Moşu Göyəzənli: "Həvəsləri daha çox puladı..." - FOTO

9 İyun 2014 02:30

Xalq artisti Valeh Kərimovun Milli.Az-a müsahibəsi.
 

Valeh Seyfulla oğlu Kərimov 1944-cü il mart ayının 21-də Cənubi Azərbaycanın Miyana şəhərində dünyaya gəlib.1969-cu ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyoru fakültəsini bitirdikdən sonra H.Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrının truppasına qəbul edilib və bu günə qədər həmin teatrda həm aktyor, həm də rejissor kimi çalışır. Teatrda işlədiyi dövrdə Azərbaycan və dünya ədəbiyyatının nümunələri əsasında hazırlanmış tamaşalarda 70-ə yaxın müxtəlif xarakterli obrazlar yaradıb. Rejissor kimi səhnə həyatı verdiyi əsərlərə isə S.S.Axundovun "Tamahkar", İ.Məlikzadənin "Gəl, qohum olaq", K.Həsənovun "Sehrli yaylıq", M.Moyamenin "Lotereya", M.F.Axundzadənin "Molla İbrahimxəlil kimyagər" və digər əsərləri misal göstərmək olar.
 

Filmoqrafioyasında "Bağdada putyovka var", "Balqabaq", "Bəxt üzüyü", "Gəl, qohum olaq", "Hərənin öz payı+tayı", "Mən sənin dayınam", "Pəncərə", "Yerlə göy arasında" kimi teletamaşa və filmlər var.
 

V.Kərimov Azərbaycan Respublikasının xalq artisti, Prezident mükafatçısıdı.
 

- Kütləvi incəsənət və tamaşaçı əbədi müzakirə mövzusu olan tandemlərdi. Doğrudu, əslində bu tandemlə paralel olaraq incəsənət və tənqidçi tandemi də nəzərdən keçirilməlidi və keçirilir də. Amma bizdə ikinci tandem, demək olar ki, tamamilə diqqətdən kənarda qalıb. Sizin bu barədə düşüncələrinizi bilmək maraqlı olar. Aktyor daha çox tamaşaçıya köklənməlidi, yoxsa tənqidçiyə?
 

- Biz cavan olanda yaxşı teatr tənqidçiləri var idi - Cəfər Cəfərov, Cabir Səfərov, sonrakı dövrdə Məryəm Əlizadə, Aydın Talıbzadə kimi teatrşünaslar, teatr tənqidçiləri yetişdi, Mehdi Məmmədov da tənqidi məqalələrlə çıxış edirdi. O tənqidlə bu tənqidin arasında fərq var. O vaxt heç kim tənqidçiləri tamaşalara dəvət eləmirdi. Özləri xəbər tutub gəlib baxırdılar. Onların yazdıqları tənqiddə qərəzçilik yox idi. Tənqidçi aktyorun və rejissorun öz işlərində görə bilmədikləri nöqsanları görə bilən şəxsdi. Ona görə onların varlığı və qərəzsiz tənqidi aktyorda məsuliyyət hissini artırır. İndi isə laqeydlik hiss olunur. Tənqidçilər tamaşalara gəlib baxmaq üçün dəvət gözləyirlər, heç dəvət edəndə də ya gəlirlər, ya yox. Ona görə yaradıcı heyətdə məsuliyyət hissi azalır, düşünür ki, onsuz da, baxıb təhlil edən yoxdu. Laqeydlik yaranıb teatra qarşı. Laqeydlikdən isə pis heç nə yoxdu. Mən arzu eləyərdim ki, tənqidçilər gəlib baxsınlar tamaşalara, tənqid etsinlər. Qərəzsiz tənqid işin keyfiyyətinin yüksəlməsinə xidmət edir. Aktyor özündə bir məsuliyyət hiss eləyir. Fikirləşir ki, sabah gəlib mənim oyunuma baxıb nə deyəcəklər...
 

- Bu illər ərzində tənqid eşitdiyiniz vaxt olubmu və tənqidə münasibətiniz necədi?
 

- O qədər tənqid ediblər ki məni... Razılaşdığım tənqidlər də olub. Elə nə qədər tərifləyiblərsə, bir o qədər də tənqid ediblər. Tənqid yaxşı şeydi. Amma onunla razılaşmaq həm asandı, həm çətin. Əgər insanın xasiyyətində xəbislik varsa, tənqidi qəbul edə bilmir, hamıya düşmən gözüylə baxır.
 

- Populyarlıq sizin üçün yükdü, yoxsa məmnunluq?
 

