Sürpriz - Paytaxtın yeri dəyişdirilib: əsl Bakı haradır?
29 Noyabr 2010 10:06
"Əsgərlərin döyüş təlimi zamanı kolda gizlənmiş dovşana elə gəlirdi ki, bütün bu hücumlar məhz ona qarşı yönəlib" - İ.İlf.
Bir neçə gün əvvəl Moskvadan rus qonağımız gəlmişdi. Səfərdən qabaq epistolyar janrda başkəndimizi ona tərifləmişdim ki, Bakı indi Qafqazın Nyu-Yorkudur, Tokiosudur, canım sənə desin, Sidneyidir, göydələnlər şəhəridir, durma gəl. Bu saman sarısı urus balası da eləmə tənbəllik, götür çantanı, çıx evdən, tüpür dabanına, ya Allah, Bakıya, Qafqazın göydələnlər şəhərinə.
Nəsə, hava alanında qonaqla xoş-beşdən sonra yaxınlaşdıq taksilərə. O dəqiqə bir sürü qızıldiş, bığlı kişi cumdu üstümüzə ki, oturun gedək. Hətta biri qabaqdangəlmişlik eləyib tezcədən "Ya allah, ya Məhəmməd, ya Əli" də dedi ki, yəni day o biri sürücülər özünü yormasın, guya, artıq biz onun müştərisiyik. Yazıq rus balası sürücülərin hücumunu görüb qorxdu, elə bildi onlar da bizim milli skinhedlərdir, onu ayaqlamağa cumurlar, istədi qayıdıb geri qaçsın. Tez qolundan tutub anlatdım ki, qorxma, onlar bizi öldürməyəcəklər. Ağzımızı açmağa macal tapmamış iki sürücü bizim üstümüzdə əlbəyaxa oldu. Bir-birlərinin münasib yerlərini və beş-altı qız-gəlin söyüşü söyüb başladılar yumruqlaşmağa. Sürücülərin biri o birinə dedi:
- Mənim çörəyimə bais olan oğlanın balaca bacısını... o məsələ!
O biri qayıtdı ki:
- Çörəyi verən Allahdır, sənin kimisinin balaca bacısını da, böyük bacısını da... yenə o məsələ!
Mən gözlədim ki, ikinci sürücü ortancıl bacını da yağlayacaq və ara sakitləşəcək, ancaq Allah ortancıl bacının üzünə baxdı və sürücülər bacıların ən balacasını, sonbeşiyini, anaların ən qocasını, ən ağbirçəyini söyüb süpürləşməyə başladılar. Birinci sürücü beqəfil ikincinin ağzına möhkəm bir kəllə vurdu. İkinci sürücü tez özünü ələ alıb, sınmış dişini yerə tüpürdü. Cəld maşına tərəf götürüldü. Biz elə bildik dava qurtardı. Ancaq ağzıqanlı sürücü maşının qabaq qapısını açıb ayaqaltından uzun bir dəmir çıxartdı, göz qırpımında yüyürüb həmin dəmir dəyənəyi rəqibinin kəlləsinə endirdi. Ara qarışdı, mənsəb itdi.
Aranın qarışmağından istifadə edib qonaqla birlikdə sürücülər görməsin deyə, maşınların böyrü ilə əyilə-əyilə tez oradan uzaqlaşdıq. Əyildiyimiz yerdə rus balası yavaşcadan qulağıma dedi ki, onlar niyə dalaşdılar, biz niyə əyilə-əyilə gedirik, bura Bakıdır?
Dedim: "Yox, ay rəhmətliyin oğlu, Bakı qabaqdadır"
Milli rallidə betona qarışıq qan
Yolda paslı bir taksiyə oturub aradan çıxdıq. Sürücü Ağadadaşa "polnu" xod vermişdi. Bağıra-bağıra hara getdiyimizi birtəhər başa sala bildim. Suraxanıya çataçatda ağzına kimi adamla dolu iki avtobus yanımızdan güllə kimi keçdi - ötüşürdülər. Hər iki avtobusun pəncərəsindən sərnişinlər başlarını çıxarıb arxada qalanlara dil çıxarır, fitə basıb yanmışlıq verirdilər. Yəni bizim avtobus sizinkindən bərk gedir. Dala qalan avtobusun sərnişinləri də sürücünü mahmızlayırdılar ki, bərk sür, bu köpəkuşağını keçək. Bir neçə dəfə qəza vəziyyəti yarandı. Hər dəfə də bu vəziyyəti görəndə rus qonaq gözlərini yumur, xaç çəkir, dodağının altında tez-tez "boje moy...boje moy..." deyirdi. Yenə soruşdu ki, bu nəmənədir?
