Bakıda Azərbaycan Beynəlxalq "Qida sənayesi" sərgisi keçiriləcək
21 May 2014 15:02
Mayın 22-də Bakı Ekspo Mərkəzində ənənəvi Azərbaycan Beynəlxalq "Qida sənayesi" ("WorldFood Azerbaijan 2014") sərgisi öz qapılarını ziyarətçilərin üzünə açacaq. Bu il özünün 20-ci yubileyini qeyd edən bu sərgi ötən iyirmi il ərzində qida məhsulları bazarında həm azərbaycanlı, həm də xarici istehsalçılar üçün oriyentir funksiyasını yerinə yetirmiş və bu gün sənayedə liderlik edən bir çox şirkətin Azərbaycan bazarında fəaliyyətə başlaması üçün start meydançasına çevrilmişdir Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi "WorldFood Azerbaijan" və "AgriHort Azerbaijan" sərgilərinə təşkilati dəstək göstərir. Sərginin təşkilatçıları qismində isə "Iteca Caspian" MMC və onun Böyük Britaniyalı tərəfdaşı - "ITE Group Plc" şirkəti çıxış edirlər. "WorldFood Azerbaijan" sərgisi dünyaca məşhur "WorldFood" sərgi brendinin bir hissəsidir və bu sərgi Rusiya, Ukrayna, Qazaxıstan, Özbəkistan, Hindistan, Türkiyə və digər ölkələrin qida sənayesi üzrə ən iri sərgilərini özündə birləşdirir. Böyük üstünlük olan bu cür tərəfdaşlıq təşkilati təcrübəni mənimsəməyə və bu ölkələrdə həm sərgini, həm də onun iştirakçılarını təşviq etməyə imkan verir. Artıq 7 ildir ki, sərgi "UFI" (Ümumdünya Sərgi Sənayesi Assosiasiyası) tərəfindən təqdir olunur. "UFI tərəfindən təsdiq olunub" nişanı sərgilərin bütün beynəlxalq standartlara uyğunluğunu təsdiq edir və tədbirin yüksək səviyyədə təşkil olunduğunu bildirir.
"WorldFood Azerbaijan" sərgisi ilk dəfə öz qapılarını 1995-ci ildə açıb və o vaxtdan etibarən, onun məşhurluğu Azərbaycan, Xəzəryanı region və bütün dünyanın mütəxəssisləri arasında durmadan artır. Bu illər ərzində sərgidə 1400-dən artıq şirkət iştirak etmişdir. Sərgi Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən dəstəklənir.
Biznes üçün yeni tərəfdaşlar tapmaq, mövcud işgüzar münasibətləri daha da möhkəmləndirmək, müqavilələr bağlamaq və yeni məhsul növlərini təqdim etmək - bu, "WorldFood Azerbaijan" sərgisinin iştirakçı və qonaqlarının qarşıya qoyaraq uğurla həyata keçirdikləri əsas məqsədlərdir. Sərgi öz yubileyini rekord sayda eksponentlə, yəni 242 iştirakçı şirkətlə qarşılayır. İlk dəfədir ki, sərgidə dünyanın 36 ölkəsindən nümayəndələr iştirak edirlər. Ənənəvi olaraq, bu siyahıda MDB (15%) və Avropa (57%) ölkələrindən gələn şirkətlər üstünlük təşkil edirlər. İştirakçıların sayına görə birmənalı surətdə liderlik edən ölkə Türkiyədir. Sərgi hər il yeni iştirakçıları cəlb edir, belə ki, bu ilin debütantları, o cümlədən Azərbaycan, Niderland Krallığı, Belçika, Türkiyə, İtaliya, İspaniya, İran və digər ölkələrdən gələn şirkətlər ümumi iştirakçıların 45%-ni təşkil edir. Dövlət dəstəyi və peşəkar assosiasiyaların koordinasiyası çərçivəsində təşkil olunan milli ekspozisiyalarla altı ölkə - İtaliya, İran, Hollandiya, Macarıstan, Latviya və Estoniya çıxış edəcək. Milli stendlərin bu cür fəal iştirakı "WorldFood Azerbaijan" sərgisinin beynəlxalq qida məhsulları bazarındakı nüfuzunu bir daha təsdiq edir!
