Panama sabiq kəşfiyyat şefinə sığınacaq verib

20 Noyabr 2010 09:16
APA-nın xəbərinə görə, bu barədə məlumatı Panama XİN yayıb.
"Beynəlxalq normalara tam uyğun olaraq Mariya del Pilar Urtadoya onun xahişi ilə sığınacaq verilir", deyə Panama XİN-in yaydığı kommünikedə bildirilir.
2008-ci ilin oktyabrına qədər Urtado Kolumbiyanın kəşfiyyat və əks-kəşfiyyatla məşğul olan İnzibati Təhlükəsizlik Departamentinə (İTD) rəhbərlik edib. O müxalifətçi senatorun izlənməsi ilə bağlı qalmaqaldan sonra istefa verib.
Ötən həftə Urtado turist qismində Panamaya gəlib. Bir neçə gündən sonra Boqota məhkəməsində onun prosesi başlanmalı idi.

İTD birbaşa Kolumbiya prezidentinin administrasiyasına tabedir. Son bir neçə il ərzində onun əməkdaşları dəfələrlə qanunsuz əməliyyat keçirməkdə günahlandırılıblar. Bu əməliyyatlara yüksək vəzifəli rəsmilərin telefon söhbətlərinin dinlənilməsi və elektron yazışmasının izlənməsi daxildir.
Ötən il müdafiə naziri olarkən hazırkı Kolumbiya prezidenti Manuel Santos Departamentin köklü surətdə islah olunması təşəbbüsünü irəli sürüb. O struktura qarşı "dərin cərrahi müdaxilə" həyata keçirməyə və onu "xristian qaydalarına uyğun dəfn etməyə" çağırıb. Onun sözlərinə görə, İTD məxfi məlumatları digər ölkələrin hökumət nümayəndələrinə ötürüb.

Milli.Az