Azərbaycanda kreditlərin dar ağacı...

9 Aprel 2015 23:56

Milli.Az virtualaz.org-a istinadən Məmməd Süleymanovun yazısını təqdim edir

Qazaxın Xanlıqlar kəndində bağça müdirəsi bütün elatı kredit quyusuna salıb.

Mövcud reallığı da, qanunvericiliyi də nəzərə alsaq, onlar çətin ki, bu dibsiz quyudan çıxa biləcək. Çünki kapitalizmdə banklar həmişə haqlıdır. Söhbət isə nə az, nə çox - düz 200 ailədən gedir (və ehtimal var ki, rəqəm daha böyükdür).

Bu vətəndaşlar müdirənin xahişi ilə müxtəlif banklardan kredit götürərək ona veriblər. Düzü, ziddiyyətli mənzərə yaranır - sanki kəndin bütün sakinləri xəyalpərəst altruistlərdir və təmənnasız yardımdan zövq alırlar. 

Bu cür isə olmur - xüsusən indiki deqradasiya dövründə. Olsun ki, kredit müqabilində demirəm ki, məbləğin 50 faizi, heç olmasa 5-10 faizi onlara çatıb. Yoxsa ki, birdən-birə 200 adamın ilk çağırışdaca banka qaçıb çətinə düşmüş həmkəndlisi üçün təmənnasız növbəyə düzülməsi yaşadığımız reallığın heç bir parametrinə uyğun gəlmir.

Üstəlik, kollektiv psixoz forması alan bu "yardım əməliyyatı"nın yoluxuculuğu da şübhələrə yol açır. Ancaq yekun mənzərə dəyişilməz qalır: borcları zərərdidələr ödəməlidir.

Həmçinin aydın olur ki, böyük hissəsi işsizlərdən, qocalardan və xəstələrdən ibarət olan bu müştərilərə banklar məmnuniyyətlə istehlak kreditləri ayırıb. Yəni əvvəlcədən bilərək ki, kredit götürənlərin onları qaytarmaq imkanı yoxdur.

Düzdür, buna daha təəccüblənməmək lazımdır: kapitalizmin ümumi mənzərəsinə bu uyğunsuzluqdan zərrəcə xələl gəlmir.

Paralel olaraq borc qaytara bilməyənlərin ölkə boyunca intihar aksiyaları da epidemiya şəkli almaqdadır. Statistikaya görə, Azərbaycanda banklara 2 milyondan çox vətəndaş borcludur. Yəni ümumi ailələrin hər 4-dən 3-ü. Elə bu da ölkəmizdə kapitalizmin zəhmli addımlarla əhalini əzərək irəlilədiyinin daha bir sübutudur. "İstehlak cəmiyyəti" bu istehlakçıların birinci mərhələdə əlahiddə sevinc qışqırıqları, sonuncu mərhələdə isə müflisləşməsi və hətta intiharı ilə formalaşmaqdadır.

Son iki ayın bəzi faktlarına nəzər salaq. Söhbət yalnız mətbuata sıçramış faktlardan gedir, əslində isə oxşar faciələr qat-qat çoxdur.

7 fevral. Ağcabədidə 38 yaşlı idman müəllimi Ramil Ağayev kredit borclarını ödəyə bilmədiyinə görə özünü asır.

13 fevral. Bakıda 45 yaşlı Namiq Vəliyev kredit borclarına görə mənzilində intihar edir.

4 mart. Nizami rayonu ərazisindəki ticarət mərkəzinin damına çıxan əli bıçaqlı kişi banklara külli miqdarda borcunun olduğunu söyləyərək intihara cəhd edir.

7 mart. Sabirabad 3 uşaq atası olan 40 yaşlı Cəbrayıl Həsənov körpüdən özünü asır. Ölümqabağı məktubunda 4 banka külli miqdarda borcu olduğunu yazır. 

12 mart. Bakıda - Yeni Günəşlidə 36 yaşlı Elman Mehdiyev kredit borclarını ödəyə bilmədiyinə görə özünü 9-cu mərtəbədən ataraq intihar edir.

6 aprel. İmişli. 52 yaşlı Rəşid Zalov eyni səbəbdən intihar edir. Özündən sonra 2 uşağı qalır...

