"Fənərbağça" erməni futbolçu almaq istəyir
3 May 2014 11:50
Türkiyə çempionluğunu vaxtından əvvəl təmin edən "Fənərbağça" futbol klubu gələn mövsüm üçün transfer hazırlıqlarına başlayır.
Milli.Az apasport.az-a istinadən xəbər verir ki, İstanbul klubunun almağa çalışdığı futbolçulardan biri ermənidir. "Fənərbağça" yeni transferləri həyata keçirmək üçün üzünü Moskva "Spartak"ına çevirib. Komandanın gündəminə gələn futbolçulardan biri "Qalatasaray"ın da transfer siyahısında olan Sərdar Taşçıdır. Taşçı bir müddət öncə Moskvadan ayrılmaq istədiyini dilə gətirib. Onun bu istəyi Moskva klubu tərəfindən də müsbət qarşılanıb. "Spartak" 4 milyon avroya aldığı türk futbolçunu satmağa hazır olduğunu bildirib.
"Fənərbağça"nın almaq istədiyi digər futbolçu isə erməni əsilli Aras Özbilisdir. Mövsümün əvvəlində Krasnodarın "Kuban" komandasından "Spartak"a keçən Özbilis İstanbulda doğulsa da, Ermənistan yığmasında çıxış etməyə üstünlük verib. Artıq "Fənərbağça"nın menecerləri vasitəsilə Özbilisə təklif irəli sürdüyü də bildirilir. Bəzi məlumatlara görə, erməni futbolçu da Türkiyədə oynamağa müsbət yanaşır.
Milli.Az