Kazaklar: millət, subetnos, yoxsa təbəqə?

28 Aprel 2014 20:04

Ruslarla münasibətdə kəskin ziddiyyətin səbəbi: kazakların bütövlüyü, mentalitetlərinin sarsılmazlığı

"Rus xalqı kazak olmaq istəyir..."

XX əsrin sonları-XXI əsrin əvvəlləri kazakların inqilab və sovet sınağında itirilən yollarının axtarışı ilə əlamətdar olub. Kazak kimdi? Sosial qulluqçudu (hərbçi, sərhədçi), yoxsa kazak tayfasının özünə xas nümayəndəsidir?

Rusiyanın tarixi qəribə xalq tərəfindən yazılıb... "Etnik kazak faktoru" Rusiyanın tarixi ərzində genetik olaraq kazaklara heç bir aidiyyəti olmayan rusiyalı ziyalıların barışmaz ideoloji toqquşmasına səbəb olurdu. Etnik kazaklarla bağlı xülasəyə kazakları sevməyən, onları müdafiə etməyən tarixçi Nikolay Ulyanovun elmi işinə nəzər salmaqla başlamaq olar.

"Ukrayna separatizminin mənşəyi" adlı tarixi əsərində "kazakların yırtıcı təbiəti"ndən söz açılır. Əsərdə hətta kazaklar "vəhşi heyvanlarla" müqayisə edilir. Tarixçinin fikrini digər rusiyalı ziyalılar da bölüşüb.

Lakin kazaklar barədə müsbət fikirdə olanlar da az olmayıb. Məsələn, rusiyalı generalissimus Aleksandr Suvorov kazaklar barədə çox yüksək fikirləri ilə seçilib. Məhz Suvorov knyaz Potyomkinlə birgə II Yekaterinanı Zaporojye kazaklarına qarşı "sakit soyqırım" siyasətinə son qoymağa razı sala bilib. Yekaterina həmin müddətə Zaporojyeni darmadağın edəndən sonra kazakları Kubana köçürmüşdü. Beləcə Kubanda 40 kazak kəndi yarandı.

Kazakları sevənlər arasında Lev Tolstoyu da qeyd etmək lazımdır. Görkəmli yazıçısı, ideoloq və filosof dəfələrlə Rusiya dövlətinin kazaklara borclu olduğunu deyib.

Onun bəzi fikirlərinə nəzər salmaq olar: "...Rusiyanın bütün tarixi kazaklar tərəfindən yaradılıb. Əbəs yerə bizə avropalı kazakar demirlər. Rus xalqı kazak olmaq istəyir. Kazaklar Pyotrun çətinliklə tutub, sonra da itirdiyi Azovu tuta bilib. Krıma gedən qəsbkarlar isə orda rüsvay olublar".

Kazakların bu və ya digər rus ziyalısı tərəfindən müsbət, yaxud mənfi qiymətləndirilməsi bu ziyalının ölkənin regionlarında rusların həyatına necə qiymət verməsindən asılı olub.

Bu mənada kazakların mühitində qalmağa Uzaq Şərq üzrə səyyah Mixail Venyukovun psixoloji reaksiya səciyyəvidir. "Ussuri çayının və ondan şərqə dənizə qədər torpaqların təsviri" əsərində Venyukov yazırdı: "Sibir və Amur diyarına səyahətim dövründə şüurlu şəkildə yerli kazakların evində qalmaqdan imtina edirdim. Əvəzində mehmanxanalarda, zərurət olanda rusların evində qalırdım. Kazakların evləri daha varlı və təmiz olsa da, ordakı daxili atmosfer dözülməz idi. Bu evlər kazarma ilə monastrın ağır qarışığı idi. Hər bir kazakın rus məmuruna, yaxud zabitinə, ümumiyyətlə, avropalı rusa qarşı gizlədilməyən daxili qərəzi ağır və acıdır. Bu da əsasən bu qəribə xalqla yaxından ünsiyyət zamanı mənim üçün dözülməz idi".