Zarafata salıb dedim ki, bu, bizim milli rallimizdir. Sizin rallilərdən fərqli olaraq, bizim Şumaxerlər öz azarkeşlərini də maşına mindirirlər.
Əzizbəyov körpüsünə çatanda tıxaca düşdük, qabaqda təcili yardım və yol polisi maşınları yanıb sönürdü. Handan-hana məlum oldu ki, bayaq ötüşən avtobuslardan biri betonqarışdıran kamaza çırpılıb və Allah sürücüyə də, onun "azarkeşlərinə" də hadisə yerindəcə rəhmət eləyib. Asfaltın üstünə dağılmış beton sərnişinlərin qanına qarışmışdı və iki arıq fəhlə bərkiməsin deyə betonu qanqarışıq kürüyüb yolun qırağına axıdırdılar. Rəhmətlik "аzarkeşlərin" ağ betonlu meyitlərini yolun qırağına düzüb üstlərinə xalça sərmişdilər, bəziləri hələ də tərpənirdi. Meyitləri keçən kimi taksi sürücüsü ağzını doldurub pəncərədən bir lomba çölə tüpürdü və elə bil, yüngülləşdi. Mənə elə gəldi ki, o, bu lomba tüpürcəklə ürəyini boşaltdı və sanki, faciə qurbanlarının dərdinə şərik olduğunu bildirdi. Rus qonaq dalbadal "Boje moy, boje moy, kaşmar!" deyib, xaç çəkirdi. Sonra gözlərini yumub əliylə arxada qalan meyitləri göstərib soruşudu ki, Bakı buradır? Dedim, sakit ol, a kişi, Bakı nə gəzir? Bakı qabaqdadır, bura Sabuncu qəsəbəsidir. Buraların Bakı olmadığını eşidəndə, qorxusundan sarısını udmuş rus bir az sakitləşdi.
Hamamda "Qax" suyu
Gəlib binaya çatdıq. Liftin qabağında yekəpər bir kişi dayanmışdı, yanında da yunlu bir qoyun. Qapılar açılar-açılmaz kişi qoyunu və bizi dəhmərləyib içəri dürtdü. Qonaqla mən beşinci mərtəbədə düşdük, kişi qoyunla birlikdə doqquza qalxdı. Urusun qoyuna mat-mat baxdığını görüb, izah etdim ki, bu günlərdə bütün müsəlman dünyasında qurban bayramıdır və o kişi bu qoyunu Allah yolunda qurban kəsəcək, üstəlik, əlavə etdim ki, elə bilməsin bura Bakıdır, Bakı hələ qabaqdadır. Evə girib sevinə-sevinə ayaqqabılarımızı soyunduq ki, yuyunub yolun toz-torpağını, qan-qadasını canımızdan təmizləyək. Hörmət əlaməti olaraq, həm də xalqımızın beynəlxalq aləmdə tanınmış qonaqpərvərliyinə xələl gətirməyim deyə birinci rusu hamama buraxdım. Heç iki dəqiqə keçməmiş rus hamamdan soruşdu ki, su niyə kəsildi? Krantları ha sağa-sola burdum, xeyri olmadı. Başısabunlu rus da içəridə su yolu gözləyirdi. Əlacsız qalıb dedim ki, su kəsilib, gözlə düşüb aşağıdan bir vedrə su gətirim. Yazıq sabunlu-sabunlu qapını aralayıb hamamdakı çuqun vedrəni mənə verdi. Vedrəni götürüb cumdum binanın arxasındakı avtoyuma salonuna. Orada da dalısabunlu bir "Mersedes" dayanmışdı. Yuyucu kişi rezin çəkmələrini çıxarıb bekarçılıqdan siqaret çəkirdi. Əlimdəki vedrəni görüb dedi:
- Turba partlayıb, deyirlər beş-altı gün su olmayacaq.
