Avropa Milli Olimpiya Oyunlarının rəhbərləri Azərbaycanın ilk Avropa Oyunlarına hazırlıq işləri ilə tanış olacaqlar

21 May 2014 16:21
"Azərbaycanda Bakı 2015 Avropa Oyunlarına hazırlıq yüksək səviyyədə aparılır". Milli.Az Trend-ə istinadən məlumat verir ki, bunu gənclər və idman naziri, Bakı Avropa Oyunları Әməliyyat Komitəsinin baş icracı direktoru Azad Rəhimov "Procter&Gamble" və Bakı Avropa Oyunları Әməliyyat Komitəsi arasında əməkdaşlıq müqaviləsinin imzalanmasına həsr olunan tədbirdə çıxışı zamanı bildirib.

Hazırda oyuna hazırlıqla bağlı infrastrukturun qurulması istiqamətində iş aparıldığını deyən nazir qeyd edib ki, artıq iki testin həyata keçirilməsi ərəfəsindədirlər. Bunların birincisi gənclər arasında yüngül atletika üzrə Avropa çempionatı, ikincisi isə bədii gimnastika üzrə Avropa çempionatıdır: "Sınaq nöqteyi-nəzərindən gördüyümüz hazırlıq işlərini göstərə bilərik. Tofiq Bəhramov adına arena köhnə stadion olsa da, çox gözəldir. Bu stadion təmirdən sonra istənilən yüksək səviyyəli idman tədbirlərinin keçirilməsi üçün hazırdır".

A.Rəhimov deyib ki, bu həftə Avropa Olimpiya Komitəsinin Nikosiyada (Kipr) toplantısı keçiriləcək. Həmin toplantı zamanı Bakı 2015 Avropa Oyunlarının təqdimatı keçiriləcək. Bunu çox vacib tədbir sayan nazirin sözlərinə görə, bu tədbirdə Avropa Milli Olimpiya Oyunlarının rəhbərləri iştirak edəcəklər. Onlar tədbirdə Azərbaycanın bu oyuna hazırlıq işləri ilə tanış olacaqlar. "Bilirsiniz ki, bir müddət əvvəl Bakıda Əlaqələndirmə Komitəsinin iclası keçirilmişdi. Biz çox sevindik ki, apardığımız işlərə yüksək səviyyədə qiymət verildi".

Milli.Az