Maraqlıdır ki, "ağır və qəribə" xalq barədə bu sözləri Ussuri sayı boyunca səyahətini otuz kazak və cəmi bir "avropalı rusun" müşayiəti ilə həyata keçirən təcrübəli araşdırmaçı deyirdi.

1917-1918-ci illərdə inqilabi hadisələrdə kazak hərbi birləşmələrinin heç birində sıravi kazakların kazak zabitlərinin məhkəməsini cəzalandırması halı olmadı. Rus alaylarında isə belə insidentlərin sayı yüzlərlə idi. Kazakların, ümumiyyətlə, olmadığı donanmada quru qoşunlarda olduğunda çox zabitləri güllələyir, suda batırır, süngüdən keçirirdilər.

Tolstoyun "Kazaklar"ı

Kazakların rus ziyalıları tərəfindən bu dərəcədə fərqli və zidiyyətli qiymətləndirilməsinin, onlara heyranlıq (Tolstoyun "Kazaklar" povestini yada salmaq olar) və nifrətin nümayişi XVI əsrin sonlarında etnik kazakların formalaşması ilə özünü daha çox büruzə verdi.

Kazaklardan fərqli olaraq rusların milli inkişaf dövrü rus ziyalılara ictimai və milli təzahürləri qiymətləndirmək üçün vahid mental-ideoloji platforma vermədi.

Rusiya kazakları ilə özlərinə məxsus dünyagörüşü, kazakların milli ideal kimi qəbul etdiyi tam formalaşmış davranış stereotipi ilə fərqlənib. Məhz kazakların bütövlüyü, mentalitetlərinin sarsılmazlığı rusların onlara münasibətində kəskin ziddiyyət yaradırdı.

Kazaklar heç vaxt özlərini rus saymayıb

"Etnik kazaklar faktoru" barədə mülahizələr yürüdəndə qədim tarixə də nəzərə salmaq lazım gəlir. Bəlkə orda kazakların rus, yaxud Ukrayna xalqlarının bir qolu olmasına dair sübutlar tapmaq mümkün olar. Ancaq belə bir sübut yoxdur. Daha doğrusu, sübutlar bunun tam əksini təsdiq edir. Avrasiyanın qədim və orta əsrlər tarixində kazakların necə formalaşmasını əks etdirən faktlar əksini tapıb. Kazakların formalaşması əsasən XIII əsrdən sonraya təsadüf edir. "Kazakların qədim tarixi" əsərində qədim və orta əsrlər tarixində kazak etnosunun formalaşmasını əks etdirən bütün mənbələr göstərilib. Kazaklar heç vaxt özlərini rus hesab etməyib. Ruslar, ilk növbədə moskvalılar isə kazaklara din və dil oxşarlığı olan xüsusi millət kimi baxırdı. Kazak nümayəndələrini Moskvada xarici səfirlər kimi təmtəraqla qarşılayırdılar.

Rusiya tarixində bütün mənbələrdə kazakların rus kimi göstərilməsi halına rast gəlmək mümkün deyil. Kazakların hərəkətləri, davranışları və digər xüsusiyyətləri onlarla ruslar arasında prinsipial fərqlərin olduğunu bir daha təsdiq edir.

Ilk rus enseklopediyaçısı V.Tatişev Don kazaklarının Zaporojye kazaklarından fərqini aydın şəkildə göstərmişdi. Araşdırmalar təsdiq edirdi ki, Don kazakları rus kazaklığının əsasını qoyub. Zaporojye kazaklarının isə ruslarla heç bir bağlılığı yoxdur.

Eyni zamanda Zaporojye kazaklarının ukraynalılarla əhəmiyyətli bağlılığı olmayıb.

Kazak ideyası ilə mübarizə aparan N.Ulyanov yazırdı ki, Zaporojyedə çoxəsrlik ənənələr mövcud olub və ora düşən ruslar da dönüb kazak olurdu. Ancaq əslində ruslar və kazakların fərqli dünyaları, xarakter və temperamenti, eyni zamanda fərqli həyat tərzi olub. Kazak mədəniyyəti də rus mədəniyyətindən xeyli fərqlənib.

