Köhnə avtomobillərə əlvida!

13 Fevral 2010 14:49
İyulun 1-dən Azərbaycana avtomobil gətirilməsində yeni qadağalar tətbiq olunacaq. Bu, ölkədə Avro-2 ekoloji standartının tətbiqi ilə bağlıdır. İlkin məlumatlara görə, qadağalar 10-15 il əvvəl istehsal olunmuş avtomobilləri əhatə edəcək. Bu barədə yekun qərarı Nazirlər Kabineti verməlidir. Amma avtomobillərin istehsal olunduğu illər və həmin ölkələrin Avro-2 standartlarına keçdiyi dövrü araşdırmaqla, idxalı qadağan ediləcək avtomobillərin təxmini çevrəsini müəyyənləşdirmək mümkündür.

Avro standartları nədir?

Avro 1-5 standartları avtomobil mühərriklərinə və yanacaqlara şamil edilən tələblərdir. Bu standartları təşkil edən əsas amillər bunlardır: avtomobillərin texniki vəziyyəti; istifadə olunan yanacağın keyfiyyəti; nəqliyyat infrastrukturunun təşkili; alternativ yanacaq resurslarından istifadə.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekologiya və təbiəti mühafizə siyasəti şöbəsinin müdiri Rasim Səttar-zadə Milli.Az xəbər portalına açıqlamasında bildirib ki, hər hansı avtomobilin Avro standartlarına uyğunluğu müəyyənləşdirilərkən onun mühərriki işləyən zaman əmələ gələn qazların ümumi miqdarı və onun tərkibindəki zəhərli qazların həcmi nəzərə alınır. Avropa standartlarına keçid hər avtomobilin özü, həm də istifadə olunan yanacaq üçün getdikcə sərtləşən tələblər deməkdir.

Avro-2 standartlarına cavab verən avtomobillər hansılardır?

Əvvəla, ondan başlamaq lazımdır ki, Avropa Birliyinə daxil olan ölkələrdə Avro-1 standartları dövrü 1992-1995-ci illəri əhatə edib. 1995-ci ildən etibarən isə Avropada yeni standartların tətbiqinə başlanılıb. Bu, həm də o deməkdir ki, Azərbaycanda Avro-2 standartlarına keçid, 1995-ci ilə qədər istehsal olunmuş Avropa maşınlarının ölkəmizə yolunu bağlaya bilər. Lakin Rasim Səttar-zadə deyir ki, istehsal olunarkən Avro-2 standartlarına cavab verən avtomobil də bir neçə il istismardan sonra əvvəlki keyfiyyətini itirə və Avropa standartlarına cavab verməyə bilər.

Rasim Səttar-zadənin sözlərinə görə, Avropada yeni standartların tətbiqinə 1995-ci ildən başlanılsa da, bunu bütün ölkələrin istehsal etdiyi avtomobillərə şamil etmək olmaz. Məsələn, Yaponiyada Avro-2 standartdlarına 1997, Koreyada isə 2000-ci ildən tam keçilib. Rusiyada isə Avro-2 standartları 2006-cı ildən qüvvəyə minib. Həmin ilin iyununda Rusiyanın avtomobil sənayesinin flaqmanı - AVTOVAZ şirkəti karbüratorlu avtomobillərin istehsalını dayandırıb. Bununla da şirkət istehsal etdiyi avtomobilləri Avro-2 standartlarına uyğunlaşdırıb. Amma 2006-cı ilədək də Rusiyada Avro-2 stanrtlarına uyğun avtomobillər istehsal olunurdu. Sadəcə olaraq, bu, kütləvi xarakter daşımayıb, 2003-cü ildən sonra sınaq modellərin istehsalına başlanılıb. 2005-ci ilin iyununda isə "AVTOVAZ"-ın konveyerində işlənmiş qazların neytrallaşdırılması xüsusiyyətinə malik olan injektorlu ilk LADA-2105 avtomobilləri istehsal olunub. Bununla da şirkət mahiyyətcə Avro-2 ekoloji tələblərinə cavab verən istehsal bazasının hazırlanmasını başa çatdırıb.

