Google Glass dəyişir

7 May 2014 19:57
Google internet korporasiyası Google Glass smart eynəyinə jest və səs əmrlərinin köməyi ilə məhsul və xidmətlərin ödənişi üçün Google Wallet elektron ödənişlər sisteminin tətbiqini planlaşdırır.

TechCrunch nəşri şirkətə yaxın mənbəyə istinadən yazır ki, Google hazırda xidməti sınaqdan keçirir və onu yaxın vaxtlarda Google Glass istifadəçilərinə təqdim edə bilər.

Milli.Az ICTnews-a istinadən bildirir ki, pulu öz hesabından başqa hesaba köçürmək üçün istifadəçi yalnız pulu göndərmək deməli və bir sıra jestlər etməli olacaq. Nəşrin məlumatına görə, Google əməliyyata görə 0,3 dollar və ya dəyərinin 2.9%-i məbləğində komissiya haqqı tutacaq.

Glass smart eynəyinin köməyi ilə video çəkmək, tərcüməçi xidmətindən istifadə etmək, mesaj göndərmək və video konfranslar həyata keçirmək olar. Bu qurğuda kompüter displeyi göz səviyyəsindən bir qədər yüksəkdə yerləşir və bu, cihaz sahibinə əsas məşğuliyyətlərdən diqqətini yayındırmamağa kömək edir. Eynəyə Bluetooth və Wi-Fi modulları quraşdırılıb ki, bu da smartfonun köməyi ilə faylları ötürməyə imkan verir.

Milli.Az