Gəncədə cüdo üzrə açıq birinciliyə yekun vurulub
6 May 2014 20:33
Gəncə Olimpiya İdman Kompleksində ümumilli lider Heydər Əliyevin anadan olmasının 91-ci il dönümünə həsr olunan cüdo üzrə açıq birinciliyə yekun vurulub. Yarış 1 saylı UGİM-in təşəbbüsü ilə reallaşıb.
Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, birincilikdə Gəncənin 5 komandası - Təhsil Respublika İdman Mərkəzi, Spartak və Dinamo İdman cəmiyyətləri, eyni zamanda 1 və 2 saylı UGİM-nin üzləri qüvvələrini sınayıb. Açıq birinciliyin digər iştirakçıları isə Bakı, Sumqayıt, Zaqatala, Mingəçevir, Yevlax, Şəmkir, Tovuz və Samux idmançıları olub. Yeniyetmə Tatami ustaları 3 yaş qrupu üzrə 1 çəki dərəcəsində mübarizə aparıblar.
Nəticələrə əsasən, 1 saylı UGİM-in yetirmələrindən 27 kq çəki dərəcəsində Araz İsayev, 30 kq-da Murad Cavadov, 34-də Turan Bayramov, 38-də Röyal Rüstəmov, 42 kq-da Vüsal Rüstəmov və 46 kq çəkidə Yusif Məmmədov birinciliyin qalibi olublar. TİM-in uğurları üçün çalışan İsmayıl Yolçuyev 21 kq-da, Saleh İsmayılzadə 55 kq çəkidə yarışın baş mükafatını qazanıb. Digər çəki dərəcələrində isə gəlmə cüdoçular fərqlənib. Bu mənada 24 kq-da Yevlax idmançısı Hüseyn Sadıqov, 55 kq-da Tovuz təmsilçisi Kamil Rzayev və 55 + -da Bakı cüdoçusu Elmir Salmanov fəxri kürsüyə qalxıb.
Milli.Az