Axtarsaz, faktların sayını artıra bilərsiz. Ancaq mənzərənin kritikliyi üçün bu da yetərlidir.

Kuzma Prutkov "Kökə baxın" deyirdi. Məsələnin kökündə isə məhz mövcud iqtisadi-siyasi formasiya dayanır. Kapitalizmi "hurrey"lə qarşılayan vətəndaşlar onun zəhərli meyvələrini dadmaqdadır. Halbuki onları hətta parlamentin Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəbli də xəbərdar etmişdi. Yadınızdamı, onun söylədikləri? Yadınızda deyilsə, oxuyun və mantra kimi təkrarlayaraq əzbərləyin. 

Hadı Rəcəblidən "siyasi iqtisad kursu"nun əsas müddəası bu sitatdadır: "Kapitalist adamı atır dənizin ortasına. Üzə bilsən, gedib sahilə çatırsan, üzə bilməsən, gərək çapalayıb üzməyi öyrənəsən, birtəhər qurtulasan. Nə üzə bilməsən, nə də cəhd etməsən, suda batıb boğulacaqsan. Sosializmdə isə dövlət öz ilə aparıb səni sahilə çıxarır..."

Yəni boğulursuzsa - sevinin. Siz totalitar sosializmin qayığında yox, azad kapittalizmin burulğanındasız. Sosializmdə sağ qalmaqdansa kapitalizmdə boğulub ölməyi üstün tutun.

***

Biz isə Kozma Prutkov sayağı "köklərə qayıtmaq" istərdik. Haradan və necə bu kor dalana gəlib dirəndik? Və niyə "günah həm də öləndədir?" Kapitalizm sadəlövhləri və güvəncsiz acgözləri necə yetişdirir və sonra da necə yeyir? Və nəhayət: niyə istehlakçı olmamaq lazımdır?

Qlobal kapitalizm ekspansiyasız mövcud ola bilməz, ona daima genişlənmək lazımdır. Ötən əsrin ortalarına qədərki kapitalizmin tarixi - yeni bazarlar uğrunda mübarizə tarixi idi. Artıq 90-cı illərdə bazarların fəthi sona çatdı (sonuncu nəhəng bazar keçmiş sosialist dövlətləri idi ki, onların da fəthi 1990-cı illərə təsadüf edir).

Üstəlik, inkişaf etmiş ölkələrdə yaşayanların əksəriyyətinin təbii tələbatları (mənzil, məişət əşyaları, ərzaq, paltar) ödənmişdi. Yeni "insan tipi" formalaşdırmaq lazımdı və bu yeni insan süni tələbatların ardınca qaçmalıydı. Təhsil, mətbuat, reklam vasitəsilə ideal istehlakçı obrazının yaradılmasına start verildi.

Bu ideal istehlakçı ona təklif olunan hər şeyi almalı idi, əks halda istehsal dayanacaqdı. Və bu gedonist, infantil varlıq yeni-yeni oyuncaqların, təsssüratların ardınca qaçmağa həmişə hazır olmalıydı.

Məsələn, bizim dövrümüzdə rabitə operatorları telefonla fasiləsiz danışmaq tələbatı, əczaçılıq şirkətləri - daima həb udmaq tələbatı, paltar fabrikantları - mümkün qədər tez-tez (hər gün olsa daha yaxşı) tələbatı yaradır. Səhnəyə marketinq çıxır - o, lazımsızı lazımlı kimi qəbul etdirir və almağa həvəsləndirir. 

Sovet marksist dissidenti və yazıçısı Aleksandr Zinovyev istehlakçını boruya bənzədirdi: bu borunun bir tərəfindən əşyalar doldurulur, digər ucundan isə həmin əşyalar zibilliyə yollanır.

İstənilən zir-zibili istəyə və tələbata çevirmək planı o qədər uğurla həyata keçirildi ki, hər şeyi tələbata çevirmək mümkün oldu. Konsümerizm yaşam tərzinə, məqsədə çevrildi.

Filosof Henri Toro özünün "Uolden, yaxud meşədə həyat"ı ilə meşşanların nəzərində ağılsızdan da ağılsız bəndəyə çevrildi, onlar özlərini yalnız təbii tələbatlarla kifayətlənən filosofdan min qat müdrik saymağa başladılar.

