Amma görünür, Azərbaycan şou-biznesinin "ulduz" və "ulduzcuq"ları üçün Zəngilan, sadəcə, xəritədə bir məkan, təqvimdəki tarixdir ki, həmin gün imkan düşsə, telekanallardakı toyxana proqramlarından, mağar verilişlərindən birində sifətinə məhzun görkəm verib aparıcının "Zəngilanın işğal günüdür" xatırlatmasına boğaz arıtladıb kövrəlmək görüntüsü yaratmaq, sonra da "Arzum oranın azad olunmasıdır: Zəngilan azad olan kimi orada konsert vermək istəyirəm" deməkdir.
Mağar təfəkkürlü adamdan, yaşamını nə zaman başladığını özü də unudan videoklip kimi sürən kəsdən bundan artığını gözləyib unutqanlığa təəccüblənmək sadəlövhlükdür.
Bu gün müğənnilər və özlərini müğənni hesab edənlərin sosial şəbəkələrindəki profillərinə baxdıq.
Hər şey var - Zəngilanın adı yox.
Təəssüfləndik.
Bu insanlar gerçəkdənmi hər şeyi şou, daha çox məşhurlaşmaq vasitəsi sayır, yataq otaqlarının gizlinlərini açıb tökməyi populyarlıq vasitəsi, ayaqyolunda belə şəkil çəkdirib sosial şəbəkələrdə yaymağı "qlamur"luq sayırlar?!
Görünür, belədir.
Zəngilanın daşı ola bilməyənlərin ölkə vətəndaşı olacağına ümid edirik. Halonki o ümid Bakıdan uzaq görünən, amma şah damarımız qədər bizə yaxın Zəngilanda viran qalmış evlərdən birində közərən alov qədər zəifdir indi.
Orxan Hun
Milli.Az