Kişilər quş quşlayır, qadınlar isə...

8 May 2014 21:55

Mədəniyyətlərin qovuşması 

XVIII-XIX əsrlərdə avropalı səyyahların, tədqiqatçıların Afrikaya səyahətləri təkcə elmin yox, incəsənətin də inkişafına böyük təkan verdi. İmpressionistlər akademik kanonları dağıdandan sonra bir çox yeni cərəyanların yaranması məhz həmin səyahətlər nəticəsində öyrənildi. Yaponiya, Çin miniatürləri, Hindistan mədəniyyəti, ümumiyyətlə, şərqin ekzotik incəsənəti avropalı rəssamları solğun akademik çərçivədən, kilsə mövzularının inhisarından çıxarmağa nail oldu.

Rəngkarlıqda olduğu kimi, heykəltaraşlıq sənətində də eyni hadisələr yaşanırdı. Akademik üslub öz gələnəklərini rahatlıqla əldən vermək istəmirdi. Antik heykəltəraşlardan Mikelanceloya, Mikelancelodan Rodenə qədər uzun bir dönəmi məhz klassik əsərlər əhatə edirdi. Söhbət əlbəttə ki, Avropa incəsənətindən gedir. Avropalı heykəltəraşlar dini mövzularda, Papanın və kardinalların sifarişləriylə "İncil" rəvayətlərinə uyğun əsərlər yaradır, tamamilə fərqli bir incəsənətin təşəkkül tapmasına təkan verirdilər. 

Afrikada necə idi? 

Afrikada fərqli bir incəsənət təşəkkül tapmışdı. Burada insalar hələ də ibtidai icma quruluşu dönəmindəki kimi qəbilə-tayfa münasibətləri ortamında yaşayırdılar. Kişilər ov ovlayıb quş quşlayır, qadınlar meyvə-tərəvəz toplayıb öz qarğı evlərində biş-düşlə məşğul olurdular. Bütün bu məişət qayğılarından başqa insanların həyata fərqli baxışlarının da olduğu onların sənət əsərlərində özünü büruzə verir. Gündəlik məişəti, ov səhnələrini qayalar üzərində rəsm edən ilkəl rəssamlardan başqa, qəbilələrdə ağacdan və daşdan heykəllər yaradan sənətkarlar da vardı.

Sözümüzün əvvəlində avropalı rəssamların ekzotik sənətdən təsirlənərək yeni cərəyanlar yaratmaqlarından danışmışdıq. Mədəniyyətlərin bir-birindən təsirlənib inkişaf etməsi bir aksiomadır. Bu təsirlə mədəniyyət daşıyıcıları təkcə incəsənəti inkişaf etdirmir, onlar həm də yaşadıqları cəmiyyəti irəli apara bilirlər.

Amedeo Modilyani haqqında yazanda onun sənətə heykəltəraşlıqla gəlməyini vurğulamışdım. Modilyani afrikalı heykəltəraşların əsərlərindən ilhamlanaraq qranit parçalarından boynu uzun büstlər yonurdu. Təəssüf ki, onu heykəllərindən heç biri zəmanəmizə gəlib çıxmayıb (əfsanəyə görə, Modilyani rəssamlıqla məşğul olmağa başlayandan sonra bütün heykəllərini Sena çayına atıbmış). Ancaq Amedeonun Afrika incəsənətindən bəhrələnməsi onun rəngkarlıq əsərlərində də özünü tam göstərir. Onun qadın portretlərinə göz atmaq kifayətdir ki, Modilyaninin Afrika incəsənətinin vurğunu olduğunu biləsən.

Pablo Pikasso da Afrikadan bəhrələndiyini gizlətmirdi. Onun tabloları bir yana, heykəllərinə baxmaq kifayətdir ki, bu təsiri görəsən.

Van Qoqda da vəziyyət eyni idi. Onun ürəyi yapon qravüraları ilə döyünürdü. Qoqen isə Misir freskalarından, ehramlarda divarlara çəkilmiş rəsmlərdən nəyi bacarmışdısa, çırpışdırmışdı. Anri Matiss isə öz tablolarında böyük bir şərq motivi yaratmışdı.

Qayıdaq söhbətimizin əvvəlinə. Avropalı səyyahlar, alim-tədqiqatçılar, ardınca da rəssamlar yad ölkələrə səfərlər edib böyük bir baqaj topladılar. Bütün topladıqlarını öz ölkələrinə gətirib ictimailəşdirdilər. Bununla da bir ara durğunluq dönəmi yaşamış incəsənət böyük bir təkan alıb sürətlə inkişaf etməyə başladı. Heykəllər, tablolar akademik paltardan çıxıb çağdaş biçimə düşdü. Muzeylərdə toz basıb kiflənmiş qara-qura tabloların yerini işıqlı, al-əlvan boyalı rəngkarlıq əsərləri tutdu. Qaramatın yerinə şuxluq gəldi. Və bu yalnız incəsənətdə baş vermədi: ədəbiyyat, heykəltəraşlıq, memarlıq abidələri də yeniliyə qucaq açdılar. Onlar da orta yüzilliklərin qaramatından təmizləndi. Və bu gün biz cəmi-cümlətanı yüz ilin içərisində incəsənətin, ədəbiyyatın, musiqinin nə qədər böyük bir inkişaf yolu keçdiyinin şahidi oluruq.
 

1937.az