Azərbaycanda özəl klinika bazarı: gələn kim, gedən kim? - ARAŞDIRMA - FOTO

25 Aprel 2014 13:32

Və ya qulaq həkimi ürəyi müalicə edəndə...

"Qulaqlarımda küt ağrılar olurdu. Televiziyada "Təbriz Mehr" klinikasında Tehrandan dəvət edilən professorun bütün qulaq problemləri üzrə müayinə apardığını eşitdim.

Fikirləşdim ki, əcnəbi həkimlər yenə də bizim həkimlərdən yaxşı olar. Klinikaya 80 manat ödəyib Şayan həkimin qəbuluna yazıldım..."

Bu sözləri virtualaz.org saytının müxbiri ilə söhbətində Baki şəhər sakini 41, yaşlı Təranə Həsənova deyib.

Müsahib söyləyir ki, reklamlara inanaraq müraciət etdiyi klinika tərəfindən aldadılıb: "Həkim resept yazdı və bildirdi ki, dərmanları digər apteklərdən tapa bilməsəm, yenidən klinikaya müraciət edib sifariş verə bilərəm. Mən də uzun axtarışdan sonra klinikaya müraciət etdim. Dedilər ki, bu dərmanları almaq üçün İrana getməliyəm. Çünki həmin dərmanlar İran istehsalıdır və xəstələrə pulsuz verilən dərmanların siyahısında olduğu üçün xarici ölkələrə satılmır".

Bundan sonra Təranə Həsənova klinikaya ödədiyi pulu geri istəyib: "Dedim ki, həkim niyə Azərbaycanda tapılmayan dərmanları yazır. Belə çıxır ki, mən 80 manatı kağız parçasına görə ödəmişəm. Eşitdiyim cavab isə "hara istəyirsən, şikayət elə" oldu. Bu klinikaya dəvət edilən iranlı həkimlərin yazdığı dərmanlar ya klinikanın aptekində satılır, ya da xəstə özü İrana gedib almalıdır".

52 yaşlı paytaxt sakini Şakir İsmayılov isə çox sevdiyi verilişin reklam fasiləsində koreyalı professorların dünyada analoqu olmayan aparatlar sayəsində bütün xəstəlikləri sağaltdığını eşidib: "Aparıcı elə məlumat verdi ki, sanki məndə olan xəstəlikləri sadalayırdı. Məndə əzələ-oynaq xəstəlikləri, onurğa sütununun əyriliyi var. Koreyalı həkimin qəbulu üçün 80 manat ödədim".

Şakir İsmayılov müayinə edilib. Ona deyiblər ki, həftədə iki dəfədən az olmayaraq müalicəyə gəlməli, hər dəfə gələndə isə 60 manat ödəməlidir: "Mənim kürəyimə küpə qoyurdular. Deyirdilər ki, bu bankalarla nöqtələrə təsir edilir, müalicə kursu isə ən azından 12 dəfə olmalıdır. Üstəlik, dərmanlar da aldırdılar. Müalicənin yarımçıq saxlayacağım təqdirdə sağalacağıma təminat verilmirdi. Beləliklə, belimə banka qoydurmaq mənə nə az, nə çox - 800 manata başa gəldi. Müalicəni yarımçıq saxladım. Sonadək getsəydim, dərmanlarla bərabər 1500-1700 manat xərcləməli idim. Reklamlara aldanmışdım, amma..."

"Yüksək ixtisaslı əcnəbi həkimin burada olması və konsultasiyaları xeyli mürəkkəb və baha başa gələn işdir. Özəl klinikaların xarici həkimləri geniş reklam etməsi xam adamlar üçün nəzərdə tutulan adi kələkdir".

Bunu səhiyyə naziri Oqtay Şirəliyev nazirliyin orqanı olan qəzetə müsahibəsində bildirib.

Nazir söyləyir ki, qanunvericiliyə zidd olaraq gəlmə həkimlər özəl klinikalarda praktika ilə məşğul olurlar, əməliyyat edirlər və çıxıb gedirlər: "Səhiyyə Nazirliyi isə bu barədə yalnız ya reklamlardan xəbər tutur, ya da bu şübhə doğuran "qastrolçu həkim" pasiyentin sağlamlığına zərər vuranda. Bu sonuncu halda məlum olur ki, həkim artıq əlçatmazdır, klinika isə "çiyinlərini çəkir" ki, həkim bacardığını elədi".

