuda bəhs etmək tövsiyə edilmir.

Bəziləri merac hadisəsinin, cismən deyil, ruhən yaşandığını iddia edirlər. Amma ən fantastik xəyalların belə həqiqətə çevrildiyi günümüzdə merac hadisəninin cismən yaşandığına şübhə eləmək fikrin acizliyindən başqa bir şey deyil. Bir də ki, Allah-Təala üçün mümkün olmayan nə var ki? Hz. İbrahimi alovun içində, Hz. Yunusu balığın qarnında günlərlə sapsağlam saxlamadımı?

Merac hadisəsinin fərqli zaman ölçüləri içində yaşandığını da söyləyirlər, yəni yaşadığımız dünyanın vaxt ölçüsü ilə bir neçə saniyə və ya dəqiqə qədər hesablanar, amma başqa zaman ölçüsündə çox uzun müddəti əhatə edə bilər.

Merac bir imtahandır

Merac hadisəsinin səhəri günü Rəsulullah baş verənləri danışır. Müşriklər əlbəttə, ona inanmırlar və bəziləri Həzrəti Əbubəkirin yanına gələrək istehza ilə deyirlər ki, sənin dostun bu cür əcaib şeylər danışıb. Həzrəti Əbubəkir bir zərrə də tərəddüd göstərmədən: "O söyləyibsə, doğrudur", - buyurur. Bu davranışından, bu təslimiyyətindən dolayı Həzrəti Əbubəkirə sıddıq, yəni inanmış, təsdiq etmiş ünvanı verilir.

Əslində Rəsulullahın söylədiklərinə münasibətdə hər birimiz Həzrəti Əbubəkir durumundayıq, hər birimiz "o söyləyibsə, doğrudur" təslimiyyəti ilə yaşamalıyıq. "Yaşamalıyıq" deyəndə ki, möminlərin ən doğru və yeganə yolu budur. Onun söylədiklərində şübhə axtaranlar, yalan görmək istəyənlər həqiqi iman etmişlər deyillər. Çünki Rəsulullah heç vaxt yalan danışmadı, heç vaxt nəfsinin istədiyini dilə gətirmədi, əksər hallarda onun söylədiyi Allah-Təalanın öz bəndələrinə bildirmək istədikləridir. İnandıq və təsdiq etdik, o, söyləyibsə, doğrudur. O, nə söyləyirsə, hamısı doğrudur. 

O yol hər kəsə açıqdır

Rəsulullah Merac hadisəsini danışarkən bəzi müşriklər onu imtahan etmək istədilər. Qüdsdəki məscidin əlamətlərini soruşdular, Rəsulullah (s.ə.s.) hər şeyi olduğu kimi söylədi. Hələ üstəlik, Qüreyş karvanını yolda gördüyünü də və o karvanın nə zaman Məkkəyə yetişəcəyini də bildirdi. Müşriklər etiraz edə bilmədilər. Amma öz inadlarından da dönmədilər.

Rəsulullah (s.ə.s.) bir hədisi-şəriflərində belə buyurmaqdadır: "Namaz möminin meracıdır". Doğrudur, hər möminin meracı Rəsulullahın meracı qədər ola bilməz. Amma hər merac da yüksəlişdir. Könlünü Allaha bağlayıb namaza yönələn insan artıq merac yolundadır. İnsanın ən uca anı səcdə anıdır, alnını ən aşağı nöqtəyə qoyub: "Allahım, bu qulun Sənin qarşında təslimdir" duyğusu ilə onu zikr etməsidir.

Merac dünyanın fövqünə çıxmaqdır, dünyanın hər cür qarğaşasından, qeylü-qalından qurtarmaqdır, yüksəkdə durmağı bacarmaqdır. Əlhəmdülillah, biz Rəsullulahın yaşadığı merac möcüzəsinə zərrə qədər də şübhə eləmirik. Öz acizliyini etiraf edən insan gərək deyilənə təslim olsun, ağlının yetmədiyi yerdə özündən bir şey uydurub zərərə düşməsin. Bir şeyin ki, adı möcüzədir və mən o möcüzənin ehtişamı qarşısında acizliyimi etiraf edirəm, demək, Allah-Təalanın və Rəsulunun buyurduqlarını qəbul etməkdən başqa doğru yolum qalmır. 

Xeyir yolu

Təkcə merac deyil, hər məsələdə Allahı və Onun Rəsulunun buyurduqlarını həyat rəhbəri götürmək ən doğru yoldur. Meracın təfərrüatından danışmırıq. Bizim üçün əsas olan merac hadisəsindən özümüz üçün çıxardığımız qənaətlərdir. Əgər Rəsulullah (s.ə.s.) merac yolunun namaz qapısı ilə hər birimizin üzünə açıq olduğunu müjdələyibsə, demək, yüksəliş bizim özümüzə qalır. İçimizi dünyadan arındırıb Allaha təslim edərək merac yoluna çıxmaq istənilir bizdən. Sevimli Peyğəmbərimiz (s.ə.s.) bir ürəkdə iki sevginin, yəni həm dünya, həm axirət sevgisinin olmasının mümkün olmadığını bildirir. Yəni gözü də, könlü də üfüqlərin o üzünə zillənmiş, hər əməlini Allah-Təalanın (c.c.) əmrlərinə uyğun olub-olmadığına görə ölçüb-biçən və dəyərləndirən könül əhli dünyaya sahib olsa da, qəlbində ona və onun nemətlərinə zərrə qədər yer verməz.

Hər namaz bir meracdır, hər namaz bir yüksəlişdir. Rəsulullah buyurur ki, möminin iki günü bir-birinə bərabər olmaz, yəni hər gün o, nəyi isə qazanmalı, elminə nəyi isə yeni bir şeyi əlavə etməlidir. Bu mənada müsəlman hər gün o merac nərdivanının daha yüksək bir pilləsinə ayaq basmalıdır. Merac hadisəsini biz bu cür qəbul etməliyik. Hər mömin bir merac yolçusudur. 

Merac ərməğanları

Meracda peyğəmbərimizə üç böyük hədiyyə verilmişdir:

- Bildirilmişdir ki, Rəsulullahın ümmətindən La-İlahə-İllallah, Allahdan başqa Allah yoxdur həqiqətini qəbul etmiş və Ona şərik qoşmayan hər bir müsəlman gec-tez cənnətə girəcək. Nə qədər möhtəşəm bir müjdə!

- Bəqərə surəsinin son ayələri verilmişdir.

- Beş vaxt namaz əmr edilmişdir. 

Bu gecənin bərəkəti

İlin elə günləri və gecələri var ki, müsəlmanlar həmin vaxtlarda ibadətlərin daha savablı, daha bərəkətli olduğuna inanırlar. Merac Qəndili əsrlər boyunca İslam dünyasında sevgi ilə, ehtiramla qeyd olunur. Bu gecə Quran oxuyurlar, dualar edirlər, nafilə namazlar qılırlar. Möminlər merac gecəsinin gündüzünü orucla keçirər, axşamını isə ibadətlə süsləyərlər. Ölkəmizdə bəzi kişilərə Merac və ya Mehrac adının verilməsi də məhz bu möhtəşəm möcüzəyə olan ehtiramın ifadəsidir.

Merac gecəsi münasibətilə bu gecənin və onun Qəhrəmanının dəyərini bilən və ya bilməyə can atan hər kəsi ən səmimi duyğularımızla təbrik edirik. Allah-Təala həyatımızı bu gecənin bərəkəti ilə süsləsin! Merac gecəniz mübarək olsun!

"Zaman Azərbaycan"