Onu SSRİ dövründə ən təhlükəli cinayətkar, qatı faşist, terrorçu, Ukraynada isə sadə xalq milli azadlıq mübarizi, alovlu vətənpərvər adlandırırdı. SSRİ dağılandan və Ukrayna öz müstəqilliyini əldə etdikdən sonra bu insanın geniş fəaliyyəti ilə ukraynalılar daha yaxından tanış olaraq, onun haqqında ətraflı və geniş məlumat ala bildilər. Onun fəaliyyət dairəsi, həqiqətən də, olduqca geniş və hərtərəfli idi və əksər hallarda bu insanı Ukraynanın məşhur azadlıq mübarizi və kobzarı Taras Şevçenko ilə müqayisə edirlər. Taras Şevçenko ilə müqayisədə o, qələmi ilə deyil, belə demək mümkünsə, süngüsü ilə Ukraynanın azadlığı uğrunda mübarizəyə başladı. Bu yolda min məhrumiyyətlərə məruz qalmasına, ölüm hökmünə məhkum edilməsinə baxmayaraq, ölkəsinin azadlığı uğrunda mübarizəsindən dönmədi, həbslər, ağır işgəncələr onu öz yolundan döndərə bilmədi. SSRİ və onun varisi Rusiya tərəfindən terrorçu, Ukraynada isə eks-Prezident Yuşşenko tərəfindən Ukraynanın Milli Qəhrəmanı elan edilən bu qəribə taleli insan Stepan Bandera idi. Son dövrlərdə Ukraynada baş verən hadisələr və Rusiyanın Krımı ilhaq etməsi ölkənin ərazi bütövlüyünün bərpası yönündə mübarizəyə başlayan minlərlə ukraynalını alovlu vətənpərvər Stepan Banderanın ideyaları ətrafında birləşməsinə gətirib çıxarıb.
Vətənpərvərlik ruhunda tərbiyə edildi
Stepan Andreyeviç Bandera 1909-cu il yanvar ayının 1-də o dövrdə Avstriya-Macarıstan imperiyasının əsarəti altında olan Qalisiya ( Qərbi Ukrayna) krallığının Starıy Uqrinov kəndində, çoxuşaqlı ailədə anadan olub. Stepanın atası Andrey keşiş idi. Ailənin ikinci övladı olan Stepan olduqca vətənpərvər bir ailədə tərbiyə almışdı və bu da onda uşaq yaşlarında milli ruhun tərbiyə olunmasında önəmli rol oynamışdı. Andrey keşiş olmasına baxmayaraq, Avstriya-Macarıstan imperiyası daxilində baş verən siyasi hadisələrdə yaxından iştirak etdiyindən milli azadlıq ideyalarının qızğın tərəfdarı, millətini sevən alovlu bir vətənpərvər kimi tanınırdı. Stepan Banderanın dayısı Yaroslav Veselovskı Avstriya-Macarıstan parlamentinin deputatı idi. O hər dəfə kəndə gələndə balaca Stepan onun parlament həyatından danışdığı siyasi hadisələrə həvəslə qulaq asardı. Ümumiyyətlə, balaca Stepan hələ kiçik yaşlarından olduqca sözəbaxan bir uşaq hesab edilirdi. Dindar ailədə böyüdüyündən həddindən artıq Allaha inanır, kilsədə keçirilən bir mərasimi belə buraxmırdı. Stepanın 5 yaşı olanda I Dünya müharibəsi başladı və məktəblər bu səbəbdən də bağlandı. Ona görə də atası Stepanı dərslərə evdə hazırlaşdırmağa başladı. Müharibə Starıy Uqrinov kəndinə də gəlib çatdı və iki dəfə kənd düşmən rus və Avstriya-Macarıstan əsgərlərinin əlindən-əlinə keçdi. Amma bu müharibə Qalisiyada Ukraynanın milli azadlıq hərəkatının başlamasına təkan verdi. Stepanın atası Andrey də milli azadlıq hərəkatının önündə gedirdi və o, Kaluş mahalında imperiyaya qarşı baş verən üsyanın əsas təşkilatçılarından biri oldu. Eyni zamanda Andrey könüllülərdən ibarət hərbi alayların təşkilində önəmli rol oynadı və öz müstəqilliyini elan edən Qərbi Ukrayna parlamentinin deputatı seçildi. I Dünya müharibəsində Avstriya-Macarıstan imperiyasının məğlub olması onun Avstriya və Macarıstan dövlətlərinə parçalanmasına səbəb oldu. İmperiyaya məxsus bəzi ərazilər, o cümlədən Qərbi Ukrayna yenidən müstəqilliyini əldə edən Polşaya verildi. Ukraynanın Şərqi isə bolşevik Rusiyası tərəfindən işğal edildi. Bundan sonra Stepanın atası yenidən kənd kilsəsində keşiş kimi fəaliyyət göstərməyə məcbur oldu.
