Vahid Mustafayevin qardaşı, jurnalist Rafael Mustafayevi vuran şəxs yaxalanıb

17 Noyabr 2010 15:58
ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayevin qardaşı, tanınmış jurnalist Rəfael Mustafayevin ölümü ilə nəticələnən yol qəzasını törətmiş şəxs yaxalanıb. Daxili İşlər Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, bu, İsmayıl İsmayılovdur. İ.İsmayılov Yasamal RPİ 29-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
O, piyadalar Rəfael Mustafayev və Qasım Muradpuru idarə etdiyi "VAZ 2107" markalı maşınla noyabrın 14-də Şərifzadə küçəsi 165 ünvanında, saat 22.45 radələrində vurub. Əldə etdiyimiz məlumata görə, saxlanılan şəxs polisə verdiyi ifadəsində hadisədən sonra Rəfael Mustafayevin və digər piyadanın sağ olduğunu deyib. Onun sözlərinə görə, piyadalar ondan xəstəxanaya çatdırılmalarını istəyiblər. Sürücü əvvəlcə onları maşına mindirsə də, sonradan yaralıları Z.Kərimov küçəsinə apararaq oraya atıb. Nəticədə R.Mustafayev ölüb, Q.Muradpur isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Yasamal RPİ tərəfindən araşdırma aparılır.

Xatırladaq ki, Azərbaycanın tanınmış jurnalistlərindən olan Rəfael Fuad oğlu Mustafayev Yasamal qəbiristanlığında dəfn edilib.
R.Mustafayev 1955-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Neft Kimya Akademiyasının məzunu olub. O, bir sıra yerli informasiya agentlikləri ilə işləməklə yanaşı, Rusiyanın "Kommersant", "Novıe İzvesiya" qəzetləri ilə də əməkdaşlıq edib. 2004-cü ildən etibarən Rusiyanın "Reqnum" informasiya agentliyinin əməkdaşı olub. R.Mustafayev ANS Şirkətlər Qrupu prezidenti Vahid Mustafayevin böyük qardaşı idi.

/ANS PRESS/