"Bu, mənim məhkəmələrlə bağlı mətbuata son açıqlamam olacaq. Çox danışıb, nüfuzuma xələl gətirmək istəmirəm"
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri xalq artisti Nazpəri Dostəliyeva bildirib.
Müğənni mətbuat katibi vasitəsilə KİV-ə bəzi sənədləri təqdim edib:
"Bu, məhkəmənin təxirə düşməsi ilə bağlı rəsmi saytda gedən məlumatdır, tanış olun - http://courts.gov.az/yasamal/about/pendcases/show/16615. Ölkənin nüfuzlu saytlarından birinin digər xəbərini də növbəti fakt kimi Habil Əliyevə xatırladıram - http://az.trend.az/news/society/1934408.html Bu xəbərdə "Gündəlik Bakı" qəzetinin qara siyahıda olması ilə bağlı məlumat var".
Qeyd edək ki, özünü İlhamə Quliyevanın vəkili kimi təqdim edən Habil Əliyev mətbuata açıqlamasında Nazpəri Dostəliyevanın həmkarı İlhamə Quliyevaya qarşı qaldırdığı məhkəmə iddiasının rədd edildiyini, məhkəmənin əlavə olaraq, N. Dostəliyevanın müdafiəçisinin vəsatəti əsasında ekspertizaya gedən sənədlərin xərci üçün 250 manat pulun tutulması haqda da qətnamə qəbul etdiyini deyib.
Xatırladaq ki, İ.Quliyeva ATV-nin efirində N.Dostəliyevaya xitabən "mən yemirəm, yedizdirirəm" demişdi. Bu ifadənin qarşılığında N.Dostəliyeva xalq artisti İlhamə Quliyevadan 100 min manat təzminat tələb edir.