Bakıda avtoş iki maşını əzdi, sərnişininin vəziyyəti ağırdır - FOTO

22 May 2014 09:09
Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, qəza paytaxtın Nizami rayonunda qeydə alınıb.
 
20 yaşlı Məmmədov Tahir Tamerlan oğlunun yüksək sürətlə idarə etdiyi "VAZ 2121" ("Niva") markalı minik avtomobili Qara Qarayev prospektində yolun kənarında dayanan "Opel" və "Mercedes" markalı maşınlara çırpılıb.
 
"Niva"nın çırpıldığı avtomobillər həmin ərazidə taksi fəaliyyəti ilə məşğul olan vətəndaşlara məxsus olub. Zərərçəkən sürücülər "Niva"nın yüksək sürətlə hərəkət etdiyini və başqa bir maşınla yarışdığını bildiriblər.
 
Qəza nəticəsində "Niva"nın sürücüsü və maşında olan 20 yaşlı sərnişin Şamil Xanmirzəyev 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıblar.
 
Xəstəxanadan APA-ya verilən məlumata görə, sürücüyə ambulator yardım göstərilsə də, sərnişinin xəsarətləri ağırdır. O, xəstəxananın travmatologiya şöbəsinə yerləşdirilib.
 
Qəzanın səbəbləri ilə bağlı araşdırma aparılır.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.