Suriyada müxalifət çökür: Bəşər Əsəd özünə gəlir - FOTO

9 May 2014 10:21

Suriyada üsyançıların "alınmaz qalası" sayılan Homs şəhəri prezident Bəşər Əsədə sadiq qüvvələrin nəzarətinə keçib.

Suriyanın dövlət televiziyasının yaydığı bəyanatda deyilir: "Homs şəhərinin "Köhnə şəhər" istiqaməti terrorçulardan bütünlüklə təmizlənib. Bu bölgə terrorçuların cəmləşdiyi son məkan idi".
 

Müxalifətçilər isə bildirirlər ki, onların Homsdan təxliyyələri davam edir.

Şəhərin qubernatoru Təlal əl Bərzinin dediyinə görə, Homsu 1500 müxalifətçi və onların ailələri tərk ediblər.

Homs Suriyada böyüklüyünə görə 3-cü şəhərdir.
 

Suriyada Bəşər Əsəd rejiminə qarşı etirazlar başlananda "inqilabın paytaxtı" adlandırılan Homsun sakinlərinin əksəriyyəti 2011-ci ilin əvvəlindən silahlı üsyanda iştirak edirdilər.

Son iki ildə Bəşər Əsəd qoşunları şəhəri hissə-hissə, ev-ev ələ keçirirdilər.
 

Müxalifətçilər şəhəri yaşıl avtobuslarla tərk edərək şimala, "Azad Suriya Ordusu"nun nəzarətindəki ərazilərə yollanıblar.
 

BMT-nin humanitar məsələlər üzrə Suriyadakı nümayəndəsi Yaqub əl Hillonun dediyinə görə, "bundan sonra şəhərin zorakılıqdan azad olacağına ümid edir": "Homsu tərk edənlər şəhərə qayıda bilərlər. Lakin tələsməyin, şəhərdə minalar çoxdur. İndi ən çətin məsələ döyüşlərdə viran olmuş Homsun, şəhər infrastrukturunun bərpasıdır".
 

Bundan başqa, üsyançılar ölkənin şimalında yerləşən və əhalisinin əksəriyyəti Bəşər Əsəd rejiminə sadiq şiələr olan Nubul və Zəhraa şəhərlərinə humanitar yüklü maşın karvanlarının buraxılmasına razılaşıblar.
 

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.