Hakerlər oğurluq etdilər

23 May 2014 23:12
Hakerlər eBay malların alış-satışı üzrə onlayn mağazasının məlumat bazasına müdaxilə ediblər. Müdaxilə nəticəsində şifrlənmiş parolların və digər fərdi məlumatların cinayətkarların əlinə keçməsi güman edilir. Bu barədə şirkətin rəsmi məlumatında deyilir.

Yaxın saatlarda eBay istifadəçilərdən hesab parollarını dəyişməyi xahiş edəcək. Bu barədə bildiriş həm onlayn mağazanın saytında, həm də istifadəçilərin fərdi elektron məlumatlarında yerləşdiriləcək.
 

Milli.Az ICTnews-a istinadən bildirir ki, müdaxilənin fevralın sonunda, martın əvvəlində baş verdiyi məlumat bazasında eBay istifadəçilərinin adları, şifrlənmiş şəkildə parollar, elektron poçt ünvanları, fiziki ünvanlar, telefon nömrələri və doğum tarixləri olub. eBay əməkdaşlarının qeydiyyat məlumatlarının cinayətkarların əlinə keçməsi iki həftə əvvəl, məlumat bazasına müdaxilə isə yalnız bu yaxınlarda məlum olub.

Lakin maliyyə informasiyası, o cümlədən bank kartları haqqında məlumatlar və məxfi fərdi məlumatlar müdaxilə olunan bazada saxlanılmayıb. eBay nümayəndələri bildiriblər ki, servislə işdə istifadə edilən maliyyə məlumatları ayrıca şifrlənmiş şəkildə saxlanılır.

Şirkət müdaxilədən sonra istifadəçilərin hesablarında fırıldaqçılıq fəaliyyəti aşkar etməyib. Bundan başqa, eBay bəyan edib ki, PayPal ödəniş sistemində hesablara avtorizə edilməmiş çıxış aktivliyi aşkarlanmayıb və PayPal istifadəçilərinin şəxsi və maliyyə məlumatlarına müdaxilə olunmayıb. Xatırladaq ki, PayPal hesabları haqqında məlumatlar eBay məlumatlarından ayrıca saxlanılır, maliyyə informasiyası isə şifrlənmiş şəkildədir.

Şirkət hüquq-mühafizə orqanları və informasiya təhlükəsizliyi üzrə mütəxəssislərlə birlikdə hazırda sistemə qanunsuz müdaxiləni araşdırır, eləcə də istifadəçilərin mühafizəsi üçün əlavə tədbirlər görür.

eBay internet mağazası 1995-ci ildə proqramçı Pyer Omidyar tərəfindən yaradılıb. Mağazada qeydiyyatdan keçmiş istənilən istifadəçi alış-veriş edə bilər. eBayda brend şirkətlər də öz mallarını sata bilərlər. Onlar tərəfindən satışa çıxarılan malları adi istifadəçi lotları arasında tapmaq mümkündür. Əvvəllər eBayda nəhəng marka və şirkətlər tərəfindən malların birbaşa satılması üçün nəzərdə tutulan ayrıca brands.ebay.com bölməsi fəaliyyət göstərib. Bölmə indiyədək aktiv olsa da, orada yerləşdirilən kateqoriyaların əksəriyyəti boşdur.

Milli.Az