"Coşqun və Rafael mədəniyyətimizin faciəsidir"

6 May 2014 10:17
"Azərbaycan teatrında gülüş" deyəndə göz önünə gələn mənzərə... Coşqun, Rafael və digərlərinin qeyri-peşəkar, qeyri-ciddi olduğunu hesab edənlər var. Bəs teatrlarımızın özündə gülüşün səviyyəsi necədir? Azərbaycan teatrlarında ciddi gülüş varmı? Və sonuncu dəfə teatrda hansı tamaşaya baxıb gülmüsünüz? Bu mövzu ilə bağlı sorğu keçirdik.

Əli Əmirli (dramaturq):

"Mən hesab edirəm ki, Azərbaycan teatrının bu dəqiqə ən parlaq gülüşü "Bu şəhərdə"dir.  Onların səhnəcikləri zamanımızla o qədər çulğalaşır ki, insanlar özlərini orada görürlər. Onlar insanlara gülüşü çox məharətlə bağışlaya bilir. "Bu şəhərdə"nin tamaşalarına baxmasam da, ayrı-ayrı fraqmentləri rastıma çıxıb. Ona görə deyirəm ki, Rafaellə Coşqun nəzərə alınmalıdırlar. Amma son dövrlərdə belə gurultulu, səs-küy salan komediya, vallah, yadıma gəlmir.

"Varlı qadın" komediyası postsovet ölkələrinin, demək olar ki, əksəriyyətində tamaşaya qoyulub. Və ölkəmizdə də elə bir teatr yoxdur ki, orada tamaşaya qoyulmasın. Deməli, "Varlı qadın" həyatımızın müəyyən neqativ məqamlarını göstərir. Amma yenə də bugünkü tamaşaçını, həqiqətən, güldürən, qəhqəhə çəkdirən Coşqunla Rafaelin çıxışlarıdır. "Fast food" keyfiyyətində olan bu tamaşalar çox asan qavranılır. Bizim teatrımız indiki halda bu vəziyyətdədir".

Sevdacan Babayeva (TeatrPlyus.az portalının baş redaktoru, teatrşünas):

"Komediya janrı təkcə dodaqda gülüş yaratmamalı, həm də düşündürməlidir. Mövzu, rejissor quruluşu, aktyor oyununun peşəkar vəhdətindən akademik komediya tamaşası ortaya çıxa bilər. Komediya janrı bir çoxlarına bəsit görünür, lakin əslində, komediya ən çətin janrdır. Sirr deyil ki, sarkazm, ironik gülüşlə istənilən ciddi və ya qeyri-ciddi mövzunu aktuallaşdırmaq, ona təsir etmək və bilavasitə dəyişdirmək mümkündür. Yetər ki, peşəkar yanaşma olsun.

İndiki zamanda istər Azərbaycanda, istərsə də, dünyanın digər ölkələrinin teatrlarında sözün həqiqi mənasında öldürücü effektə malik komediya tamaşası hazırlamaq çətindir. Xüsusilə, Azərbaycanda həm mövzu, həm quruluş, həm də aktyor oyununu özündə ehtiva edən güclü komediya görmək müşküldür. Ya əsər zəif olur, ya rejissor işi, ya da aktyor oyunu. Buna misal kimi son illərin ən çox sevilən, baxılan populyar cütlüyü "Bu şəhərdə"nin yaradıcı heyətini göstərmək olar. Coşqun və Rafael cütlüyü kifayət qədər istedadlı, peşəkar aktyorlardır. Sketçlərin mövzusu maraqlı, aktual olsa da, rejissor yanaşmasında qeyri-peşəkarlıq aydın şəkildə hiss olunur. Nəticədə zəif quruluş mövzunun təsir gücünü aşağı endirir".

Arif Quliyev (aktyor):

"Mən Musiqili Komediya Teatrında gedən bütün əsərlərə baxıb gülürəm. Elə "Azdrama"da da. Düzdür, əsərlər köhnə əsərlərdir, amma hərdən təzə yazılanlar da diqqətimi çəkir. Gənclər arasında Rafael və Coşqunu, Fərdanı, Elməddini, İmanov qardaşlarını çox yüksək qiymətləndirirəm. Teatrlarımızda da gənclər var. Hər şey çətinliklə olur. Arif birdən-birə Arif olmayıb ki... Onlar da yavaş-yavaş gəlirlər. Hərəsinin öz tamaşaçısı var. Amma teatrda yeni əsərlər olmalıdır. Klassik əsərlər yaxşıdı, lakin həmişə onlara söykənib, onu tamaşaçıya təqdim etmək olmaz. Yeni əsərlər yazılmalıdır. Gənc dramaturqlar da yoxdur. Yeni dramaturqlar arasında müsabiqələr keçirmək lazımdır ki, onlar da həvəslənsinlər, yazsınlar, yaxud yazdıqlarını ortaya çıxarsınlar".

