Bu dəfə qəzanın baş verməsinə səbəb piyadalar yox, elə sürücünün özünün səhlənkarlığı olub
Bakının Xətai rayonu ərazisində yol nəqliyyat hadisəsi baş verib.
ANS TV-nin məlumatına görə, bu dəfə qəzanın baş verməsinə səbəb piyadalar yox, elə sürücünün özünün səhlənkarlığı olub.
"Şevrole" markalı minik maşını yolun kənarında dayanmış olub. "Tofaş" markalı digər minik maşını isə şəhərin mərkəzindən Zığ yolu şossesi istiqamətində hərəkət edirmiş. Ancaq iş elə gətirib ki, "Şevrole" markalı avtomaşına çatdıqda sürücü idarəetməni itirib və onun avtomobili hərəkətsiz olan maşına dəyərək qəza törədib. Qəzada hər iki avtomobilə ciddi ziyan dəysə də, yaxşı ki, xəsarət alan olmayıb.
Yol qəzasının təfərrüatlarına aydınlıq gətirilməsi üçün əraziyə Xətai Rayon Dövlət Yol Polis şöbəsinin müfəttişləri cəlb olunub və toquşma sahəsinə baxış keçirilib. "Tofaş" markalı avtomaşının sürücüsünün müfəttişlərə verdiyi məlumatdan aydın olur ki, onu eyni istiqamətdə hərəkət edən başqa bir nəqliyyat vasitəsi sıxıbmış. Bu hələlik əldə olunan ilkin versiyadır. Təfərrüatlar araşdırılır.