İt kimi kor-peşman qayıdıb mağazadan iki butulka Gədəbəy suyu aldım. Yuxarı qalxıb hamamda məni gözləyən sabunlu qonağa uzatdım və su idarəsinin adından ondan üzr istədim. Qonaq gözlərinin sabununu yuya-yuya soruşdu ki, Bakıya çox qalıb, ya elə bura Bakıdır? Dedim, a kişi, darıxma, Bakıya hələ çatmamışıq, bura N.Nərimanov rayonudur. Bir az çaydan-çörəkdən gəvələyib qonağa qonaqlıq vermək üçün yollandıq restorana. Elə bil, yoluma it çıxmışdı. Həyətə düşən kimi bu kafir oğlu yolüstü bir marketə girib bir şüşə sərin pivə istədi. Satıcı hirslə qayıtdı ki, biz pivə satmırıq, dükan Hacı dükanıdır. "Hacı dükanı"nın nə demək olduğunu qonağa başa sala bilmədim, dedim, elə bil ki, sizin dildə desək, "Keşiş dükanı". Mat qaldı, keşişin də dükanı olar? Dedim, birdən elə bilərsən bura Bakıdır ha? Bakı qabaqdadır. Day demədim ki, rəhmətliyin nəvəsi, bizdə Hacının nəinki dükanı, hətta restoranı, hamamı, naxırı, kolbasası, sosiskası, hətta pivəsi var... Bu gün-sabah, yəqin, arağı-çaxırı da çıxacaq.
Girdik "Şəki" restoranına. Özüm oranı seçmişdim ki, nabələd qonağı milli mətbəximizlə tanış edim.
Seymur Baycan küftəsi və Koroğlu kababı
Piti! Bakıya gələsən, bir kasa pitini qabağına qoyub qaşıqlamayasan, sümük iliyini somurmayasan? - ürəyimdə dedim. İki dənə piti gətirdilər. İndi bu rus bilmir bunu necə yesin. Pitinin qabını qabağına çəkib içinə boylanır ki, görsün içində nə var. Gördüm ki, çəngəli salıb gil qabı əlləşdirir. Başa saldım ki, mən necə etsəm o da təkrarlasın. Əvvəlcə kasaya çörək doğradım, o, da doğradı. Sonra qabın qulpundan tutub pitinin suyunu kasaya boşaltdım. O, bunu edəndə qab sürüşdü və su masanın üstünə və qonağın şalvarına töküldü. Qarson gəlib əlindəki kirli əsgiylə həm masanın üstünü, həm də qonağın şalvarını sildi. Qonaq ağzını açmamış dedim:
- Narahat olma, Bakı qabaqdadır.
Öz kasamın dibindəki suyu onun kasasına boşaltdım. Canıyananlıq göstərib noxudumdan da beş-altısını ona verdim. Rus bir-iki tikə islanmış çörək yeyib üz gözünü turşutdu ki, çox yağlıdır. Gördüm yenə qabın içinə boylanır, çəngəli götürüb eşələnir. Birdən çəngəlinə nəsə keçdi. Sevinə-sevinə qaldırıb baxdı, gördüm quyruqdur. Soruşdu ki, bu nədir? İzah etdim ki, qoyun quyruğudur. İyrəndi, qaytarıb təzədən qaba atdı. Qarsonu çağırıb menyunu istədi ki, başqa yemək sifariş versin. Qarson yeməkləri saymağa başladı:
- Dana basdırması, Seymur Baycan küftəsi, əcəbsəndəli, Koroğlu kababı...
Rus qonaq heç nə başa düşmədi. Turşu nimçəsini qabağına çəkib özünə araq süzdü. O, turşu, mən də pitiylə adama bir dənə üstü "Xan", içi nökər olan arağı içib iylənə-iylənə evə qayıtdıq. Yatanda söz verdim ki, narahat olmasın, sabah onu mütləq Bakıya aparacağam.
Aqşin Yenisey
Milli.Az