Cənnətə bilet alan redaktor - Milli.Az-dan REPORTAJ - FOTOSESSİYA

19 May 2014 18:38

Azvision.az saytının "Redaksiyada bir gün" adlı layihəsinin növbəti mənzili - Milli.Az xəbər portalıdır

Xoş-beş, on beşdən sonra redaksiya ilə tanışlığa "maraqsız adam"la söhbətdən başlayırıq. Əstağfurullah, bunu biz demirik, özü-özünü belə adlandırır. Söhbət saytın baş redaktor müavini Elçin Alıoğludan gedir.

"Elçin M." adı ilə yaşamağa məhkum olan (bunu da özü deyir) baş redaktorun müavini ilə söhbətimiz zamanı mövzunun tez-tez dəyişməsindən biz də rəng alıb rəng verirdik. İndi görün, Qazax elindən olan Elçin M. aldı əlinə sazı, nə dedi:

"O dünyada bütün günahlarım F8-lə silinəcək"

"Ən böyük arzum Oman Sultanlığında işləməkdir. Təsəvvür edin ki, daxili işlər naziri kənd təsərrüfatı naziri ilə görüşüb. Dilimizdə nə qədər bəsit səsləndi, elə deyilmi? Amma Oman Sultanlığında işləsəm, yazaram: Daxili işlər naziri möhtəşəm, əzəmətli Bin Mahmud-bin Əl Seyd- bin Əhməd kənd təsərrüfatı naziri Bin Abdullah- bin Əsəd -bin Əhməd ilə görüşüb. Vəssalam, 8 abzas doldu. Xəbər hazırdır. Gözəllik budur. Mən o dünyaya gedəndə, məndən Həzrəti Cəbrayıl soruşacaq ki, o nə edib? Mən də bütün günahlarımı açıb deyəcəm ki, budur, budur, budur...Və oradan qeybdən səs gələcək ki, kişi yazıqdır...O, milli.az-da işləyir. Onda bütün günahlarım F8-nən gedəcək..."

Elə bu an otağını zəbt etdiyimiz baş redaktor Anar İmanov dilə gəlir: "Bu, həmçinin mənə də aiddir, cənnətə biletimiz çoxdan hazırdır. Jurnalistlər, siyasətçilər, məşhur adamlar hamısı cəhənnəmdədir. Cənnətdə mömin insanlardır, şəhidlərimizdir. Mən çox istəyərdim cənnətə düşüm. Mən sizə bir söz deyim: buradakı həyatdan və işdən sonra bəlkə də, cəhənnəm bizə cənnət görünəcək".



Anar müəllim, bu jurnalist tayfası ki var cənnətin qapıçısı Rizvandan da müsahibə götürər... Demədilər deməyin. Əşi, "Cənnət-cəhənnəm" bizdən uzaq, hələ qulağımız eşidəsi çox sözlər var:

Elçin M:

- Yeni Zelandiyada təhsil almamış bir çobanın dərdi yoxdur. Bəzi insanların savadı onun qatilinə çevrilir, bəzilərinə təkan verir. Təkan olanda gözəldir. Biz cəmiyyətin arxasınca yox, savadla, etikayla, dözümlülüklə cəmiyyəti öz arxamızca aparırıq. Ağıllı insanları sevmirəm, eləcə də sizin baş redaktorunuz Vüsalı. Çünki Vüsal da Azərbaycan üçün nadir ağıla malik insanlardandır. O, yeganə adamdır ki, hər hansı kitabdan mən bir cümləni deyəndə, o cümlənin arxasını gətirə bilir.

Siz də bilin: Mənim ağıllı adamlardan xoşum gəlmir deyəndə, baş redaktor Anar İmanov Elçin müəllimə iki dəfə çox sağol deyir.



Elçin M. "Saytları açan kimi bütün müğənnilər deyir ki, mənim dərdimnən kişilər yata bilmir. Və mən küçələri dolaşıram ki, nə qədər görəsən, yuxusuz kişi var?

Küçələri dolaşdığınıza görə, görünür, sizin də gözünüzə yuxu getmir.

