Bakıda "The Business Year: Azerbaijan - 2014" nəşrinin təqdimat mərasimi keçirilib - FOTO

14 May 2014 21:02
Bakıda "The Business Year: Azerbaijan - 2014" nəşrinin təqdimat mərasimi keçirilib.


Trend-in məlumatına görə, "The Business Year: Azerbaijan - 2014" nəşrinin təqdimat mərasimində çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib ki, bu gün dünyanın müxtəlif nöqtələrində, nüfuzlu beynəlxalq qurumlarda, ayrı-ayrı mötəbər tədbirlərdə Azərbaycanın inkişaf modeli, Azərbaycan nümunəsi, "Azərbaycan fenomeni" haqqında çox danışılır: "Hesab edirəm ki, bunun əsasında ümummilli lider Heydər Əliyev tərəfindən formalaşdırılmış ideya-siyasi xəttin, inkişaf strategiyasının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən zənginləşdirilərək, müasir dövrün reallıqları, inkişaf meyilləri nəzərə alınmaqla, konseptual şəkildə, konkret proqramlar əsasında uğurla davam etdirilməsi amili durur".

PA rəsmisi bildirib ki, cənab İlham Əliyevin 10 illik prezidentliyi dövründə Azərbaycanın identikliyi, özünəməxsus cəhətləri sürətlə inkişaf etdirildi və bütün dünyaya təqdim olundu: "Məlum olduğu kimi, 2013-cü ildə "The Business Year" şirkəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi dünyada "İlin Prezidenti" elan etmişdir. Bunun başlıca səbəbləri dövlət başçısının son beş ildə Azərbaycanın dinamik inkişafına, dünyanın geosiyasi məkanında fəal iştirakına, BMT-nin Təhlükəsizlik Şurasının üzvü kimi qlobal arenada sülh və təhlükəsizliyin təmin olunmasına, ilk "Azerspace" telekommunikasiya peykinin orbitə buraxılması ilə Azərbaycanda, bölgədə və dünyada internetin, informasiya-kommunikasiya texnologiyaları sektorunun inkişafına verdiyi önəmli töhfələr, habelə Azərbaycanın mühüm beynəlxalq ictimai, siyasi, iqtisadi, humanitar forumların, konfransların, idman yarışlarının keçirildiyi mərkəzə çevrilməsindəki xidmətləri olmuşdur. Göründüyü kimi, göstərilən səbəblərin hər biri Azərbaycanın müasir tarixində ölkəmizin identikliyini şərtləndirən vacib amillərdir".

Sonra tədbir çərçivəsində mükafatlandırma mərasimi keçirilib.

Təqdimat mərasimində "The Business Year" şirkəti Azərbaycanın birinci xanımı, Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanı Azərbaycan Respublikasının ictimai, sosial və mədəni həyatında fəal iştirakına, cəmiyyətin dinamik inkişafına verdiyi mühüm töhfələrə, Azərbaycan mədəniyyətinin dünyada təbliği sahəsində əvəzsiz xidmətlərinə, ümumdünya mədəni irsinin qorunub saxlanması işinə hərtərəfli dəstəyinə, sosial ədalət və humanizm prinsiplərinə sadiqliyinə görə dünyada "İlin Birinci Xanımı" elan edib.

Bu mükafat Heydər Əliyev Fondunun nümayəndəsi İlqar Mustafayevə təqdim olunub.

"Azərbaycanın milli maraqlarının təbliğinə görə "Vətənpərvərlik" mükafatı (Patriotism Award of Promotion of National Interest) Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənova təqdim edilib.

Sonra digər mükafatlar təqdim edilib. "İlin xarici investoru" mükafatına Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, "İlin korporativ bankı" mükafatına "Pasha Bank", "İlin beynəlxalq dialoqu" mükafatına Avropa Azərbaycan Cəmiyyəti, "İlin aviaşirkət rəhbəri" mükafatına "Azərbaycan Hava Yolları" QSC-nin rəhbəri, "İlin ixracatçısı" mükafatına "Azərsun Holdinq", "İlin mobil internet provayderi" mükafatına "Bakcell" şirkəti, "İlin infrastruktur yeniliyi" mükafatına "AzVirt" şirkəti, "Vətəndaş cəmiyyəti sahəsindəki nailiyyət" mükafatına "Kaspi" təhsil mərkəzi, "İlin investoru" mükafatına "Bakıgəmiqayırma" şirkəti, "İlin sənaye şirkəti" mükafatına "Norm Sement" şirkəti layiq görülüb.

Qeyd edək ki, jurnalın bu nəşrində Azərbaycan Prezidenti İlham Əliyevin, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın və digər nüfuzlu şəxslərin müsahibələri yer alıb.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.