Allah babasından küsən, peyğəmbər olmaq istəyən uşaq

7 May 2014 23:12
"Uşaqlıq illərim çox qayğısız keçib. Bütün balaca qızlar kimi qızartma kartof və ketçup yeməkdən doymurdum. Brüs Li ən böyük qəhrəmanım idi. "Adidas" ayaqqabılarım və iki böyük arzum var idi: ayaqlarımı qırxmaq və kainatın son peyğəmbəri olmaq".

Tehran, 1978-ci il. Səkkiz yaşlı Mərcanın yeganə arzusu peyğəmbər olmaq və kainatı xilas etməkdir. Ölkəsindəki rejim dəyişikliyi, qızışan siyası ehtiraslar onun uşaqlıq dünyasına rəng qatıb. Mərcan gah "yaşasın şah!", gah da "rədd olsun şah!" şüarlarıyla evin içində ora-bura qaçır, ətrafda baş verənləri anlamağa çalışır.

İslam inqilabından sonra hicab taxmağa məcbur edilən qızcığaz İran-İraq müharibəsi başlayandan sonra bomba səsləri altında oyanır, yaxınlarının və dostlarının itkisi ilə qarşılaşır.

Repressiyalar güclənəndə ailəsi ipə-sapa yatmayan qızlarını Avropaya göndərir. Vyanada Mərcanın içində inqilab başlayır. O, sərhədsiz azadlıqlar qazanır, aşiq olur və elə hey darıxır...

Mərcan Kannda

Təəssüf ki, son dövrlərə qədər Avropa insanının İran haqqında təsəvvürü üç ümumi və bəsit fikirdən ibarət idi: İran qapalı müsəlman ölkəsidir, İranda qadınlar hələ də hicab taxır, Buş İrana müharibə elan etməyə hazırlaşır.

İran kinosu və İran incəsənəti isə bu stereotipləri dağıtmağa çalışır. Avropaya mühacirət edən Tehran senzurasından qurtulan incəsənət adamları bu mənada daha şanslıdır. Mərcan Satrapi də onlardan biridir. "Persopolis" yazıçı və rejissor Satrapinin eyniadlı avtobioqrafik komiksləri əsasında ekranlaşdırılan cizgi filmidir. Yuxarıda sadalananlardan da göründüyü kimi ekran əsəri o qədər ciddi və fundamentaldır ki, adamın "Persopolis"ə cizgi filmi deməyə dili gəlmir.

Katrin Denöv və Kyara Mastroyani kimi Fransa ulduzlarının səsləndirdiyi ekran əsəri İranda dərhal qadağan olunub. Rəsmi Tehran Fransanın İrandakı səfirliyinə müraciət edib, "Persopolis"in nümayişinin dayandırılmasını tələb etsə də, film sərhədləri aşmağı bacarıb.

Dünya da balaca Mərcanın hekayəsinə biganə qalmayıb. 2007-ci ildə ekranlara çıxan film Kann festivalında münsiflər heyətinin xüsusi mükafatını qazanıb, "Oskar"a namizəd olub.

Ağ saqqallı Allah

Düşünən, yaxşını pisdən ayırmağı bacaran insanlar heç vaxt ədalətsizliklə barışa bilməz. Digərlərindən daha ağır vicdan yükü daşıyan və daim deyinən bu "narahat" tiplər təkliyə məhkumdur.

Qəhrəmanımız Mərcan da onlardan biridir. O, roku və Brüs Lini sevir, ortodoks İslamı anlamır və qəbul etmir. İnqilablardan, müharibədən, kommunist yalanlarından və sürgünlərdən keçən, hər cür təhqir və əziyyətlərə dözən Mərcan özü olmağa, insan kimi qalmağa çalışır.

Kainatın son peyğəmbəri olmaq istəyən balaca hər gecə Allah baba ilə söhbət edir. Ona baş verənləri danışır və məsləhət alır.

Həbsdən çıxan kommunist əmisi Anuşun qayıdışı onun həyatını kökündən dəyişir. İnqilabdan sonra əmisi yenidən həbsxanaya düşür. Mərcanla əmisinin həbsxanadakı görüşü və "Sən həmişə mənim arzusunda olduğum qızımsan" sözləri böyük bir nəslin faciəsinin ifadəçisidir.

Anuşun ölümündən sonra Mərcan onun yanına gələn ağ saqqallı Allah babasını qovur, ona "Hamı öldü, sən isə heç nə etmədin" deyir. Bununla da Mərcanın göylərlə münasibəti və peyğəmbər olmaq istəyi dəfn olunur.

Kədərli cizgi filmi
 

Müəllif heç kimə öz mövqeyini və fikirlərini sırımır, heç nəyə işarə etmir və lənətləmir. Balaca Mərcan, sadəcə, gördüklərini və yaşadıqlarını danışır.

Filmin real əhvalatlara əsaslanması "Persepolis"in inandırıcılıq və təsirlilik dərəcəsini artırır. Filmdə dərin dramatizm, yüngül ironiya və kədər var. Bəlkə də, bu kədər deyil, sadəcə, təəssüfdür. Yaşananlara, düşüncə və azadlıqlarına görə ölkəsindən və ailəsindən uzaq qalmağa məhkum olanlara görə yaşanan dərin təəssüf.

"Persepolis" animasiya filmidir və animasiya yüksək səviyyədədir. Karikaturalar vasitəsilə yaradılan qəhrəmanlar lakonik, dekorasiyalar və fon musiqisi çox dəqiqdir. Vizual olaraq hər şey çox maraqlı görünür və ən əsası standart deyil.

"Persopolis"ə mütləq baxın, baxın və siz də İslam inqilabına məğlub olan, ancaq gələcəyinə və istəklərinə sahib çıxan balaca Mərcanı, indi Parisdə yaşayıb-yaradan 45 yaşlı Mərcan Satrapini tanıyın.

1937.az