"Mən işə gələndə karvalol içib gəlirəm. Şok açıqlama başlıqlarını görüb o qədər şoka düşüb- çıxıram ki, artıq məni nə iləsə şoka salmaq mümkün deyil. Azərbaycan saytlarından biri yazmışdı ki, "Bakıda "Eurovision" başladı - Ekzklüziv", "Filan müğənni qlobal problemindən danışdı" və ilaxır. Sonradan məlum olur ki, müğənni ayaqqabı alıb, dükana geri qaytara bilmir. Siyasətçilərimizin açıqlamasını oxuyanda elə hiss edirəm ki, gözlərim yanır və piratların dəfinəsini tapmışam. O qədər gözəl sözlər deyirlər ki..."

Elə bu an bizə sarı: "Siz gözləyirsiz ki, mən sizə ağıllı sözlər deyəcəm? Yox".

Yox, yox da...heç bizə də əjdaha lazım deyil.

Nəhayət...Fincanda çay gəlir....Elçin müəllim çay havayıdı deməyincə, heç birimiz çaya əl uzatmırıq...



Bu da bizim demaqoqluğumuz: "Fincanlarınız qapqaradır, çayın rəngi görünmür, haradan bilək ki, bizə gətirdiyiniz su deyil, çaydır...

Elçin müəllim: "Siz gəlib özünüzü təqdim edəndə vəsiqələrinizi göstərmədiniz, biz haradan bilək ki, siz də jurnalistsiz.. Biz sizi dediyiniz kimi qəbul etmək məcburiyyətindəyik. Eləcə də siz çayı..."

Bizi hələ heç bir redaksiyada belə sındıran olmamışdı...LİKE

Elçin müəllim, maşAllah o qədər maraqlı insansız ki, söhbətinizdən adam yorulmur.
Elçin M: "Siz bura gələnə qarşınıza məqsəd qoymuşdunuz ki, yorulacaqsınız?"

Elçin müəllim, ikinci dəfə LİKE

Bizdən fərqli olaraq, müxbirlər sizi o qədər də like etmir, deyəsən:

Elçin M.:
- Buradakı uşaqların hər birini öz balam kimi istəyirəm, bunlar mənə nifrət edirlər. Amma bilirlər ki, zərrə qədər çətinlik olsa, mən bunların yanında olacağam. İşdə isə səmimi olmağa çalışıram, yəni işlədirəm. Başqa redaksiyalarda gündə 50-60 xəbər vermək normal sayılırsa, bizdə gündə ən az xəbər 100 olur. Bizdə işçi maliyyə problemi nədirsə onu bilməməlidir. Bura gəlirsə, onun beyni açıq olmalıdır. O düşünməməlidir ki, mən evə gedəndə nə alacam, nə yeyəcəm. Başqa redaksiyada hansısa müxbir öz redaktoruna deyə bilər ki, sizin yazdığınız yazı bir köpüklükdür. Mən özüm onlara azadlıq verirəm ki, desinlər. Onların hər biri mənim yeriyən vicdanlarımdır. Məni sevmək məcburiyyətində deyillər. Onlar özlərini sevirlər. Özlərini sevirlərsə, hamını sevəcəklər. Onlara deyirəm ki, çalışın mənim arxamca danışın. Və şükür Allaha ki bu işdə də sözümdən çıxmırlar. Mənim sevmədiyim iki şey var: insafsızlıq və yalan. Mənə yazı maraqlıdır. Yazıda isə jurnalistin əməyinin tənqidi olmalıdır, şəxsiyyətin tənqidinə yol verilmir burada. . Problemi varsa, uşaqlar deməlidir. Dini, irqi ayrı-seçkiliyə qətiyyən biz yer vermirik. Amma uşaqlar bilir ki, xəbər bir dəqiqə gecikəndə mənim içimdə bəyaz dovşan oyanır. Bura sualtı bir qayıqdır. Hərə öz avarını çəkir. Kim işini görmürsə, o qayıq arxda batacaq".

Allah uzaq eləsin Elçin müəllim. ...O dovşan oyanmamış biz durub gedək müxbirlərin yanına..



Siz də bilin: Saytın müxbirləri ağ divarlı, böyük bir otaqda Day.az saytının müxbirləri ilə çiyin-çiyinə çalışırlar.

Biz də onların çiyinlərinə toxunmadan özünü Milli.Az-ın universal əsgəri adlandıran Teymur Hacıyevi dindiririk:

-Teymur, nədən yazırsan?
- Sosialdan, siyasətdən yazıram, dünya mətbuatından tərcümələr edirəm. Şou-biznesdən başqa hər sahədən. Müğənnilərlə yola getmək qəliz məsələdir. Onlardan yazsan, gərək düşmən olasan. Mən Milli.Az-da universal əsgərəm. Lazım olsa, kəşfiyyata gedirəm, lazım olsa, tankçı oluram. Siyasətçilərlə isə heç bir narazılığım olmayıb. Səsləri diktofonda olur, həm də ki olduğu kimi yazırıq.