- Mən heç vaxt populyar olmamışam. Populyarlıq qısa bir vaxt ərzində olub bitir... Mən, sadəcə olaraq, bir tamaşadakı roluma görə tanınmışam, bir az məşhurlaşmışam. Məşhurluğun isə həm yaxşı tərəfi var, həm də pis. Bir rolun yaxşı alınır, ondan sonrakı da o cür alınmayanda deyirlər, nə oldu, elə bir rolla tükəndi? Axı hər rol eyni dərəcədə müvəffəqiyyətli ola bilmir. Nə aktyor işi baxımından, nə də rejissorluq tərəfindən. Lap ədəbiyyatı götürək, məsələn, İsmayıl Şıxlı deyəndə hamının yadına "Dəli Kür" romanı düşür, halbuki onun nə qədər maraqlı əsərləri var. Belə görünür ki, milli xüsusiyyətləri canlandıran sənət adamları daha çox məşhurluq qazana bilirlər. Çünki milli xarakterlər insanlar üçün daha cəlbedicidi. Ona görə məni ən çox Moşu kimi tanıyıb sevirlər. Halbuki teatrda özümün ürəyimcə olan tamam fərqli rollarım da var. Tamaşaçıların əksəriyyətinin onlardan ya heç xəbəri yoxdu, ya da adlarını unudublar. Məsələn, Çingiz Aytmatovun "Əsrə bərabər gün" romanının tamaşasındakı Yedigey obrazını çox sevirəm, o rolun mənim yaradıcılığımda ayrıca yeri var. Mənə elə gəlir ki, ən uğurlu rollarımdan biridi. Hayıf ki, o tamaşa ara qarışan dövrə, 80-ci illərin sonuna düşdü, ona görə itib-batdı...
 

- Yəqin ki, hansısa obrazın çox məşhurluq qazanmasında həmin vaxtın, məqamın da rolu olur.
 

- Bəli, vaxtın, məqamın da böyük rolu var. Amma ən əsas səbəb millilikdədi. Hansı əsərdə millilik xüsusiyyəti qabarıqdısa, o əsər hamı tərəfindən sevilir. Moşu da çox təbii bir personaj olduğundan tamaşaçılar ona daha çox diqqət ayırırlar. Xalq Moşunu sevirsə, halal xoşları olsun. Düzü, tamaşanın hazırlıq prosesində inanmırdıq ki, belə uğur qazanacaq. O tamaşada hamı yaxşı oynayırdı, amma Afaq xanımla (xalq artisti Afaq Bəşirqızı-red.) mənim rollarımız daha çox məşhurlaşdı.
 

- Yəqin ki, hər tamaşadan tamaşaya Moşunun improvizələri az olmayıb...
 

- Yeri düşdükcə improvizələr, əlavələr eləmişəm. Bir dəfə bu tamaşanı "Azdrama"nın səhnəsində oynayanda məlum oldu ki, tamaşaçıların bir hissəsini Xalq Təsərrüfatı İnstitutunun tələbələri təşkil edirlər. Ona görə mətndə Moşunun Tanrıverdi dayıya aid bir replikasını Xalq Təsərrüfatı İnstitutuna aid elədim, "narxoz" dedim, həmin anda zaldan möhkəm alqış səsləri qopdu. Amma ümumiyyətlə, müəlliflər aktyorların, rejissorların əlavələrini sevmirlər, xüsusən Vaqif Səmədoğlu. Çünki onun yazdıqları bizim dəyişikliklərdən qat-qat sərrastdı. Yeri gəlmişkən, ona can sağlığı, tezliklə sağalmasını arzulayıram. Moşu kimi nümunələr çoxdu. Məsələn, Rezo Çxeidzenin "Əsgər atası" filminə cavan vaxtı baxanda fikirləşirdim ki, bu aktyor niyə bu qədər sevilir? Çünki film bütövlükdə, xüsusən də baş rol çox təbiidi, adi adamlar adi həyatda özlərini necə aparır, necə danışırlarsa, o da o cürdü. Balasını axtarmağa gedir, amma əsl kəndli, əsl torpaq adamı kimi yola çıxandan əvvəl tənəklərini sevib-oxşayır, onlarla sağollaşır. Arvadı yaxınlaşıb oğulları barəsində söz salanda ona çəmkirir, bütün bunlar obrazın təbiiliyini çatdıran çalarlardı. Axı biz hamımız evdə həyat yoldaşımızla bütün ömrü boyu, hər gün bir-birimizə "can" demirik. Ona görə səhnədə də, ekranda da öz dilimizdə danışmalıyıq, ütülü görünməyə çalışmamalıyıq. Adi həyatda, məişətdə yeri gəldi-gəlmədi ədəbi dildə danışmırıq, deməli, tamaşaçıya da obrazları o cür təqdim etməliyik, onları süniləşdirməməliyik.
 