Eyni zamanda istehlakçılıq idealının formalaşdırılması paralel olaraq elmi bilikləri də, mədəniyyəti də aşındırdı. Alimlər faktları biznes tələblərinə uyğunlaşdırdı, elə sahələr (ilk növbədə təhsil və mədəniyyət) kommersiyalaşdırıldı ki, bu, tamamilə yolverilməz idi.

Ancaq istehlak yanğısı yaratmaq problemin bir tərəfidir. İkinci tərəfi isə ondadır ki, istehlakçı marketinq nağıllarına, ona sırınan əhəmiyyətsiz əşyaların faydasına, reklama nə qədər bərk inansa da, bütün bu əşyaları almağa onun pulu yoxdursa, plan da qüvvədən düşür. Yəni istehlakçıya almaq üçün pul da vermək gərəkdir. 

Kapitalizm elə istehlakçı ilə qarşılaşır ki, bir tərəfdən onun təbii tələbatları bu və ya digər dərəcədə ödənib, digər tərəfdən isə süni tələbatları ödəmək üçün onun pulu yoxdur. Həll yolu tapıldı: istehlak krediti. Obıvatelə nə yolla olur olsun, pul təklif etmək vacibdir. Və verdilər. Götür, həzz al, sonra qaytararsan.

Sosial xarakter də az vaxtda dəyişdi. Əvvəllər borca yaşamaq ayıb sayılırdı, borcu olanlar utanırdı, sıxılırdı. İndi isə borclu olmaq hətta fəxr yerinə çevrildi. Bir-birinə kredit götürməyin əhəmiyyətini, rahatlığını, zövqünü təbliğ edən obıvatellər əslində özlərinə məxsus olmayan, borca götürülən əşyaların sayı ilə öyünməyə başladılar. Biri mənzilinə iki televizor alanda, o birisi onu ötərək sayı üç etdi. Hamısı da kreditlə.

Bir sözlə, şüurlarda mədəni paradiqmanın dərin dəyişikliyi baş verdi. Yəni ağıllılar kreditlə yaşayır, pul yığanlar isə axmaqlar və qorxaqlardır.

Bu yolla adamlar borca yaşamağa başladılar. Kredit götürürsən, sonra onu qaytarmaq üçün ikinci kreditə əl atırsan, üçüncü vasitəsilə ikinci borcu ödəyirsən və beləcə, sonsuzluğa qədər. Daha doğrusu, ya müflisləşməyə, ya da intihara qədər...

Əsl yeni era isə onda başladı ki, banklar kreditləri yalnız onları qaytarmaq gücündə olanlara yox, hamıya vermək taktikasını seçdi. Yəni borcu ödəmək iqtidarında olmayanlar da fəal istehlakçıya çevrildi, kapitadizmin çiçəklənməsinə öz faydalarını verdi. Belələri isə əksəriyyəti təşkil edirdi.

Borcu qaytarmalısan? Prinsipcə, bəli. Və bir təhər vəziyyətdən çıxarıq - ümid sonuncu ölür...

Kimdir ideal istehlakçı? O, elementar emosiyalarla və yeni əşya yanğısı ilə yaşayan uşaqdır. Həmişə istehlaka hazırdır. Nəyi? Nəyi desələr, onu...

"Maliyyə kapitalı özünün kredit-maliyyə institutlarının geniş şəbəkə sistemi vasitəsilə əhalinin pul əmanətlərini toplayır və yüksək gəlir əldə edir. İpoteka krediti və istehlak kreditləri sələmçiliyin və əməkçilərin istismarının ən incə üsullarından biridir".

Bu cümlələr Böyük Sovet Ensiklopediyasındandır. Sistem dəyişilib, tərifin doğruluğu isə olduğu kmi qalıb.

İstehlak kreditlərindən asılı hala salmaq vətəndaşı məzmunca "apatrid"ə çevirməyin üsullarından biridir. Bu cür fərdlər üçün Yer cənnəti supermarketdən və əyləncə mərkəzindən ibarətdir.

