Superkompüter satıcılıq etdi

26 Aprel 2014 21:37
IBM korporasiyasına məxsus Watson superkompüteri artıq dəfələrlə ən müxtəlif rollarda (həkim, iqtisadçı və aşpaz) sınanılıb. Bu dəfə superkompüter satıcı-konsultant peşəsini öyrənməlidir.

IBM onlayn ticarətlə məşğul olan Fluid şirkəti ilə müqavilə bağlayıb və Expert Personal Shopper (XPS) bulud proqramını yaratmağı planlaşdırır. Sözügedən proqram internet-mağaza müştərilərinin suallarına cavab vermək üçün Watson superkompüterinin imkanlarından istifadə edəcək.

Milli.Az ICTnews-a istinadən bildirir ki, unikal eksperimental proqrama daxil ediləcək birinci mağaza idman və turizm geyiminin ticarəti ilə məşğul olan The North Face şirkəti olacaq. Məhz bu internet-mağazanın müştərilərinin bütün suallarını konsultantın əvəzinə superkompüter cavablandıracaq.

Hələ ki, XPS xidmətinin istifadə tarixi açıqlanmayıb, amma IBM artıq Fluid şirkətinə 100 milyon dollar sərmayə yatırıb ki, sonuncu lazımi proqram təminatının hazırlanmasını maksimal dərəcədə sürətləndirsin və layihəni mümkün qədər tez bitirsin.

Milli.Az