Alim və Fərqanə Qasımovlar Şopenin yubileyində oxuyacaqlar

18 Noyabr 2010 15:22
Milli.Az xəbər verir ki, noyabr ayının 23-də Beynəlxalq Muğam Mərkəzində dünya klassik musiqisinin görkəmli nümayəndəsi Frederik Şopenin 200 illiyinə həsr olunan konsert keçiriləcək. Polşa Respublikasının Azərbaycandakı səfirliyi və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilən konsert proqramında Polşadan gələn musiqiçilərlə yanaşı, Azərbaycan sənətçiləri də çıxış edəcək.

Nazirliyin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, gecədə Azərbaycanın xalq artisti, dünyaşöhrətli Alim Qasımov və qızı Fərqanə Qasımova çıxış edəcək. Xanəndələrdən sonra gecəni Polşanın "Prusinowski Trio"sunun ifası davam etdirəcək. Trionun ifasında Fridrik Şopenin əsərləri və Polşa milli musiqisi səslənəcək.

Məlumat üçün bildirək ki, klassik musiqi bəstəkarı olan Frederik Şopen 1810-cu ildə Polşada doğulub. Musiqiçi ailəsində dünyaya gələn Şopen artıq 5 yaşında pianoda ifa etməyə başlayıb. Onun məşhur "Vals do diyez minor", "Mazurka lya minor", "7 və 20-ci prelüdlər"i dünya musiqisinin inciləri hesab olunur.

Günay
Milli.Az