Yeni standartlar Azərbaycanda ənənəvi yoxlamaya son qoyacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Avropa standartlarına keçidin daha bir özəlliyini də açıqladı. Onun sözlərinə görə, Avropa standartları avtomobillərin buraxdığı qazların yoxlanılması prinsiplərində də dəyişikliklər deməkdir. Azərbaycanda indiyədək SSRİ dövründə mövcud olmuş standartlarla yoxlamalar davam etdirilir. Yəni, avtomobil sakit vəziyyətdə ("xolostoy") işləyərkən dəm qazı yoxlanılır. Amma Avropa standartlarında həm yoxlama xarakterləri, həm də yoxlanılan maddələrin sayı fərqlənir. Əgər Azərbaycanda bu standartların tətbiqinə başlanılsa, o zaman avtomobillərin atmosferə buraxdığı işlənmiş qazlar maşınlar hərəkətdə ola-ola yoxlanılacaq. Bundan başqa, sovet standartlarında dəm qazının miqdarı faizlə yoxlanılırdısa, artıq avtomobilin qət etdiyi kilometrə görə milliqramla müəyyənləşdiriləcək.

Maşın bazarı boşalacaq!

"Azərbaycanda Avro-2 standartının tətbiqi yalnız ekoloji məsələ deyil və həm də ölkədəki maşınların sayının azaldılmasına xidmət edən bir addımdır". Bunu isə Milli.Az xəbər portalının əməkdaşına iqtisadçı-ekspert Azər Mehtiyev deyib. Onun sözlərinə görə, əhalinin çox hissəsinin yüksək qiymətə maşın almaq imkanı yoxdur. Əksəriyyət daha köhnə və ucuz avtomobillərə üstünlük verir: "Son vaxtlar yollarda olan maşınların əksəriyyəti köhnə illərin istehsalıdır. Bəziləri belə maşınlara həm də gəlir mənbəyi kimi baxır. Ölkəyə kütləvi surətdə ucuz maşınların gətirilməsi nəticəsində avtomobillərin sayı artıb. Bu artım tempi özü ilə bərabər problemlər də gətirib".

Çoxlarının maşın almaq arzusu ürəyində qalacaq

İqtisadçı-ekspert hesab edir ki, yeni standartların tətbiqi, ölkəyə idxal olunan avtomobillərlə bağlı tələblərin sərtləşdirilməsi özünü ilk növbədə avtomobil bazarında göstərəcək: "Bu, daha çox əhalinin azgəlirli hissəsinə təsir edəcək. Bazarlarda aktivliyin azalacağı şübhəsizdir. Artıq heç kim indiki kimi 6000-7000 dollar müqabilində avtomobil sahibi olmaq arzusuna çatmayacaq və maşın almaq üçün mütləq gözləməli olacaq". Bununla belə, Azər Mehtiyev hesab edir ki, bu dəyişikliklər, tətbiq ediləcək standartlara cavab verən avtomobillərin mövcud qiymətlərinə təsir etməyəcək.

Ölkəyə avtomobil idxalı kəskin azalacaq

Mütəxəssislər hesab edirlər ki, yeni standartların tətbiqi ilə Azərbaycana gətirilən maşınların sayında ciddi azalma baş verəcək. Çünki yaşı daha az olan avtomobillərin qiymətləri bahadır və bu faktor alıcılıq səviyyəsini aşağı salacaq. Nəticədə tələbat da azalacaq və bu, özünü avtomobil idxalında göstərəcək.

Yeri gəlmişkən, 2009-cu ildə Azərbaycana ümumi dəyəri 455,88 milyon dollar olan 63 425 minik avtomobili gətirilib. Yəni, Azərbaycana gətirilən hər bir avtomobilin orta hesabla dəyəri 7187 dollar olub.

Mahir
Milli.Az