Məhz Zaporojye kazakları Kubana köç edəndən sonra Kuban kazaklarının etnik əsasını qoyub. Zaporojyedə ukraynalılara rəğbət bəslənilmir. Bu da əsassız deyil. Çünki vaxtilə müxtəlif təzyiq və təqiblərdən qaçan ukraynalılar kazakların yanına sığınsa da, onlara qarışa bilməyiblər. Yalnız kiçik bir qisim kəndli həyat tərzindən əl çəkib kazaklara qoşula bildi.

"Kazaklar kazakdan əmələ gəlib"

Rusiya və Ukrayna tarixçilər kazakların müxtəlif etnik elementlərlə, həmçinin türk xalqları ilə qarışıqdan formalaşdığını iddia edir. XX əsrdə kazakların öz mənşəyinə necə yanaşmasını Mixail Şoloxov "Sakit Don" əsərində təsvir edib. Əsərdə komissar Ştokmanın kazakların ruslardan yarandığı ilə bağlı replikaya cavabı müasir kazaklar üçün xrestomatiya materialı hesab oluna bilər: "Kazaklar kazaklardan əmələ gəlib". Bu, Zaparojyedən Semireçinskiyə qədər kazakların qürurla səsləndirdiyi şüarıdır. On illər ərzində bolşeviklərin təqiblərinə baxmayaraq kazakların bu fundamental əhval-ruhiyyəsi kazak etnik cəmiyyətinin fiziki məhvinin qarşısını aldı.

Kazaklar bütün dövrlərdə öz etnik fərqliliyini hiss edib. Ruslarla müqayisədə fərqlilik heç də bu millətlə qarşıdurma aparmaq niyyətindən irəli gəlmirdi. Polşa şlyaxtiçləri ilə mübarizə dövrlərindən kazakların ruslara münasibətləri yaxşı olub. Ancaq rusların arasında kazak adasını qoruyub saxlamaq istəyi onları nisbətən müstəqillik uğrunda mübarizə aparmağa məcbur edir.

"Kazaklar hər zaman vahidliyini qoruyub saxlamaq hissi ilə yaşayıb. Don, Kuban, Ural və digər kazak orduları yalnız kazaklardan ibarət olub. Biz tam təbii olaraq özümüzü ruslardan fərqli hesab etmişik. Peterburqdan göndərilən hər hansı məmur barədə deyirdik ki, o bizim həyatımızı anlamır, ehtiyaclarımızın nədən ibarət olduğunu bilmir, çünki rusdu. Orduda xidmət edən zaman evlənən kazak barədə isə deyirik ki, o, rusla ailə qurub", - bu sözlər Don kazakı I.Yefremova aiddir.

Rusiyanın şimal və mərkəzi hissələrində yaşayanlar kazakların həyatı ilə çox tanışdır. Buna səbəb onların vətəndaş müharibəsi zamanı kazaklara sığınması olub. Kazaklar həmişə öz daxili problemlərinin həllində birgə olub. Xalqın maraqları məsələsində kazaklar eyni mövqedədir. Ruslara münasibətdə isə kazak ziyalıların mövqeyi bölünür. Sovet hakimiyyəti dövründə rus ziyalılar kazakları rus kimi təqdim etməkdə, kazakları kəndli kimi qələmə verməkdə maraqlı olub. SSRI rəhbərliyinin kazaklara belə "qayğısı" başadüşülən idi. Onlar praktik məqsədlər güdürdü: kazaklara rus psixologiyasını yeritmək və onların sovet quruculuğuna müqavimətini zəiflətmək. Ancaq kazaklar heç vaxt özlərini rus hesab etməyə imkan verməyib.

Kazaklar özlərini ayrıca, rus subetnosu statusuna yaxın olmayan, həmçinin siyasi planda bənzəri olmayan xalq hesab edir: kazakların sosial və siyasi maraqları kazak ziyalıları tərəfindən hər hansı mücərrəd hərbi-xidməti zümrə kimi deyil, etnik (milli) maraqlar kimi dərk edilirdir (imkan düşəndə qorunur).

"Azadlıq" qəzeti