Təhsil və gizli fəaliyyət illəri, həbslər
1919-1927-ci illərdə Stepan gimnaziyada oxudu və mükəmməl təhsil aldı. Beşinci sinifdə oxuyanda Stepan Bandera milli-azadlıq ideyalarını təbliğ edən gənclər təşkilatına qoşuldu. Bununla da o, gələcək həyat yolunu müəyyən etmiş oldu. Həmin dövrdə Qərbi Ukrayna Dövlət Gənclər Qrupu və Ukrayna Gimnaziyalarının Yuxarı Siniflərinin Birliyi Təşkilatı fəaliyyət göstərirdi. 1926-cı ildə bu iki qurum Ukrayna Millətçi Gənclər İttifaqı adı altında birləşdi. Stepan Bandera yeni yaradılan qurumun liderlərindən biri oldu. 1928-ci ildə Stepan Bandera Ukraynanın müstəqilliyi uğrunda gizli şəkildə mübarizə aparan Ukrayna Ordu Təşkilatına daxil oldu və tezliklə onun ən fəal üzvlərindən birinə çevrildi. Bununla da o, ölkəsinin milli-azadlıq mübarizəsində daha fəal iştirak etməyə başladı. Ona, əvvəlcə, kəşfiyyat işləri, sonra isə əhali arasında milli-azadlıq ideyalarının təbliği və təşkil edilməsi vəzifəsi tapşırıldı. 1928-ci ildə Stepan Bandera Lvov Politexnik İnstitutunun aqronomluq fakültəsinə daxil oldu. Burada oxuduğu 6 il ərzində o, əhali arasında milli-azadlıq ideyalarını qızğın şəkildə təbliğ etdi. 1929-cu ildə Ukrayna Milli Hərəkatı (UMH) yaradıldı və Stepan Bandera onun ilk üzvlərindən biri oldu. UMH-nin ilk konfransında Stepan Banderaya Kaluş mahalında əhali arasında milli-azadlıq mübarizəsini təbliğ edən ədəbiyyatın yayılması vəzifəsini tapşırdılar. Eyni zamanda o, gizli nəşrlərin yayılması və texniki nəşrlər şöbələrinin rəhbəri təyin edildi. 1928-1930-cu illərdə Stepan Bandera ayda bir dəfə çıxan "Millətin fəxri" satirik jurnalında müxbir kimi çalışdı. Bu ədəbi orqanda Stepan Bandera "Matvey Qordon" təxəllüsü altında məqalələr yazır, buna paralel olaraq, xaricdən millətçilk ruhunda nəşr edilən gizli "Surma", "Millətin dirçəlməsi", "Ukrayna millətçisi" nəşrinin, Ukrayna Milli Hərəkatının bülletenlərinin ölkəyə gətirilməsini və "Yunak" jurnalının Polşada nəşrini uğurla həyata keçirirdi. Polşa polisi bu gizli millətçi nəşrlərin yayılmasını üzə çıxarmaq üçün dəfələrlə müxtəlif cəhdlərə baş vurmuşdu. Onlar bu işdə Banderadan şübhələnərək dəfələrlə onu həbs etmiş, ancaq günahını sübut edə biləcək faktları olmadığından onu həbsdən azad etməyə məcbur olmuşdular. 1931-ci ildə Stepan Bandera UMH-nin əlaqələndiricisi İvan Qabruseviçin yardımı ilə dəfələrlə gizli şəkildə xaricdə olmuşdu. 1932-ci ildə gizli şəkildə Dansiqə ( indiki Qdansk) gedən Bandera buradakı Ukrayna Milli Hərəkatına məxsus düşərgədə düşmənə qarşı təxribat aparılması metodları üzrə xüsusi təlim kurslarında oxudu. Geri qayıtdıqdan sonra UMH-nin Qərbi Ukraynadakı əlaqələndiricisi və gizli hərbi şöbənin komendantı təyin edildi. Ümumiyyətlə, 1930-1933-cü illərdə Stepan Bandera atası Andreylə birlikdə əhali arasında antipolyak təbliğatlar aparmasına görə 6 dəfə həbs edildi.