Sən tankını sür, görək Anar nə deyir:



Anar: "Teymurdan soruşun ki, müraciət etdiyi siyasətçinin birinin adını desin sizə".
Teymur dillən də:
Teymur: Azərbaycanda siyasətdə tanınan bütün siyasətçilərlə əlaqəm olub. Bilmirəm Anar nəyi nəzərdə tutur".

Heç biz də bilmədik, Anar kimə daş atırdı, sənə dəydi.



Sən özün kimə daş atmısan e, ondan danış?

- Bir dəfə siyasətçilərdən birinə zəng vurdum və müsahibə aldım. Müsahibimlə sağollaşandan sonra gördüm ki, səsi diktofon yazmayıb. Həmin adama bir də zəng vurdum və həmin müsahibəni bir də aldım. Bu dəfə də diktofon yazmamışdı. 3-cü dəfə, nəhayət, diktofon yazmışdı. Adını deməyəcəm, həmin səbirli siyasətçini tanıyarsınız yoxsa (gülür).

Özüm jurnalist olduğum üçün jurnalistlərə etibarım yoxdur. Bu dünyada ən etibarsız adam jurnalistlərdir. Bunu öz jurnalistlərimizin simasında da görmüşəm. Məsələn, bizim Anar üçün xəbər hər şeydən önəmlidir".

Elçin müəllim: "Teymur bu yaxınlarda ultrasəs müayinəsini gətirdi. Dünyada yeganə insandır ki, mədəsində smaylik var. Mədəsi baxıb gülür.



Teymur: "Xahiş edirəm bunu yazmayın da".

Bağışla da, ta özün də dedin ki, jurnalistlərə etibar yoxdu.

Elçin müəllim: "Teymur işə gecikəndə də mənə smaylikli mesaj göndərir. Camaata qadınlar mesaj göndərəndə mənə də bu tüklü kişilər mesaj göndərir".

Siz nələr çəkirsiniz . EH..

Tasmaniya canavarı - dini senzor

Elçin müəllim: - Elnuru görürsünüz. Bizim Elnur müəllim həm fotoredaktordur, həm də burada bizim dini senzuramızı həyata keçirir. Karoçi, redaktor, hansısa şəkli qoy deyə bilər, bizim Elnur fətva verdikdə isə o şəkil sayta verilməyəcək. Buddizimdə Reinkarnasiya deyilən bir şey var: hər bir insanın keçmiş həyatında nəsə bir şey olub. Elnur da keçmiş həyatında Tasmaniya canavarı olub. Elnurun işdən getmə sürəti orta ballistik sürətdən 4 dəfə çoxdur (Redaksiyada gülüş).

Elnur, Elçin müəllim sənin işdən getmə sürətindən danışdı. Bu, nə mesaj idi?

- Mən şəkillərlə işləyirəm. Sayta şəkilləri, videoları yükləyirəm. Adminlik də edirəm. Yəni demək istədi ki, səhvim yoxdur, iş, əl sürətim daha çoxdur. 10 xəbərin məsuliyyətini 10 nəfər daşıyırsa, həmin 10 xəbərin şəkil məsuliyyətini tək mən daşıyıram.



İnşallah, sənin məsuliyyətindən bir qram Elşəndə də olar.

Gündəmi izləyib, haldan düşən, özünü itirən Elşən İmanov: "Dayanın, Milli.Az-ı açım".



-Sənin də şəklini çəkməyək.
-Yox hər şeyim düşsün. Dayanın Milli.Az-ı açım, ekranda "Azərtac" yox , Milli.Az olsun.

Anar: Bu hamını parodiya edir.



Biz onun özünü yazıda elə parodiya edərik ki...

Elşən: "Mən də elə Teymurun sözünə qüvvət universal kimi bir şeyəm. Bütün günü gündəmi izləyirəm. Hərdən bir müxbirliyim də olur .
- Elçin müəllimin yanında oturursan, necə təsir edir?
- Vahiməyə düşdüm e lap.

Elçin müəllim, gözünün odunu almısınız, deyəsən...

