"Qəbələ"nin baş məşqçisi gedir?

29 Aprel 2014 10:55
"Qəbələ"nin çalışdırıcısı Yuri Syomin Moskvanın "Spartak" klubunun baş məşqçisi vəzifəsinə namizədlər sırasındadır.

Milli.Az qol.az-a istinadən yaydığı məlumata görə, Rusiyanın futbol dairələrində təcrübəli çalışdırıcının paytaxt təmsilçisinin boş qalan baş məşqçi vəzifəsinə gətiriləcəyi haqda xəbərlər yayılıb. Qeyd edək ki, cari mövsüm "ağ-qırmızılar" üçün heç də yaxşı keçmir. Komanda ölkə kubokunun yarımfinalında mübarizəni dayandırıb, hazırda isə Rusiya Premyer Liqasında beşinci pilləni tutur. Rusiyalı jurnalistlər hesab edirlər ki, Syominin gəlişindən sonra "Spartak" əvvəlki ənənəsini qaytara bilər.

Xatırladaq ki, rusiyalı mütəxəssisin başçılığı altında "Qəbələ" tarixində ilk dəfə Azərbaycan Kubokunun finalına vəsiqə qazanıb, hazırda ölkə çempionatında isə dördüncü yeri tutur. Komanda bu mövsüm Avropa Liqasında vəsiqə əldə edə bilməsə, "Qəbələ" rəhbərliyinin Syominlə yolları ayıracağı istisna edilmir.

Milli.Az