İstənilən kredit fərdin öz sabahından oğurluqdur. Əlbəttə, onu qaytarmaq gərəkdir, ancaq bu pis hadisə gələcəkdə olacaq. Madam ki, söhbət gələcəkdən gedir, onda "indi və burada" prinsipi ilə yaşamalı olursan. Bəzən bu reallığı "pərvanə fəlsəfəsi" adlandırırlar - pərvanələr alova uçub özlərini yandırdıqları kimi, ideal istehlakçı da kreditin işığına yürüyüb məhv olur. Heyf ki, bu "pərvanə fəlsəfəsi" az qala rəsmi fəlsəfəyə çevrilməkdədir.

Kredit insan şüurundan rasionallığı silir. İnsanlar heç bir səy göstərmədən, işləmədən, əziyyət çəkmədən daha varlı yaşamağa başlayırlar. Onlar heç də əvvəlkindən artıq çalışmırlar, heç bir yeni varlanmaq mənbəyi kəşf etmirlər, ancaq mümkün olmayanlar qəfildən mümkün olur. Bir sözlə, var-dövlətin və həzzlərin illüziyası yaranır. Bu illüziyanın ardınca isə ayılmağın məhrumiyyətləri gəlir.

Obıvateldən, meşşandan bu gün yeganə tələb olunan - onun istəməsidir. İstə və hər şey sənin olacaq! Yeni əşyalar, səfərlər, həzzlər, təəssüratlar istə. Əvvəllər istəkləri reallaşdırmaq üçün səbir və səy tələb olunurdu. İndi isə kim istəmirsə - şəkkakdır, qorxaqdır, retroqrad "Sovet qalığı"dır. Əsl insan isə daim istəməlidir və bunun üçün onun ixtiyarına özünün istehlak kreditləri ilə çoxsaylı banklar verilib. Reklamlar sırıyır: sadəcə əlini uzat və götür. "Faizsiz", "ilkin ödənişsiz", iş yerindən və gəlir haqda arayış lazım deyil, zaminlər lazım deyil. Şəxsiyyət vəsiqəsi ilə gəl və götür. İlin bütün günləri, günün bütün saatlarında TV, internet, qəzetlər bunu təbliğ edirlər.

Rasionallığını itirmiş fərd üçün bu tələyə düşmək sayrışan hallar nevrozuna çevrilir. Bəs necə? - ona varlı, komfortla yaşamağın heç bir məsuliyyət və işləmək tələb olunmayan panaseyasını təklif edirlər. "Fürsət bir quşdur, onu əldən buraxan sərxoşdur".

Xalqlar da fərdlərin cəmidir, "kollektiv şəxsiyyət"dir - fərdlər kimi, xalqlar da bu tələyə düşür, bataqlığa batır. Baxın, indi yunanları hər yerindən duran qınayır: onlar hamıya borcludur.

Halbuki onları şirnikləndirən Avropa Birliyi, Almaniya və başqaları əvvəlcədən bilirdilər: yunanları kreditlə bəslə, onlar yeni əşyalar, əmtəələr alsınlar, axı istehlak olmasa kapitalizmin təkəri fırlanmayacaq.

Məgər almanlar bilmirdi ki, yunanlar heç də alman deyillər, onlar işləməkdən çox istirahəti xoşlayırlar?!

Yəni nəticə əvvəldən məlumdu və məhz məlum idi deyə (yəni, yunanlar borc içində üzəcəklər) onları kreditlərlə bu qədər şirnikləndirirdilər. Yox, əgər yunanlar götürdükləri pulları istehlaka deyil, istehsala sərf etsəydilər, onlara heç vaxt Avropa Birliyi bu qədər kredit verməyəcəkdi.

Oxşar hadisələri islandların başına açdılar, ancaq nəticə fərqli oldu. İslandiyada referendum keçirib xalqın müzakirəsinə çıxardılar: kreditorların pulu qaytarılsın, ya yox. Artıq bu vaxta qədər kreditorlar verdikləri pulun xeyrini yetərincə götürmüşdülər.

Xalq "Yox!" dedi və islandlardan qalan borcları ala bilməyən ingilislər bu balaca adadan əl çəkdi. Ancaq yunanlardan əl çəkməyəcəklər.