Elçin müəllim: "Bunun belə danışmağına baxmayın. Mənim sağ qulağım işləmir. Səhər açılandan axşama kimi Özbəkistan, Tatarıstan, Qazaxıstan mədəniyyət günləri olur".

Elşən: "Elə gün olur çox danışıram, elə gün olur dilxoçuluq olur, lap sakit dururam".



Elçin müəllim: "Eşidirsiniz uşaqlar, sakit dururam deyir (redaksiyada gülüş).

"Allah haqqı pis şey danışmıram, Elçin müəllim"

"Elçin müəllim deyir, nə edirsiniz edin, əsas odur iş getsin. Hə Elçin müəllim elə demisiniz də?"

Elçin müəllim ona sərt-sərt baxır.
Elşən: "Allahhaqqı pis şey danışmıram".

Elçin müəllim: "Mənim haqqımda yaxşı söz desən, məndən incimə. Aramızda ən çox xaricdə gəzən budur. İsveç kral ailəsi ilə şam etmiş adamdır. Tam ciddi deyirəm. İtalyan dilini bilir".



"Bir dənə gecikən malış"

Redaksiyanın sonbeşiyi Ceyhun Ələkbərov italyan dilini bilməsə də, şou-biznes əhlinin dilini bilir:



"Milli.Az-da xəbər baxımından hər şey ilə məşğulam: şou-biznes, cəmiyyət, bunlar mənlikdir. Özü açıb-ağartmasa da, Anarın da sağ əliyəm (gülür). Bir üstünlüyüm də var ki, bütün partilərdə iştirak edirəm".

Elçin müəllim: "Ceyhunu harada itirsək, partidə tapırıq. Bu adam saat 12-dən sonra ayılır və işə başlayır. Çox zəngin gecə həyatı yaşayan bir adamdır. Azərbaycanda 2 nəfər var, biri Kənan M.M-di, bir də Elçin M - mən. Bu, məni Elçin M adlandırır (redaksiyada gülüş). Bir dəfə yazıb, onu da copy eliyib hər dəfə mənə göndərir, göstərə də bilərəm: "Elçin M. bir dənə gecikəciyəm mən", yazıb göndərir. Ondan sonra işə gəlir, çay içmə, kofe içmə mərasimləri olur. Bu adamın içində bir qədim samuray ruhu var, çay içmə bunda yavaş-yavaş getməlidir. Harada bir parti var, bizim qaqa da oradadı"

Ceyhun: "Təbii ki, Milli.Az-a xeyri olan partilər"(gülür).



Elçin müəllim: "Hə, xeyri var, gəlib partidə olanları bizə danışır. Ceyhun bizim özü yeriyən vicdan əzabımızdır. Amma qoçaq uşaqdı. İşləmək istəyəndə, heç kim ona çata bilməz. Gözəl şəkillər çəkir, mənəviyyatlı adamdır. Sonbeşik olduğuna görə də, bizim həyatımız Ceyhuna güzəştdən ibarətdir. Onun yazılarında avtobuslar uça bilir, adamlar divarlarda gəzir. Məsələn, qatı bir cinayət hadisəsi baş verəcəksə, yazır ki, xırda bir məsələ olub. Yəni, bunun öz aləmi var. Əxlaq, mənəviyyat cəhətdən tanıdığım çox adamlardan üstündür".

- Ceyhun, ərkəsöyün deyirlər sənə, neçə yaşın var?

- 21.

Dəhşətli cinayəti xırda məsələ edən adamsan, maraqlı hadisələr yaşamamış olmarsan...

- Pünhan Mürsəliyevə zəng vuranda həmişə bəy deyə müraciət edirdim. Bir dəfə də zəng vuranda, acıqlı vaxtına düşmüşdü, mənə qayıtdı ki, bəy nədi, mənə Pünhan de, mən
Pünhanam. Sağollaşanda da, utana-utana dedim ki, "yaxşı, oldu Pünhan"(gülür).

- MaşAllah, hamınızın üzündə smaylik yapışdırıblar elə bil..

- Yapışdırmayıblar, simamız belədir.



Ceyhun məni partilərə aparmır.

Sən demə, papaq altında oğlanlar var ki, parti həsrəti ilə yaşayır. Məsələn, Ceyhunun elə "parta yoldaşı" Rüfət Əhmədov kimi.