Qeyd edək ki, Səhiyyə Nazirliyində özəl tibb müəssisələrində yoxlamalar aparan xüsusi komissiya fəaliyyət göstərir. Nazir isə həmin komissiyanın araşdırmalarına istinadən çoxlarının şok kimi qəbul etdiyi açıqlamanı verir: "Yoxlamalar nəticəsində komissiya müəyyən edib ki, reklam olunan xarici həkimlərin professionallıqları, xidmətləri, təltifləri, adları ilə bağlı deyilənlərdən həqiqətə uyğun olanı ancaq onların xarici dövlətin vətəndaşı olmasıdır. Qalan hər şey reklam oyunudur, reklam qurbanları da buna aldanırlar. Özü də çox vaxt bu kələkdən qanunsuz fəaliyyət göstərən özəl klinikalar istifadə edirlər".

Nazir klinikaların qanunun tələblərini pozduğunu xatırladır. Amma bu xatırlatma daha çox "dovşana qaç, tazıya tut" məsəlini xatırladır. Çünki indiyədək səhiyyə nazirinin müavini Elsevər Ağayevdən tutmuş deputat Musa Quliyevə, Hadı Rəcəbliyə qədər çoxu eyni xəbərdarlığı edib.

Bu arada komissiyanın icazəsi ilə ölkəyə gələn həkimlərin statistikasına nəzər salaq.

Nazirlikdən virtualaz.org saytına verilən məlumata görə, 2009-cu ildən indiyədək 88 əcnəbi həkimə Azərbaycanda işləmək və ya müayinə aparmaq üçün icazə verilib. 2012-2013-cü illərdə 17 Türkiyə, 1 İtaliya, 2 Cənubi Koreya, 3 Cənubi Afrika, 6 Rusiya, 1 Bolqarıstan, 1 Almaniya, 1 ABŞ, 1 Ukrayna, 8 İran İslam Respublikası, 1 Norveç vətəndaşına Azərbaycanda işləmək üçün icazə təqdim olunub. Bu il isə ümumilikdə 10 əcnəbi həkimin Azərbaycana gəlib müayinə və müalicə aparmasına razılıq verilib.

Virtualaz.org saytının əməkdaşı isə mətbuatda, xüsusən də TV-lərdə gen-bol reklam olunan özəl klinikalar tərəfindən dəvət edilmiş həkimlərin icazə əsasında işləyib-işləmədiyini araşdırıb. Məlum olub ki, yüksək ixtisaslı mütəxəssis, professor kimi dəvət edilən həkimlər arasında öz ölkəsində iş tapa bilməyənlər də var. Amma onlar Azərbaycanda elə reklam olunur ki, qulaq həkimi ürək, kardioloq isə ginekoloji müayinələr aparmaqdan çəkinmir.

Təbrizdən gəlirəm...

Hazırda "Təbriz Mehr" klinikasında İran İslam Respublikasının vətəndaşı olan 10-dan çox həkim çalışır. Bundan əlavə, klinika ayda 2-4 dəfə İrandan həkim dəvət edir. Bir daha xatırladaq ki, son 1 ildə Azərbaycanda İrandan dəvət edilən 8 nəfərin işləməsinə icazə verilib.

Biz həmin klinikada çalışan həkimlərin adlarını heç bir şərh vermədən təqdim edirik:

1. Dr.Abbas Əlizadə - ginekoloq

2. Dr.Təbrizi - pediatr

3. Dr.Bəyat - damar cərrahı-mamoloq

4. Dr.Xoşbatin - qastroenteroloq

5. Dr.Şayan - otolarinqoloq

6. Dr.Fəllahi - oftalmoloq

7. Dr.Purfeiz - ortoped-travmatoloq

8. Dr.Yavərkiya - kardioloq

9. Dr.Şəkuri - fizioterapevt

10. Dr.Ostad Rəhimi - dietoloq

11-Dr.Nurizade - uroloq

12. Dr.Əslan Abadi - uşaq cərrahı

13. Dr.Mənsurizade - nevropatoloq

Klinikadan virtualaz.org saytının suallarına cavab olaraq bildirilib ki, "Təbriz Mehr" yalnız peşəkar həkimləri dəvət edir, amma həkimin diaqnoz və təyin etdiyi müalicəyə qarışmır.

Klinikada çalışan və İrandan dəvət edilən əcnəbi həkimlər üçün Səhiyyə Nazirliyindən icazə alınıb-alınmadığı barədəki suala isə "biz vergiödəyicisiyik, başqasına hesabat verməyə borclu deyilik" cavabını alırıq.