- Bu illər ərzində siz tamaşaçılardan nə öyrənmisiniz və sizcə, tamaşaçılar sizdən nə öyrəniblər?
 

- Aktyor həmişə tamaşaçıdan öyrənir. Məsələn, hansısa tamaşanın məşqi zamanı bir səhnədə tamaşaçıların mütəəssir olacağını, başqa bir səhnədə isə güləcəyini nəzərdə tuturuq, amma tamaşa vaxtı bu reaksiyaları görməyəndə həmin səhnələri yenidən işləyirik. Ona görə elə ən yaxşı tənqidçi tamaşaçıdı. Çünki o, tamaşaya nə tərif eləmək üçün gəlir, nə də tənqid, baxmağa gəlir. Və onun reaksiyası aktyora çox şey deyə bilər.
 

- Ağlınız kəsəndən aktyor olmaq istəmisiniz, yoxsa əvvəl seçiminiz başqa sahə olub?
 

- Aktyorluğa gələndən əvvəl Kənd Təsərrüfatı Texnikumunun elektrikləşdirmə ixtisası üzrə fakültəsini bitirmişəm. Həmin ixtisas indi də evdə gərəyim olur. Aktyorluğa həvəsim elə texnikumda oxuduğum vaxtlarda, orada yaradılmış dram dərnəyindən başladı. Bir neçə dərnək arasından dram dərnəyini seçdim. Rejissorluq bacarığımı da o dərnəkdə kəşf etdim. Sumqayıt teatrında isə mənə birinci dəfə 74-cü ildə icazə verdilər ki, tamaşa hazırlayım, mən də Süleyman Sani Axundovun "Tamahkar" əsərini qoydum. O tamaşa 20 il müxtəlif səhnələrdə oynanıldı. Sonralar Dərbənd, Füzuli teatrlarında da tamaşalar hazırladım.
 

Beləliklə, dərnəkdə məşğul olmağım sənət seçimimdə həlledici rol oynadı - Teatr İnstitutunun (indiki Mədəniyyət və İncəsənət Universiteti-red.) Mədəni-maarif fakültəsinə qəbul oldum, dördüncü kursdan isə dram və kino aktyorluğu fakültəsinin axşam şöbəsinə keçdim. Gündüz isə zavodda işləyirdim. Elə həmin dövrdə Sumqayıt teatrı açıldı, baş rejissor Nəsir Sadıqzadə məni ora dəvət etdi, elə o vaxtdan o teatrın truppasındayam.
 

- Bu illər ərzində tamaşaçıların bir neçə nəsli gözünüzün qabağından keçib və keçməkdədi. Müqayisələrinizdən hansı nəticələr çıxır?
 

- O vaxt tamşaçıların vaxt ayırıb teatra getməyə daha çox imkanı var idi - hamı səkkiz saatlıq iş rejimində işləyirdi. İndi belə deyil axı - iş saatları ilə istirahət saatları bir-birinə qarışıb. Üstəlik də indiki tamaşaçılar kitab oxumayan adamlardan ibarətdi. Kitab oxumamaq isə o deməkdir ki, o adam məlumatsızdı. Buna görə də onun teatrla maraqlanmağını gözləmək düzgün deyil. Çünki indi əksəriyyətin ədəbi əsərlərdən xəbəri və deməli, təsəvvürləri yoxdu ki, hansısa əsərin tamaşası necə ola bilər. Düzdü, tamaşalara gəlirlər, ürəkdən alqışlayırlar, hətta deyirlər ki, bir də gələcəyik, amma sonrakı günlərdə görürük ki, gəlməyiblər.
 

- Bəs tələbələriniz haqqında nə deyə bilərsiniz? Neçə ildi pedaqoji işdəsiniz?
 

- Səkkiz ildi müəllimlik edirəm. Tələbələrdə sənətə böyük həvəs görünmür. Həvəsləri daha çox puladı. Bilirlər ki, bu peşədə maddi gəlir yoxdu, teatrlarda maaş azdı, ona görə təhsillərini bitirib, diplomlarını alıb, tamam başqa sahələrə üz tuturlar.

Samirə Behbudqızı
Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.