"Mən Milli.Az-ın facebook səhifəsinin adminiyəm. Lazım gələndə xəbər də verirəm, xəbər də axtarıb tapıram. Artıq facebook səhifəmizi 97 mindən artıq insan bəyənib.



- Rüfət, bəs lazım gəlməsə?

- Lazım gələndə bir-birimizə kömək edirik. Hamısı yaxşı uşaqlardır, baş redaktorumuz Anar müəllim də yaxşı insandır. Ceyhun mənə, mən də ona kömək edirəm".
Hansı köməkdən danışırsan ki, səni Allahın partisinə də aparmır.

Ceyhun: "Olan kimi aparacam", bu da sonbeşik SÖZÜ.



"İndiki oxucuları intihar edən, öldürülən şəxsin kimliyi yox, alt paltarının rəngi maraqlandırır"

Ceyhun söz verməyində olsun, biz də vicdan məhbusu Anar Məmmədovdan söz almaqda.

"Xəbər davası edirəm həmişə. Hamı ilə. Elə sahədən yazıram ki, hər gün söyülməknən məşğulam. Cinayətkar söyür, onun valideyni söyür. Üstəgəl, sayta qoyulan başlıqları bəyənməyəndə deyinirəm. Deyinmək ayıb deyil. Milli.Az yaranan gündən buradayam. Bəd xəbər də olsa, ilk xəbərləri yazmışam".

- Başdan əməlin bəd gəlib..

- Xəbər bəddir, özüm bəd adam deyiləm.



- Günə bəd başladın?
- Qanla başlayıb, qanla qurtarırıq. Məişət kriminalları adiləşib, oxucuya kriminal vermək lazımdır.
- Yəqin faciəli xəbər görəndə üzün gülür, üzün açılır hə?
- Yox, elə deyil. Yazandan sonra üzüm açıla bilər. Hüseyn Dəryanın ölüm xəbərini də çox kədərlə yazdım, dalbadal 5 siqaret çəkmişdim. Onun reper kimi ölməyi xoş gəlmişdi mənə. Mən onun ölümünü yataqda təsəvvür edə bilməzdim, reper kimi öldü. Məhəbbət Kazımov öləndə isə elə bildim ki, müğənni yox, yaxşı bir kişi öldü. Ona ağlayanlar, müğənninin öldüyünə yox, yaxşı bir kişinin dünyadan getdiyinə ağladılar. Danışa-danışa gəldik çıxdıq şou-biznesə yenə.
- Şou-biznesə gəlmişkən, kimə daş atırsan?
- Hamıya daş atıram.
- Hamının topuğu yaradır?
- Topuqdan vurmuram. Üz-üzə. Burada hər kəs üz-üzə oturub da, heç kim bir-birinə arxa çevirmiyib.
- Deyinirsən, redaktorun reaksiya verirmi? Bir qaşını qaldırıb baxırmı sakit dur!?
- Xəbər qaynayan redaksiyada mübahisə də, dava da olmalıdır. Bu dava, 1 xəbərin ömrü qədərdir. Normal qarşılayıram.
- Milli.Az yaranan gündən burdasan, maraqlı əhvalatlar sən də çox olar.
- Ancaq söyüşdür. Bir dəfə də polis rəisi mənə qarğış edib, o yadımdadır. Xəbərlə bağlı üstümə gəlmişdilər. Mən də həmin xəbəri verən rəisin adını verdim. Həmin rəis də mənə zəng vurdu, dedi ki, "Səni Allaha tapşırıram" (gülür).



- Bu otaqda ürəyiniz sıxılmır ki?
- (Gülür) İndi bunu mən deməliyəm də hə (gülür)? Kondisioner yandırırıq, kimə də soyuqdu çiyninə pencək atırıq.
- Maaşdan əlavə mükafatlandırma filan olurmu?
- Maaş kifayət qədərdir. Yəni, maaş tələb etməyi bacarırıq. Mükafatdansa maaş daha gözəldir, davamlıdır çünki.

Siz də bilin: "Elçin Alıoğlu: "Milli.Az-da rüşvət zinadır".



"12 kişi bir xanımı yola verməyəcək?"



