9 mayı Qələbə Günü kimi qeyd etməliyikmi? - FOTO

9 May 2014 09:55

Nəsiman Yaqublu: "9 may gününü bayram kimi qeyd etməyə müharibədə iştirak etmiş hər kəsin haqqı var"; Firudin Məmmədov: "Bizim əsl bayramımız imperiyadan qopduğumuz ildən başlayır"

Azərbaycanda 9 May faşizm üzərində Qələbə Günü kimi qeyd olunur. XX əsrdə İkinci Dünya müharibəsi illəri bəşəriyyət üçün ən ağır və dəhşətli dövr olub. Almaniyada və İtaliyada yaranmış faşizm nəinki bu ölkələrin özünü, hətta bütün bəşəriyyəti təhlükə altına almışdı.

İkinci Dünya müharibəsi illərində Azərbaycan xalqı həm cəbhə bölgələrində, həm də arxa cəbhədə böyük qəhrəmanlıq və igidlik nümunələri göstərib. Qısa müddətdə respublikada 87 qırıcı təyyarə batalyonu və 1124 özünümüdafiə dəstələri təşkil olunub. 1941-1945-ci illərdə 600 mindən çox azərbaycanlı oğlan və qız cəbhəyə yollanıb. Azərbaycan diviziyaları Qafqazdan Berlinəcən mübarizə yolu keçiblər. 130-a yaxın həmyerlilərimiz Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 30 nəfəri Şərəf ordeni ilə təltif olunub. 170 min Azərbaycan əsgər və zabiti SSRİ-nin müxtəlif orden və medalları ilə təltif edilib. Hər il ölkəmizdə 9 may günü bayram kimi qeyd edilir və qeyri-iş günü olur. Lakin artıq Sovetlər birliyi dağılıb. Ona görə də belə bir sual yaranır ki, müstəqil Azərbaycanda 9 mayı Qələbə günü kimi qeyd etmək düzgündürmü? Ümumiyyətlə, 9 mayı bizim bayramımız hesab etmək olarmı?

Tarixçi alim Nəsiman Yaqublu 9 mayın Qələbə günü kimi qeyd edilməli olduğunu dedi: "Bu günü yalnız biz Qələbə günü kimi qeyd etmirik. Bunu müharibəyə məruz qalmış əksər ölkələr qeyd edirlər. Bu günün bayram kimi qeyd edilməsində bir problem görmürəm. Problem ondadır ki, İkinci dünya müharibəsi dəqiq araşdırmalar aparılmır. Müharibə gerçəkləri kitablarda öz əksini tapmayıb. Bizim bu dövrlə bağlı öyrəndiklərimizin hamısı sovet ideologiyası altında formalaşan tarix bilgiləridir. Burada ortalığa suallar çıxır ki, nə üçün yalnız 1941-1945-ci illər haqqında danışılır və böyük vətən müharibəsi adlanır. Bəs onda bu macar, polyak, rumın, digər xalqlar üçün necə müharibədir? Digər tərəfdən isə bu müharibə 1939-cu ildə başlayıb. Müharibəni təkcə almanlarmı başlatdı?! Sentyabrın 1-də almanlar Polşaya girdilər. Sentyabrın 18-də isə sovet qoşunları Polşaya girib bir hissəsini tutdu. Deməli, eyni ayda 17 gün fərqlə hər ikisi eyni müharibəyə başlayıblar.

Bu müharibədən əvvəl 1939-cu il avqustun 23-də imzalanan paktda yazılmışdı ki, həm sovet dövləti, həm də Almaniya Avropanı, demək olar ki, öz maraqları çərçivəsində bölüşdürürlər. Amma hələ müharibə başlamamışdı. Müharibə ilə bağlı ciddi araşdırmalar aparılmalı, ortaya obyektiv tədqiqatlar qoyulmalıdır. Mən 2002-ci ildə bu müharibənin bu günə qədər təqdim olunan tərəflərinin əksində dayanan "Azərbaycan legionerləri" adlı yeni bir tədqiqat əsəri ortaya qoydum. Elə insanlar var ki, bunu qəbul edə bilmirdilər. Ona görə də mənə elə gəlir ki, biz bu mövzu haqqında bu günün özündə də öz sözümüzü tam deyə bilməyəcəyik. Çünki Sovet ideologiyasının, elminin, tarixinin təsirindən fərqlənən yanaşmalar olduqca azdır. Amma təbii ki, 9 may Qələbə günüdür. Bu gün faşist rejiminin sona çatdığı bir gündür və dünyada da rejimlərə qarşı mübarizə gedir. Təəssüflər olsun ki, faşist rejimi başa çatsa da, 9 may günündən sonra o rejim qədər dəhşətli olan bolşevik rejimi adını dəyişib kommunist rejimi formasında mövcud oldu. Amma 9 may gününü bayram kimi qeyd etməyə müharibədə iştirak etmiş hər kəsin haqqı var".

"Qarabağ Qaziləri" İctimai Birliyinin sədr müavini Firudin Məmmədov bizim əsl bayramımızın imperiyadan qopduğumuz gün olduğunu dedi: "Nəzərə alsaq ki, 1941-1945-ci il müharibəsində Azərbaycanın 300 min nəfərdən artıq şəhidi olub, bunu qeyd etməyə dəyər. Doğrudur ki, bizə o vaxt böyük vətən kimi sırınan dövlət əslində bir imperiya idi. Bizim azadlığımızı, torpağımızı zorla əlimizdən alıb imperiya yaratdılar. Bizim əsl bayramımız, azadlığımız bu imperiyadan qopduğumuz ildən -1991-ci ildən başlayır.

Müharibə illərində isə biz SSRİ nədir bilmirdik. Elə bilirdik böyük vətənimizdir. Orada şəhid olan vətəndaşlarımız məsum idilər, onlar vətənin sevgisi ilə gedib vuruşublar. Ən azından həmin insanların çəkdikləri zəhmətə, itkilərin xətrinə bu günü o insanların qələbəsi kimi qeyd etməliyik. Biz bu günü cinayətkar faşizm üzərində qələbə kimi qeyd edə bilərik. Əgər biz SSRİ-nin tərkibində olmasaydıq belə, çox güman ki, faşizmə qarşı müharibədə iştirak edəcəkdik. Ona görə də o zəhmətləri itirmək olmaz. Hər kim ki, bu günü qələbə günü kimi qeyd edir, bayramı mübarək olsun".

"Yeni Müsavat"

Böyütmək üçün şəkillərə klikləyin.