İlhamə Əhmədova (Bakı Uşaq Teatrının rejissoru):

"Azərbaycan teatrlarında bu gün yumor çox bərbad haldadır. Düzdür, dövlət teatrlarında peşəkar aktyorlar Rafael ve Coşqunu qəbul etmirlər, amma özləri də bir şey qoymurlar ortaya. Heç rejissorlar da bu haqda düşünmür. Sonuncu dəfə 2010-cu ildə Opera və Balet teatrında Gennadi Xazanovun oynadığı tamaşada ürəkdən gülmüşəm".

Əhməd Qəşəmoğlu (sosioloq):

"Təəssüf ki, Moskvada yaşayarkən çox teatral bir adam olsam da, Bakıda teatra nadir hallarda gedirəm. Coşqun və Rafael isə mədəniyyətimizin faciəsidir. Hər dəfə Universitetdə dərs dediyim auditoriyalarda tələbələrin onlar kimi hırıldadığını görəndə siz dediyiniz o gülüşlərin xalqı nə dərəcədə aşındırdığını düşünür və dilxor oluram".

Mahmud Ağakişioğlu (publisist):

"Paradoksal səslənsə də, gülüş ciddi məsələdir. Ciddiliyi əsəbi sifət, çığır-bağır, qara kostyum, qara qalstuk kimi anlayan cəmiyyətdə yaşayırıq. Uzun illər Arif Quliyevin üz əzələlərinə və səs tellərinə əzab verməyinə baxıb gülmüşük. Etiraf edirəm ki, "Azərbaycan teatrında ciddi gülüş varmı?" sualına əhatəli və obyektiv cavab verməkdə çətinlik çəkirəm. Çünki teatrlarımızın bugünkü durumundan bixəbərəm, tamaşalara az-az gedirəm. Bəhanəm də var: həyat şəraitim imkan vermir. Ehtimal edirəm ki, vəziyyət ürəkaçan deyil, ona görə də Rafael və Coşqun bir dəfə "xiyar" deməklə, ləhcədə danışmaqla tamaşaçını güldürə bilir. Maraqlı bir şey müşahidə etmişəm: Rafael və Coşqunun tamaşalarında onların canlandırdığı tiplərə ən çox həmin tiplərin özləri gülürlər, ən çox onlar alqışlayırlar. Onları tanımaq çətin deyil: qabaq sıralarda otururlar. Ən baha biletlər də qabaq sıralar üçün nəzərdə tutulur".

Sevinc Çılğın (yazar):

"Mən 40 il bundan əqdəm Musiqili Komediya Teatrına gedib xeyli arıqladım və ora getməyin daşını atdım. Ümumiyyətlə, "Azdrama"dan da ayağımı çəkmişəm. "Yuğ"a və "Oda"ya gedirəm. Sonuncu dəfə "Yuğ"da "Sərhəd"də güldüyümü xatırlayıram. Təranənin oyununa. Ümumiyyətlə, məni düşündürən də, güldürən də bir teatr mövcuddur hazırda. O da "Yuğ"dur. O ki qaldı Rafaelgilə-filana, mənə maraqlı deyil, bəlkə, onlarla realda söhbət edib xeyli gülə bilərəm, amma tamaşa... Çox güləyən olmağıma baxmayın, hər şeyə də gülə bilmirəm".

Fehruz Şamıyev (ssenarist):

"Açığı, teatrda gülüş deyəndə, son illərdən yadıma bir şey düşmür. Ola bilər, mən mütəmadi izləmirəm. Amma hansısa komediya əsəri də yazılı olaraq qarşıma çıxmayıb. Məncə, son illər bu janrda əsər az yazılır. Ona görə də komediya deyəndə kütlənin ağlına müxtəlif səhnəciklərdən ibarət proqramlar düşür".

1937.az