Çox deyinə də bilərsən, çox pul tələb edə də bilərsən, amma Anar, inanmırıq ki, Ülviyyə xanım kimi yaxşı qol vura biləsən:

Ülviyyə: "Buraxılışa məsul redaktoram, xəbərlərin ardıcıllığı, intervalı, saytda yerləşdirilməsi bütün bunlar məsuliyyətim altındadır. Bizdə xəbər intervalı başqa saytlara nisbətən çox azdır, maksimum beş dəqiqə olur. Xəbər az olanda, bu, məni qıcıqlandırır, çox tələbkar oluram. Bir dəfə deyirəm ki, xəbər verin. Mən kişilərə səsimi qaldırmıram. Ən çox xəbəri Teymur gecikdirir. Tənbəldir, çox tənbəldir. Bax Teymur sənin qeybətini qırıram, deyirəm ki, çox tənbəlsən.(gülür)

- "Qalatasaray" və "Barselona"nın azarkeşiyəm. Balaca vaxtı yaxşı qapıçı olmuşam. Futboldan da yazıram. İdman reportajlarını mən yazıram.
- Bəlkə, kollektiv gedib bir futbol da oynayasız?
- Kollektivi bir yerə yığıb futbol oynamaq mümkün deyil. Çünki işçilərin yarısı işdə olanda, yarısı sərbəst olur. Çox yüklənirik xəbərlə. Elə gün olub ki, 6 saat ərzində 210 xəbər vermişəm sayta.



Qoldan söhbət düşmüşkən, idman müxbiri Şirinov Niyaməddinə rəhm edin Ülviyyə xanım, o hələ bir aydır Milli.Az-a gəlib:

Niyaməddin: "Mənə Niyam deyirlər burada. Səhvim olan kimi, Elçin müəllim gözləmir, sağolsun, yaxşıca danlayır".



- Gələndə kimi gözün tutmamışdı?
- Rüfət gözümün düşmənidir.
- Parta yoldaşın Anarla necə yola gedirsən?
- Bir az soyuqdu (gülür)



Siz də bilin: Soyuq yellər əsir, deyəsən, Anarın Niyama baxışlarından biz də vahimələndik.

Niyam: "Siz gedəndən sonra cinayət ola bilər (gülür). Zarafat edirəm, Anar yaxşı adamdır".

Bu arada nahara az qalıb. O biri müxbirlər şirniyyatı xətkeş ölçüsü ilə bölürlər. Fotoqrafımıza eşq olsun.



"Mən 100 dollarlıq əskinas deyiləm ki..."

Bax beləcə, müxbirlərindən fərqli olaraq partilərə getməyən, işə metro-avtobusla gələn, 30 manatlıq telefon işlədən sadə adam baş redaktor Anar İmanovla son söhbətimizi edirik:

"Sadə adamam, sosial şəbəkələri xoşlamıram, 5 ildir facebook-dayam, indi-indi öz şəklimi qoymuşam. Facebook-a can bağlamaq lazım deyil".



Redaktor kürsüsünü qoyub işçilərin arasında kompüter arxasında əyləşməyinizdən görürük.

"Biz çalışırıq ki, həmişə birinci olaq, həmişə ailə kimi olaq. Ola bilsin ki, kiminsə bu xoşuna gəlmir, amma yenə də hamıya çox böyük hörmətimiz var. Hətta bizim xəbərləri oğurlayanlara, bizə istinad etməyənlərə də. Adbaad çəkərəm, nəyə lazımdır? Vicdanları yol verirsə, qoy oğurlasınlar? 35 yaşım var, müəyyən yaşa çatanda görürsən ki, bu istinad davası - səviyyəsizliyə enmək, sadəcə vaxt aparır. Allah xəbər oğrularına da can sağlığı versin, hərəsi bir ailənin üzvüdür.

Həyatı içindən görə bilməsən, onu başa düşə bilmərsən... Mən səhər işə, metro, avtobusla getməsəm, nəqliyyatdakı problemləri görə bilmərəm... Həyatı çətinlikləri ilə yaşamaq lazımdır ki, rahatlığın nə olduğunu başa düşə biləsən. Mən 100 dolarlıq əskinas deyiləm ki, məni sevsinlər. Amma bu sevməmək əsas işə siraət edirsə, buna qarşıyam".



Bax beləcə artıq redaksiyadakı işimizi bitirmişik. Müxbirlərdən kimi nahara gedib, kimi isə hələ işləyir. Sağ olsunlar, nahara dəvət də aldıq, amma necə deyərlər, qonağa qapı tez görsənər.

Biz isə xoş qarşılandığımız kimi də yola salınırıq.

Yazımız bitdi, amma biz də.

To be continued

Azvision.az

Böyütmək üçün şəkillərə klikləyin.