Avtomobillərin lizinqlə satışı da qadağan olundu - SİYAHI - FOTO

5 May 2014 14:29

Azərbaycanın ən iri avtomobil dilerlərindən olan "Auto Azerbaijan" avtomobillərin lizinqlə satışını dayandırdığını elan edib

Milli.Az virtualaz.org saytına istinadən xəbər verir ki, barədə şirkətin təqdim etdiyi avtomobillərin lizinqlə satışını həyata keçirən "Qafqaz lizinq" şirkətindən məlumat yayılıb (fins.az).

Xəbərdə bildirilir ki, "Auto Azerbaijan" Azərbaycanda ən çox populyar olan markalardan "Hyundai" avtomobillərinin, eləcə də "Jeep", "Dodge", "Chrysler", "Peugeot" və "Geely" avtomobillərinin lizinqlə satışını həyata keçirməyəcək. Şirkətin rəhbərliyi lizinq şərtlərinə yenidən baxmaq niyyətindədir.

Ehtimal olunur ki, ölkənin ən iri avtomobil dilerlərindən birinin bu qərarı Vergilər Nazirliyinin göstərişi ilə bağlıdır. Bundan əvvəl Vergilər Nazirliyi lizinq şirkətlərinə öz əməliyyatlarında yalnız vergiödəyicisi kimi qeydiyyatdan keçmiş və VÖEN-ə malik olan, öz gəlirləri barədə bəyannamə təqdim edə bilər sahibkarlara üstünlük verməli olduğu barədə tövsiyə göndərib.

Gözlənilir ki, "Auto Azerbaijan"ın ardınca digər avtomobil dilerləri də lizinqlə avtomobil satışını dayandıracaqlar.

Qeyd edək ki, Azərbaycanda son vaxtlara qədər avtomobillərin lizinqlə satışı populyar deyildi və əhali əsasən kreditlə avtomobil almağa üstünlük verirdi. Lakin ölkədə ödənilməyən kreditlərin həcminin durmadan artmasından narahat olan Mərkəzi Bank kommersiya banklarının əhaliyə istehlak kreditləri verilməsini məhdudlaşdıran qərar verib.

Bu qərara görə, kommersiya bankları yalnız aylıq gəlirləri barədə arayış təqdim edən müştərilərə istehlak kreditləri, o cümlədən avtomobil kreditləri verə bilər. Eyni zamanda avtomobil kreditlərinin həcmi avtomobilin dəyərinin 20 faizindən çox ola bilməz.

Bu qaydanın tətbiqindən sonra ölkəyə avtomobillərin idxalı və satışı kəskin aşağı düşüb. Eyni zamanda avtomobil satışı salonları kəskin müştəri qıtlığı ilə üzləşib. Vəziyyətdən çıxmaq üçün avtomobil satışı dilerləri və salonları lizinqlə satışa keçmişdilər.

Ancaq indi lizinq də faktiki qadağan olunur. Lizinqə avtomobili ancaq o şəxslər ala bilər ki, leqal sahibkarlıq fəaliyyəti ilə məşğul olsun və gəlirləri barədə bəyannamə təqdim edə bilsin. Beləliklə, ölkədə avtomobil, xüsusən də yeni avtomobil almaq artıq hər kəsin işi deyil...

Milli.Az