Əlbət, yunanlar da özlərinə yetdikdirlər - problemlərin ani həllinin eyforiyası şüurun bütün arqumentlərini əzib keçdi.

***

İstehlak kreditlərindən asılılığa düşən fərdlər tədricən özlərini sehrli nağıla düşmüş kimi hiss edirlər, baxmayaraq ki, əksərən bu, qorxulu nağılla bitir. Məgər nağıl deyilmi ki, ABŞ-da mənzil üçün kreditləri işsiz zəncilərə verirlər? (Sonuncu qlobal iqtisadi böhran da elə ABŞ-dan, mənzil-kredit sisteminin çöküşündən başlayıb sonra bütün dünyaya yayılmadımı?)

Yaxud Azərbaycanda xəstə təqaüdçülərə və xroniki işsizlərə məmnuniyyətlə kredit ayıran banklar müştəriləri üçün sehrli nağılı reallaşdırmırlarmı?!

Nəticədə obıvatelin onsuz da qeyri-stabil olan şüuru bütün dayaqlarını itirir. İnsan anlamaqda çətinlik çəkir: o, varlıdır, yoxsa yoxsul. Yaşadığımız aləmdə öz vəziyyətini və koordinatlarını müəyyənləşdirmək üçün isə bu qiymət zəruridir.

Banklar tarixin yolu üzərində "Heç bir məhdudiyyət yoxdur" işarəsi yerləşdirib. Daha heç bir fiziki, iqtisadi, riyazi qanun işləmir. Heç nəyi, xüsusən də həzzləri sonraya saxlamaq olmaz. Əslində müasir insan üçün əsas olanı nə düşünmək, nə də çalışmaqmış, əsas - həzzlərdir. Fasiləsiz olaraq əylənmək, almaq, sevinmək, dəyişmək, bir sözlə, borc və məsuliyyət hisllərini birdəfəlik unudaraq ömrü yandırmaq lazımdır. Bu da müasir həyatın reklam və marketinqlə beyinlərə pərçim edilən yeni trendi və yeni idealı.

Burada işləməyə, çalışmağa, səy göstərməyə, məsuliyyətli olmağa, yaşadığın ölkənin problemləri ilə maraqlanmağa, Sistemi yaxşılığa doğru dəyişməyə, bir sözlə, rasional şəxsiyyət kimi yaşamağa yer yoxdur. Əksinə, bunlar arzuolunmazdır. Kreditdən asılı və konsümerizmin əsiri olan fərd heç vaxt vətəndaş olmayacaq.

Əvvəllər pulun qazanılması üçün işləmək, əziyyət çəkmək, tər tökmək mütləq idi. Bu əlaqə qırılıb gedib. Bu gün varlı olmaq üçün sabahı düşünməmək və banklara yollanmaq yetərlidir.

İşləməyə gəldikdə isə Qaydayın ölməz komediyasında tüfeyli Fedyanın söylədiyi kimi: "Kim işləmirsə, o da yeyir. Öyrən, tələbə!"

Nəticədə daha çox insan ağlı ilə yox, emosiyalarla yaşamağa vərdiş edir. Sanki yeni insan növü yetişdirilir - dərrakəli insan emosional insanla əvəzlənir. Uşaqlar emosiyalarla yaşayırsa - bu, normaldır, ancaq yaşlı adamlar özlərini uşaq kimi aparırsa, artıq normadan danışmağa dəyməz.

İstehlakla bağlı istənilən reklam ağıla yox, emosiyalara tuşlanıb. Bu yolla fərdlərə istənilən faydasız əşyanı təlqin etmək olur - istehlakçının dünyasında heç bir obyektiv məhdudiyyət mövcud deyil. Bu mənzərə istismar dünyası üçün çox əlverişlidir, çünki qlobal kapitalizmin maraqlarının keşiyində durur.

Marksist İştvan Mesaroş baş verənləri "Kredit imperializmi" adlandıranda həqiqətdən heç də uzaq deyil. Qurbanların sayı da imperialist müharibələrindəki itkilər qədərdir. Sadəcə bu müharibələr ekranlarda göstərilmir, qurbanları veteran adlandırmaq isə heç kəsin ağlına gəlmir...