Bu il eksponentlərin ümumi sayının 26%-ni təşkil edən yerli istehsalçılar və distribyutorlar da böyük fəallıq göstərirlər. Sərginin daimi yerli iştirakçıları arasında qida sektorunun aparıcı şirkətləri - "Absheron 2000", "Atena", "Azersun Holding", "BakFem", "Caspian Fish Co", Caspian Construction Systems", "Gilan", "Milla", "Şuraabad Quşçuluq" və digərləri var.
Regionlarda ən yeni avadanlıq və istehsal texnologiyalarının tətbiqini təmin etmək məqsədilə "WorldFood Azerbaijan" və "AgriHort Azerbaijan" sərgilərində Bərdə, Qəbələ, Gəncə, Lənkəran, Saatlı, Sabirabad, Xaçmaz və Azərbaycanın digər rayonlarından olan sahibkarlar üçün info-turlar təşkil edilib.
Ümumilikdə, iştirakçılar öz məhsullarını üç əsas istiqamətdə nümayiş etdirəcəklər: qida sənayesi ("WorldFood"), içkilər ("WorldDrink") və ərzaq texnologiyaları ("WorldFoodTech"). Sərgidə ət, balıq, qənnadı və çörək-bulka məmulatları, habelə meyvə-tərəvəz, içkilər, çay / qəhvə, süd və yağ-piy məhsulları, o cümlədən baqqaliyyə malları, konservləşdirilmiş məhsullar və dondurulmuş yarımfabrikatlar təqdim olunacaq. Stendlərdə isə qida sənayesi üçün avadanlıqlar, ət məhsulları / konservləşdirilmiş məhsullar, baqqaliyyə məhsulları, inqrediyentlər, çay, meyvə-tərəvəz və qənnadı məmulatlarının, habelə içkilərin geniş çeşidi nümayiş etdiriləcəkdir.
"WorldFood Azerbaijan 2014" sərgisinin yubileyi ilə əlaqədar olaraq əlavə tədbirlər proqramı planlaşdırılmış və həyata keçirilmişdir. Belə ki, 10 may tarixində Mərkəzi Botanika bağında ümummilli lider Heydər Əliyevin doğum gününə həsr edilmiş "Üzüm tənəklərinin əkilməsi" aksiyası keçirildi. Bu tədbir Azərbaycan Respublikası kənd təsərrüfatı naziri Heydər Əsədov, sərgilərdə iştirak edən şirkətlər və KİV nümayəndələrin iştirakı ilə təşkil olunmuşdu. Bununla yanaşı, bilavasitə sərginin iş günlərində də bir sıra tədbirlər həyata keçiriləcəkdir, belə ki, sərginin yubileyi ilə əlaqədar olaraq, "Premium şagird" adlı tədbir çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetinə qəbul zamanı yüksək bal toplamış altı tələbənin mükafatlandırılması planlaşdırılır. Üzüm "WorldFood Azerbaijan 2014" sərgisinin rəmzidir və buna görə də, sərgidə xarici iştirakçılara və ziyarətçilərə Azərbaycan mətbəxinin zənginliyini nümayiş etdirmək üçün (üzümdən istifadə etməklə) müxtəlif növ milli xörəklərin hazırlanması planlaşdırılır. Həmçinin, sərgidə iştirak edən bütün şirkətlərə suvenirlər təqdim olunacaq.
Sərgiyə həsr olunan çap məhsullarında yubiley ilə əlaqədar materiallar olacaq. Bura ilk növbədə sərginin rəsmi kataloqu, "Gündəlik xəbərlər: "WorldFood Azerbaijan 2014" qəzetinin xüsusi buraxılışı daxildir. Beləliklə, sərginin 20-ci yubileyinə həsr edilmiş əlavə tədbirlər özünün məlumat zənginliyi, koloriti və müxtəlifliyi sayəsində xüsusi təntənə və bayram əhval-ruhiyyəsi yaradacaqdır.