1932-ci ildə UMH-nin hərbi qanadının üzvlərinin bir neçəsi həbs edildi və onlara ölüm hökmü kəsildi. 1932-ci il dekabr ayının 22-də onlar asıldılar. Həmin gün Stepan Bandera yoldaşları ilə birlikdə buna qarşı etiraz aksiyası keçirdilər və onun göstərişi ilə bütün Qərbi Ukraynada məhkumların asıldıqları vaxtda kilsə zəngləri bir neçə saat ərzində ara vermədən çaldı.
Bandera ölüm hökmünə məhkum edilir
Şərqi Ukraynada baş verən aclıq illərində ( 1932-1933) Bandera onlara dəstək aksiyası keçirdi və eyni zamanda əhali arasında SSRİ-yə qarşı geniş antibolşevik təbliğatına baş vurdu. 1933-cü il iyun ayının 3-də UMH-nin Əlaqələndiricilər Şurasının konfransı keçirildi. Konfransda SSRİ-nin Ukrayna xalqını aclıqla məhv etmək siyasətinə cavab olaraq, Kremlin Lvovdakı konsulunu öldürmək qərara alındı. Amma Stepan Banderanın şəxsən başçılıq etdiyi bu sui-qəsd baş tutmadı. Belə ki, sui-qəsdi həyata keçirmək vəzifəsi tapşırılan Nikolay Lemik konsulu yerində tapmayaraq onun katibi A. Maylovu öldürdü. Polşa məhkəməsi buna görə Lemikə ömürlük həbs cəzası kəsdi.
1933-cü ildə UMH-nin Praqada keçirilən konfransında Stepan Bandera bu qurumun siyasi yolla mübarizədən hərbi mübarizə metodlarına keçməsini təklif etdi. Nəticədə 24 yaşlı bu gəncə daha bir etimad göstərərək onu UHM-nin rəhbər vəzifələrinə irəli çəkdilər. Bundan sonra Banderanın rəhbərliyi altında əhali arasında dinc təbliğatdan qismən də olsa imtina edildi və milli-azadlığı əldə etmək məqsədilə silahlı mübarizə metodları önə çıxarıldı.
1934-cü ildə Ukrayna millətçiləri Banderanın birbaşa rəhbərliyi altında Polşanın daxili işlər naziri Bronislav Peratskinin öldürülməsini təşkil etdilər. Naziri öldürən Qriqori Matseyko qaçıb gizləndi və sonra da gizli yolla xaricə gedə bildi. Nazirin öldürülməsi ərəfəsində gizli yolla Polşa-Çexoslovakiya sərhədini keçərək xaricə getmək istəyən Stepan Bandera və yoldaşı Boqdan Pidqaynı polşalı sərhədçilər tərəfindən həbs edildilər. 1936-cı il yanvar ayının 13-də Polşa məhkəməsi Stepan Bandera, Nikolay Lebed və Yaroslav Karpints haqqında ölüm hökmü çıxardı. Amma həmin dövrdə hökumət tərəfindən elan edilən amnistiya nəticəsində onların ölüm hökmü ömürlük həbs cəzası ilə əvəz edildi. Amma Stepan Bandera tərəfindən öncədən planlaşdırılan digər terror aktı həyata keçirildi. Nəticədə Lvov Universitetinin professoru İvan Babiy və onun tələbəsi Yakov Baçinski xəyanətə görə öldürüldülər.