Rusiya-Ukrayna sərhədində gərginlik, məntəqə yandı

9 May 2014 09:17
Rusiya-Ukrayna sərhədində, Ukraynanın Luqansk vilayəti ərazisində yerləşən "İzvarino" nəzarət-buraxılış məntəqəsi silahlı şəxslərin hücumuna məruz qalıb.

APA-nın  "RBK"ya istinadən verdiyi xəbərə görə, 40-dək silahlı şəxs nəzarət-buraxılış məntəqəsini ələ keçirməyə cəhd edib,  lakin sərhədçilər hücumu dəf edə biliblər.
 
Məlumata görə, silahlı şəxslər 2 mikroavtobusla NBM-ə gələrək sərhədçilərin  təslim olmalarını tələb ediblər. Baş vermiş qarşıdurma zamanı silahlı şəxslər "Molotov kokteyl"lərindən istifadə ediblər, sərhədçilər buna cavab olaraq atəş açıblar.
 
Hücum zamanı NBM-də yanğın baş verib, müqavimətlə üzləşən silahlılar Ukrayna ərazisinə doğru geri çəkiliblər.
 
Hazırda yanğın söndürülüb. Nəzarət-buraxılış məntəqəsi fəaliyyətini müvəqqəti dayandırıb.
 
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəhbəri Andrey Parubiy baş vermiş insidenti Rusiya hərbçilərinin təxribatı adlandırıb. 

Donetsk vilayətinin Krasnoarmeysk şəhərində isə silahlı şəxslər milis şöbəsinə basqın edərək zirehli gödəkçələri aparıblar. Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Donetsk vilayət administrasiyasının mətbuat xidmətindən bildirilib.  
 
"Mayın 8-də Krasnoarmeysk 20-dək silahlı şəxs Şəhər Daxili İşlər İdarəsinə daxil olaraq milis rəisi ilə görüşməyə çalışıblar. Lakin milis rəisi hazırda şəhər hüdudlarından kənardadır. Silahlı şəxslər binanı tərk edərkən silah tapmadıqlarından zirehli gödəkçələri özləri ilə aparıblar", - deyə məlumatda bildirilir.  
 
Bundan başqa, separatçılar Ukraynanın bütövlüyünü dəstəkləyən Severski texniki-peşə məktəbinin direktorunun evinə soxularaq onu girov götürüblər. Hazırda onun sərbəst buraxıldığı bildirilir.   

Milli.Az