Azərbaycanın Kaliforniyadakı icma fəalları erməni təxribatı ilə mübarizə aparırlar - FOTO

25 Aprel 2014 12:27
ABŞ-ın Kaliforniya ştatında yaşayan azərbaycanlı icma fəalları Kaliforniya Ştat Assambleyasının üzvü Mayk Qatto (Mike Gatto) tərəfindən irəli sürülən qondarma "Dağlıq Qarabağ Respublikası"nın "müstəqilliyi"ni nəzərdə tutan AJR 32 saylı qətnamə layihəsini pisləyiblər.

Azərbaycanlı icma fəallarının Trend-ə verdiyi məlumata görə, Kaliforniya ştatının həm şimal, həm də cənub regionlarında yaşayan soydaşlarımızın iştirakı ilə "Azərbaycanın Müdafiə Günü" (Azerbaijani Advocacy Day) devizi altında Kaliforniya parlamentində keçirilən görüşlərdə hazırda Assambleyanın gündəliyində duran bu qətnamə layihəsinin qəbuledilməz olduğu vurğulanıb. Onlar bunun erməni lobbisi tərəfindən atılmış növbəti məkrli addım olduğunu diqqətə çatdırıblar. Soydaşlarımız Ermənistanın Azərbaycana qarşı yeritdiyi təcavüzkarlıq siyasəti, o cümlədən regionda baş verən siyasi-iqtisadi proseslər barədə qanunverici orqanın nümayəndələrinə məlumat verərək, sözügedən qətnamə layihəsinin Azərbaycan-ABŞ tərəfdaşlığının ruhuna zidd olduğunu bildiriblər. Azərbaycanın prinsipial xarici siyasət həyata keçirdiyi, etibarlı tərəfdaş kimi beynəlxalq aləmdə böyük nüfuz qazandığı, öz iqtisadi qüdrəti ilə yerləşdiyi regiona daha böyük töhfələr vermək potensialına malik olduğu vurğulanaraq, Ermənistanın işğalçı siyasətinin regionda sülh və sabitliyin inkişafına maneə törətdiyi qeyd olunub. Üstəlik, AJR 32 saylı qətnamə layihəsi kimi təşəbbüslərin Ermənistanın təcavüzkar niyyətlərinə cəsarət verdiyi, region xalqları arasında nifaqın güclənməsinə xidmət etdiyi bildirilib. Erməni lobbisinin ABŞ-da, xüsusilə də Kaliforniyada qərəzli, antiazərbaycan fəaliyyətinin davam etdirilməsinə imkan verilməsinin yolverilməz olduğu, bu səpkidə ştat qanunvericilərinin belə hallara qarşı daha diqqətli olmalarının vacib olduğu qeyd olunub. Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunmasına çalışan Minsk qrupunun tərkibində təmsil olunan və Azərbaycanın ərazi bütövlüyünü açıq şəkildə tanıyan ABŞ-da yerli səviyyədə belə bir qətnamə layihəsinin irəli sürülməsinin tamamilə məntiqsiz və anlaşılmaz olduğu vurğulanıb.

Görüşlər zamanı ştat qanunvericiləri və onların əməkdaşları ilə Azərbaycan-ABŞ münasibətləri, Ermənistan-Azərbaycan münaqişəsi və digər qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.

Öz növbəsində, kaliforniyalı qanunvericilər azərbaycanlı icma fəallarına verdikləri geniş məlumat üçün təşəkkür edərək, Azərbaycan-ABŞ münasibətlərinin böyük önəm daşıdığını, Azərbaycan tərəfindən həyata keçirilən genişmiqyaslı layihələrin regionun inkişafına və beynəlxalq əməkdaşlığa əvəzolunmaz töhfələr verdiyini bildiriblər.

Xatırladaq ki, sözügedən qətnamə layihəsinin müəllifi M.Qatto 2010-cu ildən Ştat Assmbleyasında ermənilərin sıx yaşadığı Los Anceles şəhərinin 43-cü dairəsini təmsil edir. Kaliforniya Dövlət Katibliyinin rəsmi məlumatına əsasən, 2009-cu ildən etibarən M.Qattonun seçki kampaniyalarına erməni icması tərəfindən on minlərlə dollar həcmində ianələr köçürülüb.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.