Ermənistanın Azərbaycana təcavüzündən bəhs edən kitabın ictimai müzakirəsi keçirildi - FOTO
16 May 2014 11:29
"Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin mərkəzi qərargahında Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatına təqdim edilmiş "Ermənistanın Azərbaycana təcavüzü: təhlili xronika (1987-2011)" adlı kitabın ictimai müzakirəsi keçirilib.
İctimai Birlikdən Trend-ə verilən məlumata görə, kitabın elmi redaktoru Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Əli Həsənov, rəyçisi millət vəkili, tarix elmləri doktoru, professor Musa Qasımlı, məsləhətçisi isə "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin sədri, icma rəhbəri Bayram Səfərovdur.
Tədbiri giriş sözü ilə açan B.Səfərov bildirib ki, "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin təşəbbüsü ilə nəşr edilmiş kitab müasir dövrdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə daha yaxından tanış olmaq istəyən hər bir kəsdə real təsəvvür yaradaraq son 25 illik tariximizdə Ermənistanın ölkəmizə təcavüzü ilə bağlı aparılan tədqiqatların kompleks şəkildə öyrənilməsi işinə sanballı töhfədir.
B.Səfərov deyib ki, xronoloji ardıcıllıqla təhlil edilən kitabda erməni millətçiliyinin mahiyyətini, xalqımıza qarşı əsrlər boyu qanlı qırğınlarla müşayiət olunan soyqırım cinayətlərinin XX əsrin sonu - XXI əsrin əvvəllərində də davam etməsi və bunun təkzibolunmaz faktlar əsasında təhlili, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi dövlət terrorizmi siyasətinin dünya ictimaiyyətinə çatdırılması baxımından çox vacibdir.
Kitabda ümummilli lider Heydər Əliyev və Azərbaycan Prezidenti İlham Əliyevin beynəlxalq təşkilatların ən yüksək səviyyədə keçirilən zirvə toplantılarında çıxışları, nitqləri və bəyanatlarının şərhi verilir ki, bu da münaqişənin nizama salınması istiqamətində Azərbaycan dövlətinin mövqeyinin dünyaya daha dolğun və obyektiv çatdırılması baxımından əhəmiyyətli olacaqdır.
Müzakirələrdə millət vəkilləri Elman Məmmədov, Bəxtiyar Sadıqov, Aydın Mirzəzadə, Xocavənd rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov və başqaları çıxış edərək əsəri müstəqillik tariximizdə Ermənistanın Azərbaycana təzavüzü ilə bağlı sistemli şəkildə yazılmış səlnamə kimi qiymətləndiriblər.
Erməni millətçiliyinin mahiyyətini, xalqımıza qarşı əsrlər boyu qanlı qırğınlarla müşayiət olunan təcavüzünün XX əsrin sonu-XXI əsrin əvvəllərində də davam etməsindən bəhs edən və bunun təkzibolunmaz faktlar əsasında təhlil edildiyi ensiklopedik əsərin Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi dövlət terrorizmi siyasətinin dünya ictimaiyyətinə çatdırılması baxımından çox əhəmiyyətli olduğu bildirilib.
Çıxış edənlər vurğulayıblar ki, monoqrafiyada elmi mənbələr əsasında ermənilərin Dağlıq Qarabağda, eləcə də tarixi Azərbaycan torpaqlarında məskunlaşdırılmasının ayrı-ayrı mərhələləri haqqında geniş məlumat verilir. Bununla yanaşı, erməni millətçilərinin ərazi iddiaları, azərbaycanlılara qarşı həyata keçirilən terror, etnik təmizləmə və soyqırımı siyasətindən ətraflı bəhs olunur.
Ümumilikdə isə, bu monoqrafiya azərbaycanlıların soyqırımının tanıdılması, erməni millətçilərinin cinayətkar əməlləri, eləcə də Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddialarının ifşa edilməsi istiqamətində dövlətimizin həyata keçirilən tədbirlərə mühüm töhfə kimi qiymətləndirilib.
Bildirilib ki, əsər Qarabağ Araşdırmalar Mərkəzinin rəhbəri, Dövlət İdarəçilik Akademiyasının dosenti Elçin Əhmədovun üzünmüddətli tədqiqatlarının nəticəsi olmaqla yanaşı, eyni zamanda Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının fəaliyyətinin də bir göstəricisidir. Bu baxımdan kitabın Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları komissiyasına təqdim edilməsi yüksək qiymətləndirilib.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.