Bundan sonra şikayətçi Təranə Həsənovanın redaksiyamıza təqdim etdiyi telefon nömrəsi vasitəsilə Şayan həkimlə əlaqə saxlayırıq. Bu ilin fevralında Azərbaycanda olduğunu təsdiqləyən həkim onun klinikanın reklamında professor kimi təqdim edilməsinə təəccüblənir. İrana gələrək onunla görüşmək istədiyimizi söyləyirik:

-Doktor, əgər İrana gəlsək, sizin qəbulunuza necə düşə bilərik?

-Mənim Tehranda özəl kabinetim var. Sizin Tehranda məni tapmağınız müşküldür. Gələndə zəng vurun, çıxıb qarşılayım.

Həkimin tanınmış klinikalarda çalışdığını eşitdiyimizi təkrarlayırıq, amma nə ünvan, nə də klinika adı öyrənə bilirik:

-Doktor, sizin klinikada ürəyimizi də müalicə etdirmək istəyirik...

-Mən özüm müalicə edirəm, həm qulağı, həm ürəyi, həm də sadaladığınız digər problemləri...

Şərq təbabəti və...


Koreyanın Kyung Nee Universitetinin Şərq Təbabəti Klinikası Azərbaycanda 9 ildir fəaliyyət göstərir. Klinikanın reklamlarına inansaq, Koreyanın adıçəkilən universitetindən gələn professor və bacarıqlı həkimlərdən ibarət 17 nəfər Şərq təbabəti ilə istənilən xəstəlikləri müalicə edir.

Klinikanın reklamında həkimlərin adları da qeyd olunub: Kim Yonq Sok, Li Yun-Ho, Hvanq Min-Vu, An Se-Yong, Yum-Yonq-Cim, Co Seunqhum, Kim Kyu Seok, Nam Donqvu, Çink Von Suk, Çoyu Qaya, An İk Keyum, Kim Si Younq...

Reklamdan əlavə, klinikanın rəsmi internet səhifəsində də Azərbaycanda çalışan 17 həkimin adı və şəkli yerləşdirilib.

Klinikaya xəstə kimi etdiyimiz müraciət zamanı bütün müayinə və müalicələrin koreyalı həkimlər tərəfindən aparıldığını söyləyirlər: "Klinikada iynəbatırma, bel bankası ilə nöqtələrə təsir və digər Şərq üsulları ilə müalicə aparılır. Koreyalı həkimin qəbulu 80 manatdır. Həkim sizin xəstəliyinizi müəyyənləşdirəndən sonra həftədə iki dəfədən az olmayaraq gələcəksiniz. Hər dəfə də əlavə ödənişlər olacaq".

Əlavə ödənişlər 50 manatdan 100 manatadəkdir. Həkimin yazdığı dərmanlar isə yalnız klinikanın öz aptekində satılır. Klinika bələdçisinin sözlərinə görə, dərmanlar sifarişlə, məxsusi olaraq klinika üçün gətirilir. Dərmanların xəstəyə mənfi təsir edəcəyi halda geri qaytarılması mümkün deyil. Bununla bağlı kassada xüsusi xəbərdarlıq da asılıb.

Bir sözlə, Koreya həkimlərinin Şərq təbabəti üsulu ilə müalicəsi 1700-2500 manata gəlir...

Klinika ilə tanışlığımız başa çatandan sonra Səhiyyə Nazirliyinin və digər nazirliklərin icazəsi ilə işləyən həkimlərin sayını soruşduq. Cavablardan belə məlum oldu ki, klinikada 17 koreyalı həkimin işlədiyini elə-belə, sadəcə reklam xətrinə söyləyiblər. Klinikada Koreya vətəndaşı olan cəmi 4 həkim işləyir.

Xatırladaq ki, Səhiyyə Nazirliyi Azərbaycanda işləmək üçün iki Koreya vətəndaşının rəsmi icazə aldığını bildirib.

"Bioloji təbabət"

Xaricdən əcnəbi mütəxəssis dəvət edən klinikalar arasında bioloji mualicə metodlarına əsaslanan "Bioloji təbabət" klinikasinın fəaliyyətinə nəzər salaq. Klinikanın reklamında deyilir ki, bioloji preparatlar xüsusi texnologiya üzrə Almaniyanın əczaçılıq zavodlarında hazırlanır və nəinki kəskin, həm də xroniki xəstəlikləri müalicə edir. Xəstəxana əsasən Almaniyadan mütəxəssis dəvət edir.

"Baku City Hospital" da əcnəbi həkimlərin dəvəti ilə məşhurdur.

