Azərbaycanla Honduras arasında enerji sahəsində əməkdaşlığın mümkün perspektivləri müzakirə olundu

8 May 2014 20:57
ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev Hondurasın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri xanım Mireya Aquero de Korralesin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, R.Abdullayev Honduras nümayəndə heyətinin Azərbaycana səfərinin iki ölkə arasında münasibətlərin inkişafında mühüm rol oynayacağına əminliyini ifadə edib. Azərbaycanın qədim neft diyarı olduğunu və ölkəmizin dünya neft sənayesinə böyük töhfələr verdiyini diqqətə çatdıran R.Abdullayev son illər Azərbaycanın enerji sektorunda əldə etdiyi müvəffəqiyyətlər, infrastrukturun yenilənməsi, ölkə daxilində və xaricdə həyata keçirilən layihələr, SOCAR-ın xaricdəki nümayəndəlik və ofislərinin fəaliyyəti haqqında qonaqlara ətraflı məlumat verib.

Hondurasın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri xanım Mireya Aquero de Korrales Bakıya səfərindən məmnun olduğunu, Azərbaycan Respublikasının Prezidentinin əlindən yüksək dövlət mükafatı - "Dostluq" ordenini almasını özü və ölkəsi üçün böyük şərəf hesab etdiyini bildirib. Azərbaycanı regionun lideri adlandıran honduraslı nazir ölkəmizlə enerji sahəsində əməkdaşlığın onlar üçün mühüm əhəmiyyət kəsb etdiyini deyib. O, Hondurasdakı ictimai-siyasi vəziyyət haqqında ətraflı söz açıb, nümayəndə heyətini ARDNŞ prezidentinə təqdim edib.
 

Görüşdə Azərbaycanla Honduras arasında enerji sahəsində əməkdaşlığın mümkün perspektivləri müzakirə olunub.

Milli.Az