Milli.Az ICTnews-a istinadən bildirir ki, şəbəkəyə optik-lifin köməyi ilə 126,6 milyon abunəçi daxil olur, halbuki 2012-ci ildə bu göstərici 29 faiz az olub. Mütəxəssislərin proqnozlarına görə, 2019-cu ilədək belə abunəçilərin sayı 265 milyonadək artacaq, illik abunəçi sayının artım tempi 11,7 faiz təşkil edəcək.
Ötən il kabel modemlər vasitəsilə təmin edilən internet çıxışı üzrə abunəçi bazası təxminən 7 faiz artaraq dünya miqyasında 161 milyon təşkil edib. DSL seqmentində artım 1 faiz olmaqla 378 milyon abunəçiyə çatıb. ABI Researchin əməkdaşı Ceyk Sondersin sözlərinə görə, burada provayderlərin ötənilki mədaxili Asiya-Sakit okean regionunda abunəçi sayının və orta mədaxilin bir abunəçiyə olan nisbətinin azalması səbəbindən aşağı düşüb.
Bundan başqa, 2013-cü ildə Ethernet texnologiyası üzrə internetə genişzolaqlı çıxış xidmətləri bazarının həcmi 15 faiz artaraq 46 milyard dollar təşkil edib.
ABI Researchin analitiki Kin Sandi Linn deyib ki, səsli zəng və məlumatların ötürülməsi kimi ənənəvi xidmətlərdən gəlirlərin azalmasına görə operatorlar yüksəksürətli rabitə şəbəkələrində ötürülən innovativ servis və kontentlər sayəsində mədaxil artımını saxlamağa çalışırlar.
Ekspertin proqnozuna görə, 2019-cu ildə optik-lif texnologiyaları vasitəsilə simli çıxış bazarının həcmi 100 milyard dollara çatacaq.
Milli.Az