Virtualaz.org saytının araşdırmalarına görə, klinika təkcə bu il 10 Türkiyə vətəndaşını dəvət edib. Təbii ki, gələn həkimlərin statistikası nazirliyin təqdim etdiyi hesabatda qeyd olunmayıb. Elanlara nəzər salaq:

"22.02.2014 .Türkiyənin məşhur "Florence Nightingale" xəstəxanasının obezite və metabolik (piylənmə üzrə mütəxəssis) cərrah, prof. Dr. Koray Tekin "Baku City Hospital"da";

"22.02.2014. Türkiyədən dəvət olunmuş məşhur lor cərrah Prof.Hakan Korkmaz "Baku City Hospital"da";

"22.02.2014. İtaliyanın Bari Universitetinden dəvət olunmuş oftalmoloqları prof. Dr.Djuzeppe Prinçiqalli və Dr.Dario Sisto "Baku City Hospital"da";

"16.01.2014. Məşhur lor cərrah, prof. Ali Özdek "Baku City Hospital"da";

"16.01.2014. Türkiyənin məşhur "Florence Nightingale" xəstəxanasının plastik və rekonstruktiv cərrahiyyə üzrə mütəxəssisi "Baku City Hospital"da";

"16.01.2014. Məşhur lor cərrah prof. Hakan Korkmaz "Baku City Hospital"da"

"11.01.2014. Türkiyənin məşhur "Florence Nightingale" xəstəxanasının obezite və metabolik (piylənmə üzrə) mütəxəssisi "Baku City Hospital"da";

"11.01.2014. Türkiyənin məşhur "Florence Nightingale" xəstəxanasının uroloqu və robotik cərrahiyyə üzrə mütəxəssisi "Baku City Hospital"da" və s.

Ötən il də 11 eyni tipli elanlar verilmişdi. Siyahı olduqca uzundur. Amma siyahıda adı çəkilən məşhur professor uzmanların əksəriyyəti haqqında internetdə heç bir məlumat yerləşdirilməyib.

"Medical Plaza" klinikası da tez-tez əcnəbi həkim dəvət edir. Məsələn, Türkiyənin "Florence Nightingale" xəstəxanasının uroloqu doç. Dr. Haluk Kulaksızoğlu, dietoloq Aylin Yılmaz bu il klinikada qəbul həyata keçiriblər. Cərrah-proktoloq Taner Bayramoğlu 2, Gülhanə Tibb Akademiyasının plastik-estetik cərrahı Murat Türegün 5, ginekoloq Ali Rüştü Ergür 2 gün klinikada xəstə qəbul edib və cərrahiyyə əməliyyatı aparıblar.

"LOR HOSPİTAL"ın reklamında isə deyilir ki, Türkiyə, Gürcüstan və Almaniyadan dəvət edilən həkimlərin qəbulu həyata keçirilir. Klinikanın təqdim etdiyi uzun siyahını yazmağa ehtiyac durmuruq.

Xaricdən mütəxəssis dəvət edilməsi: qanunlar nə deyir?!

Əcnəbi həkimlərin Azərbaycana dəvət edilməsi və ölkəmizdə işləməsi "Əhalinin sağlamlığının qorunması haqqında" qanunla, Nazirlər Kabinetinin qərarı, Səhiyyə Nazirliyinin əmr və qərarları, eləcə də "Reklam haqqında" qanunla tənzimlənir.

Hüquqşünas Nizami Hüseynov virtualaz.org saytına bildirib ki, Nazirlər Kabinetinin "Əcnəbilərin və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin özəl tibbi praktika ilə məşğul olması üçün şərtlərin təsdiq edilməsi haqqında" 07 noyabr, 2001-ci il tarixli, 176 saylı qərarı var.

Bundan əlavə, Nazirlər Kabinetinin 12 yanvar, 1999-cu il tarixli "Əhalinin sağlamlığının qorunması haqqında" qanununun tətbiq edilməsi ilə bağlı bəzi məsələlər haqqında" 5 saylı qərarı var. Həmin qərarlara əsasən, xarici ölkələrdə tibb təhsili almış və hazırlıq keçmiş əcnəbilər, Azərbaycanda daimi yaşayan vətəndaşlığı olmayan şəxslər və Azərbaycan Respublikasının vətəndaşları yalnız Səhiyyə Nazirliyinin şəhadətnaməsi ilə tibbi fəaliyyət göstərə bilərlər.

Səhiyyə Nazirliyinin isə 28 avqust, 2007-ci il tarixli, 80 saylı əmri ilə komissiya yaradılıb. Nazirlər Kabinetinin əmrinə əsasən, həmin komissiya araşdırma aparandan sonra şəhadətnamə təqdim etməlidir.

""Sağlamlıq haqqında" qanunda əcnəbi həkimlərin Azərbaycana dəvət edilməsinə icazə verilir. Lakin bu proses Əmək Məcəlləsinə uyğun olaraq həyata keçirilməlidir. Yəni Əmək Məcəlləsində nəzərdə tutulub ki, ölkəyə gələn əcnəbilər Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi, Səhiyyə Nazirliyi və Təhsil Nazirliyindən xüsusi razılıq alınmalıdır. Əcnəbi mütəxəssislərin reklamı isə "Reklam haqqında" qanunla tənzimlənir" - deyir hüquqşünas.

O ki qaldı nazirliyin icazəsi olmadan xaricdən mütəxəssis dəvət edən klinikalara qarşı tətbiq edilən cəzalara, N.Hüseynovun sözlərinə görə, onlar İnzibati Xətalar Məcəlləsinə əsasən cərimə ödəməlidir: "Səhiyyə Nazirliyinin icazəsiz həkim dəvət edən özəl klinikalara qarşı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq fiziki şəxslərə 2-3 min, hüquqi şəxslər üçün 20 min manatdan 30 min manatadək cərimələr tətbiq olunmalıdır".

Hüquqşünas qeyd etdi ki, Səhiyyə Nazirliyinin 13.12.2006-cı il tarixli əmri var. Həmin əmrdə lisenziyasız fəaliyyət göstərən klinikalara qarşı inzibati cəzalar müəyyənləşdirilib. Nazirin dediyi kimi, qanunsuz tibbi fəliyyət göstərən klinikalar üstəlik xaricdən əcnəbi mütəxəssis dəvət edirlərsə, o zaman məsuliyyət artır.

Azərbaycana dəvət edilmiş əcnəbi həkimlər Azərbaycan vətəndaşının sağlamlığına zərər vurduğu halda dəymiş zərər "Əhalinin sağlamlığının qorunması haqqında" qanunun 57-ci maddəsinə əsasən ödənilməlidir: "Vurulan ziyanın ödənilməsi tibb və əczaçılıq işçilərini qanunvericilikdə nəzərdə tutulmuş intizam, inzibati, yaxud cinayət məsuliyyətindən azad etmir".

Qanunvericilikdə nəzərdə tutulsa da...


Xaricdən mütəxəssis dəvət etmək istəyən klinikalar həmin həkimin diplomunu Təhsil Nazirliyinə təqdim etməlidir. Təhsil Nazirliyinin araşdırma və arayışından sonra isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, xüsusilə də Dövlət Miqrasiya Xidmətinə məlumat verilməlidir. Bundan sonra Səhiyyə Nazirliyinin komissiyası tərəfindən şəhadətnamə verilir.

"İndiyədək əcnəbi həkimlərə qarşı məhkəmə iddiası qaldırılmayıb. Səhiyyə Nazirliyi əcnəbi həkimlərdən şikayətlər olduğunu desə də, həkimləri məhkəməyə vermə və pasiyent hüquqlarının təminatı ənənəsi formalaşmayıb".

Bunu həkim Mətanət Quliyeva deyir.

Professor Adil Qeybulla da eyni fikirdədir. O, mətbuata açıqlamasında Azərbaycanda müalicə aparan xarici həkimə qarşı hansısa bir iddia qaldırmağın mümkünsüz olduğunu bildirib.

Mütəxəssislərin fikrincə, xaricdən dəvət edilən həkimlərin müalicə etdikləri xəstələrin sonrakı sağlamlığına cavabdehlik daşımırlar. Başqa sözlə, bir-iki günlük səfərləri ilə müalicə etdikləri xəstələrin sonrakı taleyi bu həkimlər üçün önəm daşımır: "Azərbaycana dəvət edilən əcnəbi həkimlərin hansı dərəcədə mütəxəssis olması, hansı dərəcədə tibbi savada malik olması cəmiyyət üçün qaranlıq qalır. Çünki belə "mütəxəssislər" ya internet vasitəsilə, ya da təsadüfi tanışlıqla dəvət edilirlər. Onların tibb sahəsində hansı nailiyyətlər əldə etməsi isə nəinki sadə vətəndaşlara, heç özəl klinikaların özünə də bəlli olmur".

Qeyd edək ki, son 10 ildə səhiyyəyə ayrılan büdcə vəsaiti 11 dəfədən çox artıb.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.